Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi”.

Aqiyə Naxçıvanlı: “Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi”.


22-11-2022, 09:59. Yazar: sevinc1
Aqiyə Naxçıvanlı: “Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi”.

“Bu gün bütün Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü böyük coşqu ilə qeyd edir. Bu münasibətlə noyabrın 21-də Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə çıxış edən Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin dediyi kimi, partiyamızın yaranması tarixi hadisə idi. Məlum olduğu kimi, 1990-cı illərin əvvəllərində öz müstəqilliyini yeni bərpa etmiş gənc Azərbaycan Respublikası çətin və mürəkkəb günlərini yaşayırdı. Ölkəmizin üzləşdiyi hərbi məğlubiyyət eyni zamanda, daxili böhranla tamamlanırdı. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə Azərbaycanın müstəqil yaşamasını sual altına qoymuşdu. Məhz o zaman dövlət müstəqilliyin qorunub saxlanması üçün qətiyyətli və iradəli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti yaranmışdı. Bu mənada, YAP-ın yaranması tarixi zərurət kimi qeyd olunmalıdır. Beləliklə, 1992-ci ildə xaos, anarxiya vəziyyətində olan bir ölkəyə xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin ölkə rəhbərliyə gətirilməsi əsas şərt idi. Azərbaycan xalqı bu məsələdə Ulu Öndər Heydər Əliyev fenomeninin üzərində dayandı. Çünki xalq nicat yolunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Elə həmin vaxtlar öz xalqını, dövlətini düşünən 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət bütövlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Deputat bildirib ki, həmin vaxt Ulu Öndər ziyalıların müraciətini qəbul etsə də, Ümummilli Liderimizin Bakıya gəlişinə müəyyən qüvvələr tərəfindən maneələr törədilməsi səbəbilə partiyanın yaradılmasını istəyən insanların bir hissəsi Naxçıvana gedərək, YAP-ın təsis konfransını orada keçirməyə nail oldular: “Öz çıxışında cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, əgər biz həmin illərdə təkcə senzuranın ölkədə tətbiq edilməsini yada salsaq, aydın görərik ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də bununla izah olunurdu. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Lakin xalqın öz xilaskar oğlu Heydər Əliyevə olan sonsuz inanmını heç bir qüvvə sarsıda bilmədi. Naxçıvanda keçirilən YAP-ın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Qısa zaman kəsiyində YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bu gün də bütün lazımi səyləri göstərirlər. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə - iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldildi. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. Xalqın tələbi ilə hakimiyyətə gələn Ulu Öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.”

Həmçinin Aqiyə Naxçıvanlı xüsusi olaraq belə bir məqamı da vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevə cəmiyyətdə inamın çox yüksək səviyyədə olması Ulu Öndərin hələ sovetlər dönəmində respublikaya rəhbərlik etdiyi dövrdən qaynaqlanırdı: “Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərini iki tarixi dövrə ayırmaq olar. Hələ 1969-1982-ci illərdə Azərbaycan SSR-in rəhbərliyində olduğu zaman Ümummilli Lider hər zaman milli maraqları üstün tutmuş və Azərbaycanı sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir. Məhz həmin illərdə Azərbaycanda neçə-neçə zavod və fabriklər fəaliyyətə başladı. Xüsusilə müasir, yüksək texnoloji istehsal proseslərinin tətbiq olunduğu müəssisələrin sayı artmağa başladı. Sənayenin inkişafı ilə həm də respublikanın ittifaq miqyasında tanınmasına, milli mədəniyyətin daha şəbəkəli səviyyədə təbliğinə şərait yarandı. Bakının ittifaq miqyasında ən iri şəhərlərdən birinə çevrilməsi də həmin illərə təsadüf edir. Bakıda metro tikintisi başa çatdı, yeni ali təhsil ocaqları fəaliyyətə başladı. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasına əsaslanan siyasi kursu isə Azərbaycanın sonrakı illərdə müstəqil respublika kimi inkişafında önəmli rol oynadı. Sovetlər dönəmində Ulu Öndərin respublikamıza rəhbərliyi ilə bağlı ən önəmli məqamlardan biri də budur ki, nə 1969-1982-ci illərdə, nə də 1982-1987-ci illərdə, Ümummilli Liderimizin Moskvada Siyasi Büronun üzvü kimi çalışdığı dövrdə bir dəfə də olsun Qarabağda separatist qüvvələr baş qaldıra bilmədilər. Halbuki, belə meyillər o zaman da var idi. Ulu Öndər hətta bütün vəzifələrindən istefa verəndən sonra da xalqımız üçün ən faciəvi günlərdə xalqla birlikdə olmuşdu. Belə ki, 20 Yanvar faciəsinin ertəsi günü Ümummilli Liderimiz Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hökumətini, Kommunist Partiyasını – uzun illər xidmət etdiyi partiyanı ittiham etmişdir, bu dəhşətli cinayəti qınamışdır. Möhtərəm Prezidentimizin öz çıxışında qeyd etdiyi kimi, bütün bunlar və eyni zamanda, Ulu Öndərin Naxçıvanda çalışdığı dövrdə müstəqilliyə doğru atılan addımlar, o cümlədən Azərbaycan Demokratik Respublikasının Dövlət bayrağının Naxçıvanda rəsmi bayraq kimi təsis edilməsi və digər addımlar, həmçinin Naxçıvanın erməni işğalından qorunması xalqın öz liderinə inamını daha da artırırdı və bütün bu amillər nəticədə xalqımızın müdrikliyinə əsaslanaraq gələcəkdə Azərbaycanı böyük bəlalardan qurtara bilmişdir. YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Beləliklə, tariximizin o qara səhifəsi bağlandı.”

Sonda A.Naxçıvanlı Heydər Əliyev siyasi kursunun bu gün də ölkəmizdə uğurla davam etdirildiyini vurğulayaraq bunları deyib: “Ulu Öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası və siyasi kursu bu gün ölkəmizdə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan artıq neçə müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövlətidir və bu gün Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından önəmli rol oynayır. Ölkəmiz Avrasiya məkanında həyata keçirilən irimiqyaslı beynəlxalq enerji və logistik layihələrin vacib və zəruri iştirakçısıdır. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb transmilli nəqliyyat dəhlizlərinin mühüm tranzit məntəqəsidir. Ən əsası da bu gün Azərbaycan artıq özünü dünyaya öz torpaqlarını işğaldan azad etmiş qalib ölkə olaraq tanıdıb. Bütün bunlar bir daha göstərir ki, ölkəmizin hərtərəfli inkişafı üçün Ümummilli Liderimizin hazırladığı və dövlətimizin başçısı tərəfindən hazırda inamla inkişaf etdirilən strateji istiqamətlər bu gün də müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi işinə xidmət edir və bu, uzun illər bundan sonra da davam edəcək”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

aia.az
Geri dön