Ana Sayfa > Özəl > 30 il şərəfli yol keçən qələbələr partiyası - Yeni Azərbaycan Partiyası

30 il şərəfli yol keçən qələbələr partiyası - Yeni Azərbaycan Partiyası


22-11-2022, 12:24. Yazar: sevinc1
30 il şərəfli yol keçən qələbələr partiyası  - Yeni Azərbaycan Partiyası

Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətlər Ulu Öndərin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Partiya daim təkmilləşməyə və yeniliklərə açıq bir siyasi təşkilatdır. 
1992-ci il oktyabrın 16-da Azərbaycanın tanınmış 91 ziyalısı “Səs” qəzeti vasitəsilə ulu öndər Heydər Əliyevə “Azərbaycan Sizi gözləyir” adlı müraciət etmişdir. Müraciətdə dahi şəxsiyyətdən Azərbaycanı fəlakətdən qurtaracaq yeni bir siyasi təşkilatın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq vermək xahiş olunmuşdur. Ümummilli Lider Heydər Əliyev  ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmiş və ona rəhbərlik etməyə razılıq vermişdir. Ulu Öndərimizin bu cavabından sonra noyabrın 21-də Naxçıvan Dövlət Dram Teatrının binasında ölkəmizin müxtəlif bölgələrindən gələn 550-dən artıq ziyalının iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda əslində siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün sivil mübarizələri sivil qaydalarla aparırıq və bütün sivil məsələlərdə daim qələbə qazanırıq.” 
1993-cü ilin oktyabr ayının 3-də Yeni Azərbaycan Partiyasının sədri Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. 
Partiyanın 2001-ci ilin noyabr ayının 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə cənab İlham Əliyev seçilmişdir. 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti, 2005-ci ilin martında partiyanın III Qurultayında isə YAP Sədri seçilən İlham Əliyev ona bəslənilən bütün ümidləri ən mükəmməl şəkildə doğrultdu. 
2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü səfərbər edərək milli qürur və ləyaqətin bərpasına, işğal faktının, tarixi ədalətsizliyin aradan qaldırılmasına və separatizmin məhv edilməsinə nail oldu. Ümummilli lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın milli gücünün artmasını, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin edib. 
5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi də islahatlar strategiyasının tərkib hissəsi kimi böyük ictimai-siyasi əhəmiyyətə malikdir. VII qurultay istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Partiyada birinci müavin vəzifəsinin  təsis olunması və dövlət başçısı, partiya Sədri İlham Əliyev tərəfindən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini təyin edilməsi  idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edir. YAP-ın gələcək fəaliyyətinin prioritetlərini açıqlayan yeni qərarların qarşıya qoyduğu vəzifələr, eyni zamanda partiyanın yeni proqramının təsdiqlənməsini zəruri bir tələbə çevirdi. 
Ən mühüm məqamlardan biri də bir sıra siyasi partiyalar VII Qurultayda Yeni Azərbaycan partiyasına qoşulmaq qərarına gəldilər. Bu hal isə təbii ki, siyasi dialoqun və milli həmrəyliyin təzahürü idi. 
Bu gün 30 il şərəfli yol keçən qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 773 770 insanı birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır.
Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü. Onun düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu, bu partiyanın arzularındakı siyasi təsisat olduğunu fərq etdi. 
Cəmiyyətimizin ən ləyaqətli və şərəfli nümayəndələri sayılan partiyamızın üzvlərini, bütün Azərbaycan xalqını Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibəti ilə təbrik edirik! 

Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı
aia.az

Geri dön