Ana Sayfa > Özəl / Parlament > Gəncə – gənc ruhlu tarixi şəhər
Gəncə – gənc ruhlu tarixi şəhər21-11-2022, 14:45. Yazar: sevinc1 |
Qədim Gəncə Azərbaycan tarixinin şərəf bölümündə özünəməxsus yeri ilə seçilən şəhərlərdəndir. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı da məhz bu şəhər olub. Şəhər həm də Birinci Qarabağ müharibəsində ordumuzun əsas toplanış yeri, yaralı əsgərlərimizin ilk şəfa tapdığı məkan kimi yaddaşlarda qalıb. Ötən əsrin 90-cı illərində baş verən hadisələr zamanı xalqın tələbi ilə hakimiyyətə ikinci dəfə gəlişindən sonra Ulu öndər Heydər Əliyevin səfər edərək qardaş qırğınına son qoyulan şəhər də Gəncədir. Bir sözlə, Gəncə xalqımızın və dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan qədim və müasir şəhərdir. 2018-ci ilin iyulunda Gəncədə yaşanmış məlum xoşagəlməz olay yəqin çoxlarının xatirindədir. Məhz Gəncə və gəncəlilər üçün çox ziddiyyətli olan həmin məqamda ölkə başçısı 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Niyazi Bayramovu Gəncə şəhər İcra Hakimiyyətinə başçı təyin etdi. Bu təyinatdan ötən 4 ildən artıq bir müddətdə Gəncə simasını xeyli dəyişib. Dövlət başçısının yüksək etimadı, N.Bayramovun isə öz növbəsində əsl dövlət adamı olaraq insanlara etibarı gəncəlilərin ürəyinə su səpmiş oldu. N.Bayramov qısa zaman kəsiyində Gəncə sakinlərinin etimad və etibarını qazanmağı bacara bildi. Əsl xalq adamı olan Niyazi müəllim Gəncənin bugünki inkişafını yalnız Prezident cənab İlham Əliyevin qədim Nizami yurduna göstərdiyi hədsiz diqqət və qayğı ilə əlaqələndirir və gəncəlilər də bunu təsdiqləyirlər. Bu gün şəhərin bütün sahələrində – sənaye, tikinti, təhsil, səhiyyə, mədəniyyət, idman həyatında dinamik bir inkişaf var. Gəncə şəhərinin kompleks inkişaf planı uğurla icra edilir. Şəhərin əsas infrastruktur layihələrinin bir çoxu öz həllini tapıb. Elektrik enerjisi ilə təchizatda demək olar ki, heç bir problem yoxdur. 10 yarımstansiya yenidən tikilib və yaxud əsaslı təmir edilib. Enerji istehsalı gücü 220 meqavat olan bu yarımstansiyalar tələbatı tam ödəyir. Əhalinin içməli suya olan tələbatının ödənilməsi, qaz təchizatının yaxşılaşdırılması, müasir küçə işıqlandırılması sisteminin qurulması, çoxmənzilli yaşayış binalarının fasadlarının və dam örtüklərinin yenilənməsi, lift təchizatının yaxşılaşdırılması, yolların təmiri, mədəniyyət, səhiyyə və təhsil ocaqlarının müasir tələblər səviyyəsində yenidən qurulması istiqamətində tədbirlər davam etdirilir. Bu işlər təkcə şəhər mərkəzini deyil, ətraf küçə və yaşayış massivlərini də əhatə edir. Bu gün Gəncədə gerçəkləşdirilən nəhəng layihələrdən biri “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsidir. Şəhərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını hədəfləyən layihə çərçivəsində su təchizatı üzrə işlərin 43, kanalizasiya sisteminin üzrə işlərin isə 40 %-dən çoxu başa çatıb. Küçələrin, qəsəbə və məhəllədaxili yolların asfaltlanması da layihəyə paralel şəkildə aparılır. Son 4 ildə su-kanalizasiya sistemlərinin yenilənməsi işləri tam başa çatan 100-ə yaxın küçədə abadlıq işləri görülmüş, 20-dən artıq küçədə təmir işləri aparılmış, 50-yə yaxın küçənin asfalt örtüyü yenilənmişdir. Gəncədə sovet dövründə belə asfalt üzü görməyən ara küçələr asfaltlanır. