Ana Sayfa > Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin getdikcə möhkəmlənməsində birbaşa cənab Prezident İlham Əliyevin şəxsi nüfuzu əsas amil kimi çıxış edir”
Novruzəli Aslanov: “Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin getdikcə möhkəmlənməsində birbaşa cənab Prezident İlham Əliyevin şəxsi nüfuzu əsas amil kimi çıxış edir”24-11-2022, 18:51. Yazar: sevinc1 |
“Cənab Prezident İlham Əliyev istər qatıldığı ən mötəbər beynəlxalq tədbirlərdə etdiyi çıxışlarında, istərsə də xarici ölkələrə etdiyi səfərlər zamanı mətbuata verdiyi bəyanatlarında müasir dünyada artıq beynəlxalq hüququn işləmədiyini dəfələrlə vurğulayıb. Bu gün biz artıq bir çox Avropa ölkələrinin də dövlət başçımızın fikirləri ilə tam razılaşdıqlarını görürük. Noyabr ayının 23-də Azərbaycan Prezidentinin Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra Serbiya Prezidentinin mətbuata verdiyi açıqlamasında səslənən fikirlər də bunu bir daha təsdiq edir. Prezident Aleksandar Vuçiç Azərbaycan Prezidenti cənab İlham Əliyevdən bir çox məsələləri öyrəndiklərini vurğulayaraq bildirdi ki, yalnız bir neçə ölkənin beynəlxalq hüquq normalarına riayət etməsindən başqa beynəlxalq hüquqdan çox az bir şey qalıb. Həmçinin Azərbaycanın dövlət başçısını Serbiyanın əsl dostu kimi təqdim edən cənab Vuçiç ölkələrimizin bir-birini beynəlxalq arenada, beynəlxalq təsisat və təşkilatlarda BMT Nizamnaməsinə və beynəlxalq ictimai normalara əməl edərək dəstəklədiklərini qeyd etdi. Əlbəttə ki, bu etiraflar Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən Avropada mövqelərinin getdikcə daha da möhkəmlənməsindən və bu tendensiyanın formalaşmasında birbaşa cənab Prezident İlham Əliyevin şəxsi nüfuzunun əsas amil kimi çıxış etdiyindən xəbər verir.” Bu fikirləri aia.az.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib. Həmçinin deputat qeyd edib ki, Serbiya ilə strateji tərəfdaşlığa dair sənədin imzalanması bu ölkənin Avropada Azərbaycanın ən yaxın dostlarından biri olduğunu təsdiqləyir: “Serbiya mətbuatına bəyanatla etdiyi çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev də iki ölkənin dövlət başçıları arasında dostluq münasibətlərinin olduğunu və məhz bu münasibətlərin Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında önəmli rol oynadığını vurğuladı. Həmçinin dövlətimizin başçısı ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq haqqında sənədlərin xüsusi əhəmiyyət kəsb etdiyini və Azərbaycanla Serbiyanın sözün əsl mənasında strateji tərəfdaş ölkələr olduqlarını diqqət mərkəzinə çəkdi. Qeyd olundu ki, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir və bu əməkdaşlığın strateji hədəfləri var. Əlbəttə ki, ölkələrimiz arasında münasibətlərdə əsas məqamlardan biri də Serbiya və Azərbaycanın hər zaman bir-birilərinin suverenliyini, ərazi bütövlüyünü qarşılıqlı surətdə və birmənalı olaraq dəstəkləmələri ilə bağlıdır. Eyni zamanda da hərbi-texniki sahədə Azərbaycan-Serbiya əməkdaşlığının daha da dərinləşməsi iki ölkənin strateji tərəfdaşlıq əlaqələrini də genişləndirəcək və möhkəmləndirəcək.” Daha sonra N.Aslanov Prezident İlham Əliyevin öz çıxışında toxunduğu məqamların əslində bütün beynəlxalq ictimaiyyəti narahat etdiyini vurğulayaraq bunları deyib: “Dövlət başçımız öz çıxışında bu gün aşkar şəkildə müşahidə olunan beynəlxalq hüququn qeyri-işləkliyi probleminə toxunmaqla, əslində bütün mütərəqqi beynəlxalq ictimaiyyəti narahat edən məsələyə bir daha diqqət çəkmiş oldu. Əlbəttə ki, məhz Azərbaycanın bu barədə danışmağa daha çox haqqı var. Çünki bizim torpaqlarımız 30 ilə yaxın müddət ərzində işğal altında olub. Bu müddət ərzində dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etsələr də, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb edən 4 qətnamə, BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, yəni, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən çoxsaylı qərar və qətnamələr qəbul olunsa da məsələ öz həllini tapmırdı. Bu onu göstərir ki, beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün və hətta bir neçə saat ərzində icra edilir. Azərbaycan isə 27 il bu qərarların icrasını gözlədi və sonda özü onların icrasını təmin etməli oldu. Buna görə də dünya ictimaiyyəti beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini verməlidir və həmin təşkilatların səlahiyyətləri və vəzifələri ən yüksək səviyyədə müzakirə olunmalıdır”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |