Ana Sayfa > Özəl > Ölkənin inkişafı yolunda Yeni Azərbaycan Partiyasının rolu danılmazdır

Ölkənin inkişafı yolunda Yeni Azərbaycan Partiyasının rolu danılmazdır


19-11-2022, 12:38. Yazar: sevinc1
Ölkənin inkişafı yolunda Yeni Azərbaycan Partiyasının rolu danılmazdır

Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin tərəfdarları hələ 1992-ci ildən onu Bakıya, ölkəyə rəhbərlik etməyə çağırırdılar. Bu dövrdə olan müraciətlərdən ən yadda qalanı isə həmin ilin oktyabr ayında Azərbaycanın 91 nəfər ziyalısının imzaladığı müraciət oldu. Müraciətdə, Heydər Əliyevin Bakıya qayıdaraq aktiv siyasi fəaliyyət göstərib, ölkədə mövcud siyasi böhranı tənzimləyərək yaranmış qarşıdurmanı aradan qaldırmaq və sabitliyin təmin olunması qeyd olunurdu.
Nəticədə Heydər Əliyev xalqın son ümidinin onda olduğunu görərək müraciəti qəbul etdi. Lakin o zamanki hakimiyyət narahat olaraq Ulu Öndərin Bakıya gəlməsinə müxtəlif maneələr yaradırdılar. Bu səbəbdən də Yeni Azərbaycan Partiyasının yaranmasını dəstəkləyən 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana üz tutaraq partiyanın təsis konfransını orada keçirilməsinə nail oldular.
Heydər Əliyevin sədrliyi ilə 21 noyabr 1992-ci ildə Ulu Öndərin regionlardan olan dəstəkçilərindən seçilmiş nümayəndələrin təmsil olunduğu Konfrans keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə müstəqil Azərbaycan tarixində öz üzərinə böyük missiyanı götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yaradıldı.
Ölkədə yaranan xaosun qarşısını ala bilməyən AXC hökuməti 15 iyun 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət edərək, hakimiyyəti ona verməyi qərara alır.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi.
Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, uzaqgörən dövlət xadimi, ümummilli lider kimi yaddaşlarda qalmışdır. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlı idi.
Ölkəmizdə bütün sahələrdə islahatlatlar aparılır və bu islahatların nəticəsi olaraq həm iqtisadi, həm də sosial sahələrdə böyük layihələrə imza atılır. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ötən illər ərzində Ermənistanın torpaqlarımızı işğal altında saxlaması, münaqişənin həllinə doğru heç bir addım atmaması, əksinə hər vəcdə bu münaqişənin diplomatik yolla həllinə süni maneələr yaratmaq cəhdləri ilə bağlı çıxışlarda qeyd edirdi ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq. Cənab Prezidentin qarşıya qoyduğu birinci dərəcəli vəzifə ərazi bütövlüyümüzün bərpa edilməsi olmuşdur. İlham Əliyevin ölkə başçısı kimi bacaraqlı siyasəti, eyni zamanda Ali Baş Komandan olaraq göstərdiyi şücaəti sayəsində buna nail olundu. 44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycanın qüdrətli bir dövlət olduğunu bir daha bütün dünyaya çatdırdı və yeni əməkdaşlıq imkanları yaratdı.
Artıq Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib. Vətən müharibəsindən sonra ölkəmiz yeni dövrə qədəm qoydu. Bu da bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Azərbaycan ordusunu və müasir texnikalardan istifadəsini beynəlxalq hərbi ekspertlər yüksək qiymətləndirərək “Azərbaycan XXI əsrin müharibəsini apardı” deyə vurğulayıblar. 30 ildə beynəlxalq hüququn işləmədiyi halda Azərbaycan öz gücünü bütün dünyaya göstərdi. Bundan sonra Qarabağ və digər işğaldan azad edilən ərazilərin bərpası ilə bağlı bizim yeganə rəqibimiz zamandır.
Yeni Azərbaycan Partiyasının sonuncu qurultayında ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrdən sonra dost partiyaların hakim partiyaya qoşulması çox məqbul hadisədir. Bu da onu göstərir ki, Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafı yolunda gördüyü işlər, fəaliyyəti və əldə etdiyi uğurlu nəticələri dost partiyalar üçün də cəlb edicidir.
Bu gün ölkənin ictimai-siyasi həyatında gənclərin rolu danılmazdır. Əlbəttə ki, bu rolun artırılmasında cənab Prezident İlham Əliyevin əməyi danılmazdır. Uzun illər ölkəmizə qarşı davam edən işğalçılıq siyasətinə gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında son qoydular. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti məhz gənclərimizin bu yanaşma əsasında inkişafını özündə ehtiva edir.
Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə əsaslanan Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində Azərbaycan xalqına xidmət edən, dövlətin daim tərəqqəsini təmin edən vəzifələrin yerinə yetirilməsi yolunda mühüm addımlar atmışdır. Bundan sonra da mövcud siyasətini davam etdirərək ölkəmizin inkişafına öz töhvəsini verəcəyinə əminəm.
Bundan sonra da Partiyanın işində uğurlar və müvəffəqiyyətlər arzu edir, uzun ömürlü olmasını arzulayıram.

Yusifova Ülkər,
Yeni Azərbaycan Partiyasının gənc fəalı.
aia.az

Geri dön