Ana Sayfa > Manşet / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: “Azərbaycan-Albaniya əlaqələri sürətlə inkişaf edir”
Eltun Süleymanov: “Azərbaycan-Albaniya əlaqələri sürətlə inkişaf edir”17-11-2022, 17:49. Yazar: sevinc1 |
“Azərbaycan özünün xarici əlaqələrinin coğrafiyasını getdikcə genişləndirir. Bu gün artıq bu coğrafiyanın sərhədləri cənub-şərqi Avropa və Balkan yarımadası ölkələrini də əhatə etməkdədir. O cümlədən Albaniya ilə Azərbaycanın əlaqələri getdikcə daha yüksək dinamika ilə inkişaf edir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 noyabr tarixində Albaniyaya etdiyi rəsmi səfər böyük əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, keçirdikləri təkbətək görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər. Öz çıxışında möhtərəm dövlət başçımız bildirib ki, Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur. Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu səfərlərin intensivliyi siyasi dialoqun çox güclü dinamizmi olduğunu deməyə əsas verir. Diqqətəlayiq haldır ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək əlbəttə ki, qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi ölkəmiz və dövlətimiz çox yüksək qiymətləndirir.” Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Müsahibimiz bildirib ki, Prezident İlham Əliyevin Albaniya mətbuatına bəyanatında işğal dövründə ermənilərin Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər barədə təqdim etdiyi açıqlamalar Avropa ictimaiyyətinin bölgəmizdə gedən prosesləri daha düzgün qiymətləndirə bilmələri baxımından böyük önəm kəsb edir: “İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilmirdi. İşğal dövründə ərazilərimizdə törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar və bununla bütün dünya müsəlmanlarının hisslərinə toxunmuşlar. Lakin Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdu və öz torpaqlarını azad etdi. İndi azad edilmiş torpaqlarda Müzəffər Ali Baş Komandanımızın şəxsən ucaltdığı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdıb və bu torpaqlara həyat qayıdır.” Daha sonra E.Süleymanov Azərbaycan və Albaniyanın TAP layihəsinin üzvləri kimi fəaliyyətlərinin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Bu gün Azərbaycan və Albaniya arasında önəmli əməkdaşlıq istiqamətlərindən biri qaz sahəsidir. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında hər iki ölkə çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Cari ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır. Azərbaycanın qaz ehtiyatları çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına da öz töhfəsini verəcəkdir. Belə ki, Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır və Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər. Lakin dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, ölkələrimiz arasında əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var. Bunlara qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələrini aid etmək olar. Çox güman ki, yeni yaradılmış işçi qrupun müzakirələrində bu sahələr də yer alacadır”, - deyə Eltun Süleymanov fikirlərini tamamlayıb. Geri dön |