Ana Sayfa > Gündəm / Özəl > Albaniya və Azərbaycan bütün beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirlər

Albaniya və Azərbaycan bütün beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirlər


19-11-2022, 14:52. Yazar: sevinc1
Albaniya və Azərbaycan bütün  beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirlər

Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 15 noyabr tarixində Albaniya Respublikasına rəsmi səfəri ölkələrimiz arasında minasibətlərin möhkəmlənməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edən hadisədir. Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan və Albaniya arasında önəmli əməkdaşlıq istiqamətlərindən biri qaz sahəsidir. Məlumdur ki, hər iki ölkə layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin həm Azərbaycan, həm də Albaniya çox önəmli rol oynayıblar. Cənab Prezident İlham Əliyev Albaniya mətbuatına bəyanatla çıxışında bu məqamı xüsusi qeyd edərək bildirdi ki, Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Artıq neçə müddətdir ki, Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır. Azərbaycanın zəngin qaz ehtiyatları nəzərə alınaraq, hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Uzun illərin səmərəli əməkdaşlığı nəticəsində Avropa İttifaqı Azərbaycanı artıq etibarlı tərəfdaş kimi tanıyır və qiymətləndirir. Lakin Azərbaycan bütün dost ölkələrlə məhz ikitərəfli əlaqələrin inkişafı məsələsini də hər zaman xüsusi diqqət mərkəzində saxlayır. Möhtərəm dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan bundan sonra Albaniyada qaz təsərrüfatının inkişafına da öz töhfəsini verəcəkdir.

Bütün bunlarla yanaşı iki ölkə arasında əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar vardır. Bunlardan qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələrini qeyd etmək olar. Bütün bu sahələr üzrə əməkdaşlığa başlanması üçün artıq iqtisadiyyat və sənaye üzrə müştərək işçi qrup yaradılmışdır.

Öz çıxışında Albaniya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan cənab Prezident İlham Əliyev bunun təsdiqi kimi, iki ölkənin beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığını qeyd etmişdir. Belə ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilib və dövlətimiz bunu hər zaman yüksək qiymətləndirib.

Məlum olduğu kimi, Albaniya NATO-nun üzvüdür. Azərbaycanın isə həm də NATO ilə sıx əməkdaşlıq platforması mövcuddur. Azərbaycan uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak edib. Öz çıxışında dövlətimizin başçısı bu məqama da toxunaraq bildirdi ki, Azərbaycan NATO-ya üzv olmayan ölkələr arasında sülhməramlı missiyaya qoşulan ilk ölkələrdən olub. O cümlədən ölkəmiz qardaş Türkiyə ilə birlikdə Əfqanıstandan çıxan son iki ölkədən biri olub. Bu da qeyd olunub ki, Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinin inkişafına hər zaman böyük dəstək vermişdir.

Əminliklə demək olar ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Albaniyaya rəsmi səfəri iki ölkə arasında əlaqələrin tezliklə yeni, daha yüksək səviyyəyə keçid alması üçün əlverişli zəmin yaradacaq.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri
aia.az
Geri dön