Ana Sayfa > Gündəm > Kəlbəcərin doğma sahiblərinə qayıtması

Kəlbəcərin doğma sahiblərinə qayıtması


24-11-2022, 11:51. Yazar: sevinc1
Kəlbəcərin doğma sahiblərinə qayıtması

Kəlbəcər, Laçın və Zəngilan rayonlarında kənd təsərrüfatı üçün münbit iqlim və təbii şərait var. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti, qalib ordumuzun qüdrəti və qəhrəman vətənoğullarının rəşadəti hesabına 30 il erməni vandallarının tapdağında qalan doğma torpaqlarımız işğaldan azad olunmuşdur.
Düşmən tör-töküntülərindən təmizlənmiş ərazilərimizdə kənd təsərrüfatının bərpası və inkişafı hazırda qarşımızda duran əsas vəzifələrdən biridir. Ərazisinə görə Respublikamızın ən böyük rayonu olan Kəlbəcərdə heyvandarlıq üçün mühüm əlverişli şərait var. Respublikamızın dilbər guşələrindən biri olan Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. Kəlbəcər yaylaqları hələ sovetlər dövründə heyvan sürülərinin əsas köç yeri olmuşdur. Baxmayaraq ki, erməni vandalları həmin əraziləri tərk edən zaman bütün qurğu və tikililəri yandıraraq yerlə yeksan etmişlər, mətin və əzmkar vətəndaşlarımız tətəfindən hazırda heyvandarlıq və arıçılq üçün Kəlbəcər rayonunun yaylaqlarına köçlər başlanıb və onlarla qoyunçuluq və arıçılıq təsərrüfatları məskunlaşmışdır.
Azad olunan torpaqların hər birinin özünəməxsus füsunkar təbiəti var. Qarabağın cənubunda İranla həmsərhəd yerləşən Zəngilan rayonu isə, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan təbiəti xüsusi olaraq fərqlənir. Rayonun ərazisindən hazırda Araz, Həkəri, Bəsitçay və Oxçuçay kimi böyük, saf sulu çaylar keçir. Su baxımından bol olan bu rayon əkinçilik üçün perspektivlidir. Rayonda müxtəlif meyvələr, tərəvəzlər və əsasən də tütün və üzüm yetişdirilməsi üçün münbit şərait vardır. Bununla yanaşı Zəngilan rayonu həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvandarlığın inkişaf etdirilməsi üçün ixtisaslaşmışdır. Zəngilan rayonu ölkəmizin kənd təsərrüfatında əhəmiyyətli rolu olduqca böyükdür.
Respublikanın cənub-qərbində, Kiçik Qafqaz dağlarının şərqində Ermənistan ilə sərhəddə yerləşən Laçın rayonu isə dağlar və dağlıq yaylalardan ibarətdir. Rayonun əsas meşə fondunun əhəmiyyətli hissəsi işğal dövründə Ermənistan tərəfindən məhv edilsədə, hal hazırda abadlıq quruculuq işləri aparılır və əvvəlki füsunkar vəziyyətinə qayıtması üçün lazımi addımlar atılır. Əsasən kənd yerlərində məskunlaşmış rayon əhalisinin məşğuliyyəti kənd təsərrüfatı olmuşdur. Əsas məşğuliyyət isə taxılçılıq və meyvəçilik kimi sahələr idi. Laçın rayonunda Alagöllər, İşıqlı və Qaragöl kimi göllər yerləşir ki, bu da kənd təsərrüfatının inkişafı üçün əsas amillərdən biridir. Alxaslı, Şəlvə və Minkənd çayları birləşərək Zəngilandan axan Həkəri çayını yaradır və buda böyük Araz çayına birləşir. Ümumiyyətlə on bir iqlim qurşağından doqquzunun Azərbaycanda olması ölkəmizin zəngin təbiətinin olmasını şərtləndirir.
30 ilə yaxın işğal altında qalan Kəlbəcər bu gün də Azərbaycanın ən dilbər guşələrindən biridir. Buradakı yeraltı və yerüstü sərvətlərimiz illərlə erməni vandalları tərəfindən istismar olunaraq talanıb. 44 günlük müharibə nəticəsində Azərbaycan öz sərvətlərini də düşmən əsarətindən azad edərək, onları əsl sahiblərinə qaytarıb. Artıq işğal, müharibə dövrü geridə qalır. İndi bütün diqqətlər doğma Qarabağımızın yenidən qurulması işlərinə yönəlib.
