Ana Sayfa > Gündəm / Özəl > Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolundadır

Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolundadır


13-11-2022, 15:18. Yazar: sevinc1
Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolundadır

Prezident İlham Əliyevin 11 noyabr tarixində Səmərqənddə keçirilmiş Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirakı bir çox baxımdan böyük əhəmiyyət kəsb edən önəmli hadisədir. İlk növbədə bu səfərin Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin yüksək intensivliyinin bir göstəricisi kimi çıxış etdiyi diqqəti cəlb edir. Məlum olduğu kimi, möhtərəm dövlət başçımız son 7 ayda artıq üç dəfə Özbəkistana səfər edib. Cənab Prezident İlham Əliyevin aprel ayında bu ölkəyə etdiyi dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşündə iştirakı və nəhayət noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirakı zamanı aparılan müzakirələr onu deməyə əsas verir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır. Məlumdur ki, Azərbaycan dövlətinin xarici siyasət kursunun əsas prioritet istiqamətlərindən biri də Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsidir. Ölkəmiz hər zaman türk dünyasının sıx birləşməsinə öz töhfələrini verib və bundan sonra da bu kursa sadiq qalacaq. Ölkə Prezidenti cənab İlham Əliyev Səmərqənd Zirvə Görüşündə etdiyi çıxışında xüsusi olaraq qeyd etdi ki, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Həmçinin dövlətimizin başçısı türk dünyasının böyük bir ailə olduğunu xüsusi vurğulayaraq bildirdi ki, bu ailənin bütün üzvləri bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli, siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi strateji sahələrdə də əməkdaşlığı gücləndirməlidirlər.

Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Zəfərlə başa çatdırdığı II Qarabağ savaşının mühüm nəticəsi olaraq Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı. Bu reallıqlar eynilə ölkəmizin və regionun qarşısında yeni inkişaf perspektivləri açdığı kimi, Türk dünyasının da birliyinin möhkəmlənməsinə, gücünün artmasına böyük töhfələr verəcək. Təbii ki, bu baxımdan Vətən müharibəsində Azərbaycanın Qələbəsini təsdiq edən 10 noyabr üçtərəfli Bəyanatında təsbit olunmuş regional kommunikasıya layihələrinin xüsusi önəmi qeyd olunmalıdır. Ermənistan həmin Bəyanatı imzalamaqla üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməlidir. Bu öhdəliklərdən biri də Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılması məqsədilə nəqliyyat dəhlizinin açılmasıdır. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malik layihədir. Əlbəttə ki, reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaq və bu hadisə bütün regionun inkişafına böyük töhfədir. Digər tərəfdən də tarixi Azərbaycan torpaqları olan Zəngəzurun SSRİ dövründə Ermənistana verilməsi ilə ölkəmizin əsas ərazisinin qardaş Türkiyə ilə quru yolla əlaqəsi də kəsilmişdi. Bununla da Türk dünyasının coğrafi baxımdan parçalanması baş vermişdi. Zəngəzur dəhlizinin açılması ilə bu tarixi ədalətsizliyə də son qoyulacaq. Həmçinin Zəngəzur dəhlizi mühüm beynəlxalq nəqliyyat dəhlizinin vacib bir parçası olmaqla Asiya-Avropa ticari əlaqələrinin genişlənməsinə xidmət edəcək. Bütün bunlar sözsüz ki, Azərbaycanın Türk dünyasının güclənməsinə verdiyi mühüm töhfələrdən olacaq.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
aia.az

Geri dön