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gəncə şəhərində su-kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsinə maliyyə dəstəyi göstərəcək. “Alians” MMC tərəfindən şəhərdə qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlərin yerləşdirilməsi məqsədilə 249 mənzilli yeni yaşayış binalarının tikintisi davam etdirilir. Yaşayış binaları Nizami Gəncəvi prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsinin şimal-qərbində inşa edilir. Gəncədə icra olunan irimiqyaslı layihələrdən biri də müasir küçə işıqlandırılması sistemlərinin qurulmasıdır. Ölkə başçısı İlham Əliyevin göstərişi ilə 7 şəhər və rayonunun, o cümlədən Gəncənin küçə işıqlandırılması sistemi yenidən qurulur. Layihə çərçivəsində ümumi uzunluğu 245 kilometr olan kabel xəttinin çəkilməsi, 8155 ədəd işıq dirəyinin quraşdırılması nəzərdə tutulur. İşlərin böyük bir hissəsi başa çatdırılıb. 400-ə yaxın küçədə 7650 işıq dirəyi quraşdırılaraq istifadəyə verilib və işlər davam etdirilir. Bir neçə mərhələdə icra olunan layihənin yekununda Gəncə şəhərinin bütün küçə və prospektlərində müasir küçə işıqlandırılması sistemi qurulacaqdır. Gəncə şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2022-ci ilin ilk 9 ayı üzrə Gəncə şəhərində bütün maliyyə mənbələrindən əsas kapitala 78,3 milyon manat məbləğində vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 54,0 faizi dövlət, 46,0 %-i isə qeyri-dövlət mülkiyyətinə məxsus olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 72,9 milyon manatı və ya 92,1 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Gəncə şəhərində 2022-ci ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş tikinti işlərinin ümumi həcmi 23,4 milyon manat təşkil etmiş və ümumi tikinti işlərinin 16,2 milyon manatını, yaxud 69,1 %-i hüquqi şəxslərin gördüyü işlər, 7,2 milyon manatını və ya 30,9 %-i isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin gördüyü işlər təşkil etmişdir. Ümumi tikinti işlərinin 48,2 %-ni tikinti, yenidənqurma və genişləndirmə, 42,6 %-ni əsaslı təmir, 5,9 %-ni cari təmir, 3,3 %-ni sair işlər təşkil etmişdir. İqtisadiyyatdan söz düşmüşkən, “Gəncə İlməçi” şirkəti “Gəncə Xalça Kombinatı” MMC-dəki dövlətə məxsus payın (90,86%) satışı üzrə elan edilmiş investisiya müsabiqəsinin qalibi olub. Qalib şirkət onunla imzalanmış alqı-satqı müqaviləsinə uyğun olaraq, dövlət büdcəsinə 7,5 milyon manat vəsaitin köçürülməsini, 22 milyon manat dəyərində iki illik İnvestisiya Proqramının icrasını, müəssisənin büdcəyə olan borclarının tənzimlənməsini, digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb. İnvestisiya Proqramına əsasən, müəssisədə yeni istehsal və xidmət sahələri (korpuslar, sexlər, anbarlar və s.) istifadəyə veriləcək, müəssisəyə müasir xalçaçılıq avadanlıqları, həmçinin müxtəlif digər texnoloji qurğular, maşın-mexanizmlər, cihazlar, nəqliyyat vasitələri alınacaq, məhsulların nümayişi və satışının təşkili üçün sərgi-satış salonu yaradılacaq. Müəssisənin infrastruktur təminatı tam yenilənəcək, xammal, material, komplektləşdiricilər alınacaq, ərazidə abadlıq işləri görüləcək, işçilərin şəraitinin yaxşılaşdırılması