Böyük Qayıdış ərəfəsində Kəlbəcərin “İstisu” sanatoriyasının tikintisinə başlanılıb. Ötən gün Prezident İlham Əliyev Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib.
Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq.
Kəlbəcərin İstisuyu nəinki ölkəmizdə, hətta regionda dillər əzbəridir. Bu suyun faydaları saymaqla bitməz. Hətta sovetlər dövründə istisuyun istismarına xüsusi diqqət yetirilib. 1970-ci ildə SSRİ hökumətinin qərarı ilə İstisu kurortu ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilib. Burada hər il 50 min nəfər müalicə olunub və istirahət edib.
1980-ci illərdə sanatoriyanın tərkibində sudoldurma zavodu tikilib. Burada Yuxarı İstisu, Aşagı İstisu, Qoturlu və Tutğun mineral su yataqlarından gündə 800 min litrdən artıq mineral su istehsal edilirdi. 1993-cü ildə Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra sanatoriya tamamilə dağıdılıb. Düz 29 ildən sonra İstisu sanatoriyasının yenidən qurumasına start verilib.
Hazırda Kəlbəcərdə quruculuq işləri sürətlə həyata keçirilir. Orada böyük tunellər çəkilir. Yol infrastrukturu bərpa olunur. Sanatoriya və digər müəssisələr tikilir ki, bu da Kəlbəcərin dirçəlməsinə səbəb olacaq. Quruculuq işlərinin belə möhtəşəm formada həyata keçirilməsi turizm sektorunun canlanmasına gətirib çıxaracaq. Kəlbəcərin həm də təbii gözəlliyini nəzərə alsaq, buna heç bir şübhə yoxdur. İşlər tam başa çatandan sonra Kəlbəcər turizm mərkəzi kimi dünyada tanınacaq.
İndi yeni hərbi hissələr tikilir. Bundan əvvəl də hərbi hissələr olub. Çünki Laçın və Kəlbəcər rayonları əsas hərbi strateji bölgələrimizdir. Məhz buna görə mənfur düşmənlərimiz bu əraziləri əldən vermək istəmirdi. Ancaq müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz tarixi torpaqlarımızı işğaldan azad etdi. Bundan sonra əsas vəzifəmiz torpaqlarımızı qorumaqdır. Mənfur düşmənə bir daha icazə vermərik ki, torpaqlarımıza ayaq qoysunlar.
Kəlbəcərin boşaldılması Ermənistanın kapitulyasiya aktına imza atması ilə gerçəkləşdi. Bu, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanatda əksini tapmışdır. Sənədin 2-ci bəndinə görə Ağdam, 6-cı bəndinə görə, Kəlbəcər və Laçın bir güllə də atılmadan öz sahiblərinə geri qaytarılmalı idi.
Təbii ki, bunu şərtləndirən səbəblər vardı. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun üstünlüyü, Ermənistanın məğlubiyyəti və Azərbaycan Prezidentinin yürütdüyü siyasət …. Beləliklə noyabrın 25-də Azərbaycan ən böyük inzibati ərazi vahidi olan Kəlbəcəri işğalçılardan təmizləməklə düz 27 il kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi tələblərini özü yerinə yetirdi. Bununla da Kəlbəcərin işğal tarixinə son qoyuldu.
Aprelin 2-də 10 saat vaxt ərzində öz doğma yurd-yuvasını tərk edən Kəlbəcərlilər indi bir güllə də atılmadan o toraqlarına - yenidən qurulan ərazilərə geri qayıtmağa hazırlaşırlar və artıq köçmə işləri gedir.

Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Geri dön