Ana Sayfa > Özəl / Parlament > Əfsanə Allahverdiyeva: Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız bizim əlaqələrimizi gücləndirir
Əfsanə Allahverdiyeva: Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız bizim əlaqələrimizi gücləndirir17-11-2022, 15:07. Yazar: sevinc1 |
Dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz öz xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Dövlət müstəqilliyimizin bərpasından bu günədək həyata keçirilmiş hərtərəfli islahatlar sayəsində beynəlxalq münasibətlərin güclü aktoruna çevrilən Azərbaycan bu gün etibarlı tərəfdaş kimi nüfuz qazanmışdır. Prezident İlham Əliyevin yürütdüyü siyasət bu nüfuzu hər keçən gün daha da artırır. Hazırda dünyada beynəlxalq təşkilatların sayında artım müşahidə olunur və bu fakt onu göstərir ki, dövlətlərin qarşılıqlı asılılığı da artır. Beynəlxalq təşkilatların sayının artması da dövlətlər arasında daimi əsasla çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi məsələlərini aktuallaşdırır. Azərbaycan beynəlxalq təşkilatlarda daim aktiv fəaliyyət göstərməsi ilə fərqlənmiş və milli maraqlarımızın təmin olunmasına yönəlmiş siyasət həyata keçirmişdir. Belə ki, regional və qlobal səviyyədə fəaliyyəti, eləcə də, beynəlxalq arenada əməkdaşlığı genişləndirən Azərbaycan bir sıra beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin və digər bu kimi nüfuzlu təşkilatların üzvüdür. Ölkəmiz həm də GUAM regional qrupunun təsisçilərindən biridir. Azərbaycanın xarici siyasətində onun 1992-ci ildən üzv olduğu BMT-yə müstəsna əhəmiyyətli universal beynəlxalq təşkilat kimi yanaşılır. Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyanın ən nüfuzlu və universal təşkilatıdır və bu statusu nəzərə alaraq ulu öndər Heydər Əliyev BMT – Azərbaycan əlaqələrinə xüsusi önəm vermişdi. 1991-ci ildə İƏT-yə üzv olduqdan sonra Azərbaycan bu təşkilat çərçivəsində fəal iştirakçıya çevrilmiş və İslam Əməkdaşlıq Təşkilatı ilə mühüm önəm kəsb edən münasibətlərinin daha da möhkəmləndirilməsinin tərəfdarı kimi çıxış edir. Azərbaycanın 1992-ci ildən üzv olduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Avropa qitəsinin bütün ölkələrini əhatə edən yeganə təşkilatdır. Avropa institutlarına inteqrasiya Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindən biridir. Bu səbəbdən Azərbaycan 2001-ci ildən üzv olduğu Avropa Şurası ilə əməkdaşlıqda öz milli qanunvericiliyinin yüksək beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər görür. Avropa məkanına daha sıx inteqrasiyanın zəruriliyi mövqeyindən çıxış edən Azərbaycan Avropa Birliyilə çoxşahəli qarşılıqlı əlaqələr yaratmışdır. Milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun işlənib hazırlanması və gerçəkləşdirilməsi, bütövlükdə, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və onun güclü dövlətçilik təfəkkürü ölkəmizin beynəlxalq əlaqələrinin düzgün qurulmasına imkan yaratmışdır. Ulu öndər dünyada və regionda baş verən siyasi hadisə və prosesləri dərindən və hərtərəfli təhlil edərək, ilk növbədə, Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına nail olmuş və həmin dövrdə bu qurumların tribunalarından çox bacarıqla istifadə edərək, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları dünyaya çatdırmışdır. Əfsanə Allahverdiyeva, Nəsimi rayon təhsil işçisi aia.az Geri dön |