Ana Sayfa > Gündəm / Özəl > Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi


23-11-2022, 09:06. Yazar: sevinc1
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi

YAP-Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Heydər Əliyevə müraciət edərək onu siyasi mübarizədə lider olaraq gördüklərini və onun ətrafında birləşdiklərini elan etmişdir. 24 oktyabr 1992-ci il tarixində Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə cavab vermiş və təklifi qəbul etmişdir.21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdir.

Yarandığı gündən xalqın dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının VII qurultayı Azərbaycanın ərazi bütövlüyünün bərpası baxımından tarixi bir mərhələdə keçirildi.1992-ci ilin noyabrından bəri partiyanın fəaliyyəti Azərbaycanın milli maraqlarına əsaslanıb. Bu maraqlar həmişə Azərbaycanın bu gününü, sabahlarını əhatələyib, bundan sonra da belə olacaq. Bu partiya mahiyyəti etibarilə azərbaycançılıq partiyasıdır.
Müxalifət partiyası kimi yaranan YAP 1993-cü ildə partiyanın sədri Heydər Əliyevin prezident seçilməsi, 1995-ci ildə keçirilən parlament seçkilərində qalib gəlməklə Azərbaycanda iqtidar partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının sədri 1992–2003-cü illərdə Heydər Əliyev olub. 2005-ci ildən isə YAP-ın sədri İlham Əliyevdir.Yeni Azərbaycan Partiyasının namizədləri 1993, 1998, 2003, 2008, 2013 və 2018-ci illərdə baş tutan Prezident seçkilərində qalib gəlib. 1993 və 1998-ci illərdə Heydər Əliyev, 2003, 2008, 2013 və 2018-ci illərdə isə İlham Əliyev Azərbaycan Prezidenti seçilib.
1995, 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub.

Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz Ulu Öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. Ötən il 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.
Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Mədinə Xubaliyeva,
Bakı Slavyan Universiteti
aia.az

Geri dön