üçün yeni yeməkxana binası istifadəyə veriləcək. İnvestisiya Proqramının icrası nəticəsində müəssisədə ildə 1200-1500 kv.m xalça məmulatlarının (palaz, kilim, gəbə, namazlıq və s.) istehsalı planlaşdırılır ki, bu məqsədlə 150-dən artıq işçi cəlb olunacaqdır. İstehsal olunan məhsulların ixrac edilməsi də nəzərdə tutulur. Gəncə şəhərində ümumilikdə mövcud olan 865 çoxmənzilli yaşayış binasından 645-nin dam örtüyü tamamilə yenilənib. Daha 220 çoxmənzilli yaşayış binasının dam örtüklərinin yenilənməsi, həmçinin çoxmənzilli yaşayış binalarının fasadlarının təmiri istiqamətində işlər aparılır. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Kəpəz və Nizami bələdiyyələri tərəfindən əhalinin asudə vaxtının təşkili və səmərəli istirahətinin təmin edilməsi üçün Gəncədəki çoxmənzilli yaşayış binalarının həyətlərində “Abad məhəllə”lərin yaradılır. Abadlaşdırma işlərinin mərhələli şəkildə şəhərin bütün yaşayış massivlərində aparılması nəzərdə tutulub. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin “Gülçülük sahəsi”ndə yaradılan Ekoloji Park Kompleksində də işlər davam etdirilir. Hazırda burada ümumi sahəsi 2100 kv.m olan 3 mərtəbəli oranjereya binasının inşası həyata keçirilir. Ümumi hündürlüyü 22 metr olacaq binanın əsas hissəsi dəmir, beton, metal və şüşə-vitraj konstruksiyalarından yığılacaq. Burada müxtəlif gül, çiçək, ağac və digər nadir bitki növləri yetişdirilərək, ziyarətçilərə nümayiş olunacaq. 11 hektar ərazisi olan Ekoloji Park Kompleksi fərqli və müasir dizaynı ilə seçiləcək. Ərazidə əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektləri, habelə müxtəlif növ balıqlar üçün akvariumlar tikiləcək. Layihəyə uyğun olaraq Gəncəçay çayının sağ sahilində 200-300 metrlik məsafədə bulvar kompleksinin yaradılması nəzərdə tutulur. Ziyarətçilər buradan keçərək, Ekoloji Park Kompleksinin zəngin flora və faunası ilə yaxından tanış ola biləcəklər. Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində yaradılacaq Ekoloji Park Kompleksində MKTİB-in Gülçülük və tingçilik təsərrüfatının gündəlik fəaliyyəti ziyarətçilərə təqdim olunacaq. Ərazidə piknik məkanları da yaradılacaq. Ulu Nizami yurdu üçün ən uğurlu layihələrdən biri də Gəncənin Avropa və Yenidənqurma İnkişaf Bankının “Yaşıl şəhərlər” layihəsinə qoşulmasıdır. Qeyd edək ki, Gəncə Azərbaycanda AYİB-in “Yaşıl Şəhərlər” şəhər dayanıqlılıq proqramına qoşulan ilk şəhərdir. Hazırda Gəncə şəhərində ictimai nəqliyyatın optimallaşdırılması istiqamətində işlər aparılır. Şəhərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin yeniləri ilə əvəzlənməsi nəzərdə tutulub və bu məqsədlə danışıqlar aparılır. Bu yaxınlarda Fransanın “Alstom” şirkəti Azərbaycanda tramvay şəbəkəsinin yaradılmasında maraqlı olduğunu bəyan etmişdır. Bəyanatda bildirilir ki, “Alstom” Azərbaycanda lokomotivlərə texniki xidmət layihələrini, siqnalizasiya və dəmir yollarının avtomatlaşdırılması kimi infrastruktur layihələrini, eyni zamanda, Bakı, Gəncə və Ağdam şəhərləri üçün tramvay şəbəkəsinin tikintisi layihələrini dəstəkləməyə davam etməyə hazırdır. Ümumiyyətlə, Gəncə şəhərində həyata keçirilən bütün layihələr dövlət başçısının Nizami yurduna göstərdiyi xüsusi diqqətin və