Ana Sayfa > Özəl > Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.
Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.14-11-2022, 16:58. Yazar: sevinc1 |
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Ölkəni böhrandan çıxarmaq istəyən, öz ölkəsinin gələcəyini, taleyini fikirləşən bir qrup insanlar yeni bir siyasi partiya yaratmaq istədilər. 16 oktyabr 1992-ci ildə Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Heydər Əliyev isə 1992-ci il 24 Oktyabr tarixində bu müraciətə cavab vermiş və təklifi qəbul etmişdir. 1992-ci il Noyabrın 21-də 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, Yeni Azərbaycan Partiyası və ya qısaca YAP yarandı. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır. 1992-2003-cü illər ərzində Yeni Azərbaycan Partiyasının(YAP) sədri Ulu öndərimiz Heydər Əliyev olmuşdur. 2003-cü ildə ulu öndərimizin dünyasını dəyişdikdən sonra 2005-ci ildən etibarən isə Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab prezidentimiz İlham Əliyevdir. 125 üzvdən ibarət olan Milli Məclisdə Yeni Azərbaycan Partiyası 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub. 2020-ci ilin mart ayına olan məlumatlara əsasən Yeni Azərbaycan Partiyasının 760 min nəfərdən çox üzvü var. Ayişə Çunayeva, Azərbaycan Dövlət Pedaqoji Universiteti aia.az Geri dön |