Ana Sayfa > Ölkə / Özəl > İRAN ÖZÜNÜ ANTİ-MÜSƏLMAN DÖVLƏTİ KİMİ APARIR!

İRAN ÖZÜNÜ ANTİ-MÜSƏLMAN DÖVLƏTİ KİMİ APARIR!


23-11-2022, 10:26. Yazar: sevinc1
İRAN ÖZÜNÜ ANTİ-MÜSƏLMAN DÖVLƏTİ KİMİ APARIR!

Azərbaycan həmişə İranla münasibətlərin qorunmasında maraqlı olub və əlaqələrin inkişafı üçün davamlı səylər göstərib. Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti Cəbrayıla səfəri zamanı əlini Xudafərin körpüsünə uzadaraq bu körpünün dostluq və qardaşlıq körpüsü olduğunu dedi. Amma həm Birinci, həm də İkinci Qarabağ müharibəsi vaxtında İran Azərbaycana qarşı ikiüzlü siyasət nümayiş etdirib. Tehran müharibədən əvvəl İrəvanı silahlandırmaqla yanaşı, sonrakı dövrdə Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı müxtəlif bəyanatlar səsləndirib. İranın ikiüzlü siyasətini, əlbəttə, qəbul etmirik. İran bu cür yanaşmalara son qoymalıdır. Azərbaycanın qələbəsi bir sıra dövlətləri, o cümlədən İranı niyə ciddi narahat edir bilmirik. İran bizi özünə din qardaşı hesab edir, müsəlmanların yanında olduğunu bildirir. Lakin İran bunu söyləsə də, əməldə Ermənistanı dəstəkləyir. Bu, İslam prinsiplərinə ziddir, qəbul edilən deyil. Azərbaycan bu məsələdə dəfələrlə mövqeyini bildirib. Azərbaycanlılar uzun müddət İranın idarə olunmasında, dövlətçiliyin güclənməsində fəal iştirak ediblər. Amma bu gün İran bizim bu səylərimizi gözardı edir, azərbaycanlıları sıxışdırır, hüquqlarını məhdulaşdırır. Əlbəttə, bu, başadüşülən deyil. Halbuki orada yaşayan ermənilər üçün hər cür şərait yaradılıb. Məktəbləri, kilsələri, ictimai təşkilatları sərbəst fəaliyyət göstərir. İkinci bir tərəfdən, İran oradakı azərbaycanlıların öz doğma dilində təhsil almasına mane olur. Fəqət, dediyim kimi, oradakı ermənilər münasibət belə deyil. Orada yaşayan azərbaycanlıların hüquqlarının pozulması beynəlxalq hüquqa da ziddir. Bu münasibət bizi ciddi narahat edir. İran bu siyasətə son qoymalıdır.
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Ermənistanı dəstəkləyən bir sıra dövlətlərin təxribatçı iddiaları ilə üzə-üzə qalıb. Bir çoxları üçün gözlənilməz olsa da, bölgədə Ermənistanın yanında olan, işğal siyasətini dəstəkləyən ölkə də var. Təəssüf ki, bu, cənub qonşumuz İrandır. İranın Ermənistanla dostluğu, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, Ermənistanın Təbrizdə konsulluq açmağa hazırlaşması xəbərləri bu ölkənin Azərbaycana qarşı məkirli mövqeyindən irəli gəlir. Maraqlıdır, özünü islam dövləti kimi təqdim edən bir ölkənin müsəlman dünyasına düşmən kəsilən Ermənistanla dostluq etməsinin səbəbi nədir? İran və Ermənistanın isti münasibətləri bölgəyə nə vəd edir? İran qonşuluğunda müstəqil, güclü və qüdrətli Azərbaycanın olmasını istəmir. Ona görə də İran ölkəmiz ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana qarşı məkirli siyasət yürüdür. 30 il erməni işğalına, Azərbaycan ərazilərində İslam dəyərlərinin dağıdılmasına, məhv edilməsinə, təhqirə məruz qalmasına biganə yanaşan İran Ermənistanı himayə edir. 44 günlük Vətən müharibəsi dövründə də İran Ermənistanın döyüş meydanında biabırçı məğlubiyyətinə görə narahat idi. Çünki İran 30 illik işğal dönəmində bu ərazilərdən silah qaçaqmalçılığı, narko-tranzit kimi istifadə edib. Tehran rejimi anlayır ki, tezliklə bu sahədə işləri daha da çətinləşəcək. Belə ki, Azərbaycanın əsas hissəsini Naxçıvan və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması nəzərdə tutulur. Bu dəhlizin yaradılmasına maneə törətməyə çalışan ölkələrdən biri məhz İrandır.
İran tərəfi ehtimal edir ki, dəhlizin işə düşməsi bu ölkədən Ermənistana istiqamətlənmiş narkotrafik marşrutunu tam qapadacaq. Məlumdur ki, narkotrafik məsələləri İslam İnqilabı Keşikçiləri Korpusunun birbaşa nəzarətində olub və buradan əldə olunan vəsait bu qurumun tələbatlarının ödənilməsinə, o cümlədən xaricdəki terrorçu təşkilatlar və qrupların maliyyələşdirilməsinə yönəlib. Bu gün İranın Ermənistanla “qardaşlığı”, “dostluğu” sadəcə olaraq ikrah doğurur. Çünki İran terrorçunu, işğalçını, islam dəyərlərini, məscidlərini dağıdan təhqir edən bir ölkəni açıq şəkildə dəstəkləməklə özünün əsl mahiyyətini nümayiş etdirir. İran həqiqətən islam respublikası, müsəlman dövləti olsaydı 30 il Allahın evində heyvan saxlayan bir işğalçı xiristian dövlətinə açıq-aşkar və sərt olaraq etirazlar bildirərdi. Məhz bu 30 ildədə bircə dəfə də olsun mən heç bir mətbuatda, televiziyada İranın Ermənistana qarşı etirazını görmədim. Ona görə də tam məsuliyyətimlə deyirəm ki, İran özünü anti-müsəlman dövləti kimi aparır! Bütün təzyiqlərə baxmayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Müasir, qüdrətli və zəngin Azərbaycan naminə” apardığı hərtərəfli və davamlı inkişafın ətrafında xalqımız sıx olaraq birləşib.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev
aia.az

Geri dön