qayğının nəticəsidir. Yəqin bu fakta mediada dəfələrlə rast gəlmisiniz; 2003-cü ildən indiyədək Prezident İlham Əliyev demək olar ki, hər il Gəncəyə rəsmi səfər edib – 18 dəfə. Hər dəfə səfəri zamanı Gəncənin inkişafı ilə bağlı çox mühüm qərarlar verib, bu şəhərin hərtərəfli inkişafına xidmət edən böyük layihələrin, ictimai əhəmiyyətli obyektlərin açılışında olub. Həmin səfərlərin hər dəfəsində Gəncə daha da dəyişib, gözəlləşib, inkişaf edib. Gəncənin müasirləşdirilməsi istiqamətində işlər aparılarkən milli xüsusiyyətləri unutmamaq, şəhərin tarixi simasını və ənənəvi memarlıq üslubunu qoruyub saxlamaqla barədə qərar məhz ölkə başçısının tövsiyələrinə uyğun qəbul olunub. Təkcə son 4 ildə Prezident İlham Əliyevin iştirakı ilə Gəncə şəhərində bir sıra iqtisadi və sosial yönümlü obyektlər istifadəyə verilib; “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodu, 1 saylı Gəncə şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Gəncə Dövlət Dram Teatrının yeni binası, 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzi, Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu və s. belə obyektlərdəndir. Şəhərdə təhsil müəssisələrinin müasir səviyyədə yenidən qurulması, yenilərinin inşası daim diqqət mərkəzində saxlanılır. Son 4 ildə Gəncə şəhər 7, 18, 28 və 34 nömrəli tam orta məktəblər müasir standartlar səviyyəsində yenidən qurulmuşdur. Gəncə Dövlət Universitetinin 5-ci tədris binasında TİKA-nın dəstəyi ilə Nuru Paşa adına kitabxana yaradılıb, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı çərçivəsində Gəncə şəhər Peşə Təhsili və Təlim Məktəbində yeni təlim emalatxanası istifadəyə verilib. Yenidən qurularaq istifadəyə verilən müəssisələrdən biri də Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzidir. 2 korpus və yardımçı binalardan ibarət olan Gəncə şəhər Psixiatriya Xəstəxanasının, GDU-nun 3 korpusdan ibarət tələbə yataqxanasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə gənc nəslin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, gənclərin faydalı məşğulluğunun təmin edilməsi, idmanın dəstəklənməsi istiqamətində aparılan tədbirlər planına uyğun olaraq Gəncə İdman Liseyi Heydər Əliyev Fondu tərəfindən yenidən qurulub. Heydər Əliyev Park-Kompleksinin ərazisində futbol meydançasının inşası başa çatdırılıb, Yeni Gəncə yaşayış massivi və Sadıllı qəsəbəsindəki mini-futbol meydançaları yenidən qurulub. Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin yeni korpuslarının və idman qurğularının, “Futbol akademiyası və təlim mərkəzi”nin, Gəncə İdman Sarayının tikintisi davam etdirilir. Gəncədə yerləşən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, mədəni irsin qorunması, tarixi-memarlıq abidələrinin bərpası və mühafizəsi də daim dövlətin diqqət mərkəzindədir. F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin, Uşaq Rəssamlıq Məktəbinin və N.Gəncəvi adına Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin təmir-bərpa işləri bu qəbildəndir. Ümumiyyətlə, Gəncənin çox zəngin, qaynar mədəni həyatı var. Dünya şöhrətli sənətkarların, filosofların, alimlərin, şairlərin məkanı olan, dünya ədəbiyyatına Nizami, Məhsəti kimi dahilər bəxş etmiş şəhərdə tez-tez yerli və beynəlxalq səviyyəli musiqi, mədəniyyət, ədəbiyyat, poeziya tədbirləri təşkil olunur. Yeri gəlmişkən, son günlər şəhərin mədəni həyatında ard-arda bir neçə tədbir baş tutub. Belə ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında dünya şöhərtli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı, “Sevil” operasının nümayişi keçirilib. Yeri gəlmişkən, Xalq artisti Fikrət Əmirovun Gəncə şəhərində doğulub boya-başa çatdığı evi və evinin önündəki barelyefi təmir olunub. Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi, "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşən digər tədbir “II Gəncə Kitab Sərgisi”dir. Sərgi təkcə Gəncədə deyil, həm də bölgədə yaşayan ziyalılar, ictimaiyyət nümayəndələri, yazıçı və kitabsevərlərin böyük marağına səbəb olub. Şəhərin idman həyatı da bir an belə diqqətdən kənar qalmır. Gəncə şəhər stadionunda təbii örtüklü iki meydanın salınması istiqamətində işlər davam edir. “Kəpəz” PFK-nın məlumatına görə, layihəyə bu ilin aprelində başlanılıb. Beton, dəmir çəpərləmə, drenaj və avtomatlaşdırılmış suvarma sisteminin, su anbarındakı işlərin böyük qismi tamamlanıb. Hazırda İrlandiyanın SİS şirkəti tərəfindən ot örtüyünün salınması işləri həyata keçirliir. Ölkəmizdə kifayət qədər meydanların qazonunu salan SİS şirkəti işləri 2023-cü ilin yazında tam başa çatdırmağı planlaşdırıb. Yeri gəlmişkən, üçqat ölkə çempionu “Kəpəz” futbol klubu 4 illik fasilədən sonra Azərbaycan Premyer Liqasında çıxış edir və artıq ev oyunlarını doğma şəhərində keçirir. Şəhər rəhbəri Niyazi Bayramovu da tez-tez zəngin ənənələrə malik “Kəpəz”in azarkeşləri arasında görmək olur. Gəncə şəhəri 44 günlük Vətən müharibəsi dövründə 100-dən artıq şəhid verib. Döyüş bölgəsindən xeyli aralıda yerləşməsinə baxmayaraq Gəncə şəhəri bir neçə dəfə – 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində erməni silahlı qüvvələri tərəfindən raket atəşlərinə məruz qalıb. Ermənistanın törətdiyi hərbi cinayətlər nəticəsində 1-i körpə, 5-i uşaq və yeniyetmə, 10-u qadın olmaqla 26 dinc sakin həlak olub, 142 mülki şəxs yaralanıb. Ümumilikdə Gəncədə Birinci Qarabağ və Vətən müharibələri zamanı 626 nəfər şəhid olub. Şəhərin 7 min nəfərə yaxın müharibə əlili və veteranı var. 107 şəhid ailəsinin üzvü, 175 nəfər müharibə iştirakçısı və əlilin ailə üzvü, ümumilikdə 282 nəfər “DOST İş Mərkəzi” MMC-də işə qəbul olunub. Gəncə şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə 270 şəhid ailəsi və müharibə əlili mənzil şəraitinin yaxşılaşdırılması üçün qeydiyyata götürülüb. Müharibə iştirakçıları və şəhid ailələrinin təklifi nəzərə alınaraq Gəncənin Şəhidlər xiyabanında üzərinə itkin düşmüş 90 nəfərin adı həkk olunan lövhə quraşdırılaraq I Qarabağ savaşında itkin düşmüş Gəncə sakinlərinin adları əbədiləşdirilib. Həmçinin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Gəncə şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə şəhərin “İstiqlal” parkında “Memorial Abidə Kompleksi” inşa edilib, şəhidlərin xatirəsinə 2 bulaq salınıb. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin yaşadılması və onların tanıdılması məqsədilə ölkədə ilk dəfə gencesehidleri.az yaradılaraq istifadəyə verilib. Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 30 mənzil təqdim edilib. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən Gəncə yaşayış kompleksindəki tam təmirli mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Ümumilikdə, MİDA tərəfindən Gəncə Yaşayış Kompleksində 7731 mənzil inşa edilib. Gəncə Yaşayış Kompleksinin birinci mərhələsinin tikintisi yekunlaşıb. Hazırda şəhərdə tikilən binaların ikinci mərhələsi davam etdirilir. Qafqaz İslam Ordusunun 11 iyun 1918-ci il tarixində Gəncə şəhəri uğrunda canlarını fəda etmiş ilk şəhidlərin – 13 qəhrəman məhmətçiyin əziz xatirəsinə ucaldılan abidə Türkiyə və Azərbaycan xalqlarının daim birgə olduğunun, ən ağır dövrlərdə belə bir-birindən qardaş dəstəyini əskik etmədiklərinin bariz nümunəsidir. Prezident İlham Əliyevin vətəndaşlarla mütəmadi təmasda olmaqla bağlı müvafiq tapşırığına uyğun olaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tez-tez sakinlərlə görüşür. Ənənə halını almış bu görüşlər təkcə icra hakimiyyətinin inzibati binasında deyil, şəhərin ən müxtəlif ünvanlarında baş tutur. İcra başçısının özünün də qeyd etdiyi kimi, şəhər rəsmiləri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakıyla keçirilən bu görüşlərin əsas məqsəd sakinlərin problemlərini yerindəcə öyrənmək, onları həll etmək, əhalinin rahatlığının təminatına və rifahının yaxşılaşdırılmasına xidmət etməkdir. “Açıq mikrofon” şəraitində keçən görüşlərdə sakinlərin problemləri dinlənilir. Hər bir müraciətə fərdi olaraq yanaşılır. İşlə təminat, mənzil şəraitinin yaxşılaşdırılması, əlilliyin müəyyən edilməsi, ağacların budanması və suvarılmasına dair bütün müraciətlər nəzarətə götürülür və aidiyyəti qurumların nümayəndələrinə, yerində baxış keçirməklə müvafiq araşdırma aparmaq, yaranmış problemləri həll etmək tapşırılır. Vətəndaşların qəbulu və onlarla görüşlərdən söz düşmüşkən, şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərilən diqqətdən danışmamaq haqsızlıq olardı. Şəhər rəhbərliyi bu kateqoriyadan olan insanları daim diqqətdə saxlayır, onları narahat edən məsələlərin aradan qaldırması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Şəhid adının əbədiləşdirilməsi, müalicə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi, obyekt inşası üçün torpaq sahəsinin ayrılması, işlə təminat və s. məsələlərin çoxluq təşkil etdiyi bu cür görüşlərdə icra başçısı N.Bayramov səsləndirilən problemlərin və qaldırılan məsələlərin çox qısa müddətdə öz həllini tapması üçün tapşırıqlar verir. Ümumiyyətlə, icra başçısı N.Bayramov şəhərin hər bir sakininə diqqətlə yanaşır; ağsaqqallarla görüşür, Uşaq Evini ziyarət edir, onu doğum gününə dəvət edən məktəblinin evinə belə baş çəkməyi özünə borc bilir. Beləcə, 4000 illik tarixə malik qədim və müasir Gəncə bu gün özünün intibah dövrünü yaşayır. Şəhərin sosial-iqtisadi və mədəni həyatı dinamik surətdə inkişaf edir, qədimliklə müasirliyin vəhdət təşkil etdiyi bu unikal məkan şöhrətini bütün dünyaya yayır. Şəhərin inkişafı üçün həm dövlət, həm də yerli icra orqanları tərəfindən bütün lazımi tədbirlər görülür. Bütün bunlar isə bir daha sübut edir ki, bu qədim şəhər təsadüfən Azərbaycanın ilk paytaxtı seçilməyib. Azər Tağızadə aia.az Geri dön |