Ana Sayfa > Özəl / Parlament > İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır

İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır


13-11-2022, 12:57. Yazar: sevinc1
İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı Dövlət başçısı qeyd edib ki, Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir.Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfər bütün Türk dünyasının qürur mənbəyidir. Tarixən türklər ayaqlarını basdıqları ərazilərdə çoxsaylı savaşlara qatılıblar və həmişə də döyüşlərdən alnıaçıq çıxıblar. Yeni mərhələdə bu ənənənin davamını XXI əsrin müharibəsini aparan igid hərbçilərimiz gətirdilər.Prezident İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında xalqımızın iki il bundan əvvəl qazandığı Böyük Qələbənin sevincini qardaş Türk dövlətlərinin təmsilçiləri ilə bölüşərək vurğulayıb: “Hörmətli həmkarlar, bu həftə Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi. İki il əvvəl biz Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyduq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. Bununla Azərbaycan, həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi”.Erməni vandalları təxminən üç onilliyi əhatə edən işğal dövründə torpaqlarımızda ağlasığmaz vəhşiliklər və dağıntılar törədiblər. Belə ki, Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. İşğal dövründə ermənilər öz xislətlərinə uyğun olaraq tarixi mədəni-dini abidələrimizi özününküləşdirməyə çalışıblar. Azərbaycanın alban irsinə aid olan abidələrinin divarlarına erməni yazılarının yamaq edilməsi, həmin abidələrin yaxınlığında xaçların basdırılması, şəhər və kəndlərimizə eybəcər adların verilməsi bunun təsdiqidir.Postmüharibə dövründə Azərbaycan dövlətinin qarşısında işğaldan azad olunmuş ərazilərin bərpası və oraya Böyük Qayıdışın təmin olunması kimi mühüm vəzifə durur. Prezident İlham Əliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanıb. Bir neçə ay bundan əvvəl işğaldan azad olunmuş ərazilərdə - Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” konsepti ilə tikilən ilk yaşayış məntəqəsində inşaat işləri tamamlandı və ora ilk sakinlər köçürüldü. Hazırda sözügedən ərazilərdə müxtəlif təyinatlı infrastruktur quruculuğu, ayrı-ayrı şəhərlərin və kəndlərin bərpası intensiv şəkildə davam etdirilir.İşğaldan azad olunmuş ərazilərdə quruculuq-bərpa işlərinə dost ölkələrin şirkətləri də cəlb olunublar. Bu işdə Türkiyəyə məxsus şirkətlərin fəallığını xüsusi qeyd edə bilərik. Qardaş Türkiyə işğal illərində və Vətən müharibəsi günlərində Azərbaycana güclü mənəvi-siyasi dəstək göstərdi. Postmüharibə dövründə isə bu ölkənin inşaatçıları quruculuq prosesində Azərbaycanın yanındadırlar. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan postmüharibə dövründə üç dəfə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında, Şuşada, Füzulidə, Zəngilanda səfərdə olub. Füzuli və Zəngilan beynəlxalq hava limanlarının, digər infrastruktur obyektlərinin açılışında və təməlqoyma mərasimlərində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın yan-yana dayanmaları, dövlət başçılarının tarixi Şuşa Bəyannaməsini imzalamaları Türkiyənin və Azərbaycanın sarsılmaz qardaşlığını təcəssüm etdirir. Prezident İlham Əliyev bəhs olunan çıxışında digər türkdilli ölkələrin liderlərinə üz tutaraq onları da işğaldan azad edilmiş ərazilərimizə dəvət edib: “Mən digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət edirəm. Fürsətdən istifadə edərək, mən işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm. Bunlar Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür”.Zəngəzur dəhlizinin regional əməkdaşlıq üçün önəmi

Zəngəzur dəhlizinin yaradılması postmüharibə mərhələsində Azərbaycanın gündəliyində duran əsas məsələlərdən biridir. Bu dəhlizin yaradılması ölkəmizin milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Respublikamız müharibədən sonrakı mərhələdə yeni dəhlizin yaradılması ilə bağlı danışıqların səmərəliliyinin artırılması və praktiki müstəvidə işlərin sürətləndirilməsi istiqamətində israrlı yanaşma sərgiləyir.

Zəngəzur dəhlizinin önəmini bir neçə aspektdən dəyərləndirə bilərik. İlk növbədə, onu vurğulayaq ki, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın üç onillik ərzində davam edən blokadasına son qoyulacaq. Eyni zamanda dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək.

Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri isə Türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların yaranması ilə bağlıdır. Söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan Türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Perspektivdə Zəngəzur dəhlizi üzrə çəkilən həm dəmir, həm də avtomobil yolları Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq. Beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Mərkəzi Asiyada yerləşən Türkdilli ölkələr isə Transxəzər (Orta Dəhliz) marşrutu üzərindən Zəngəzur dəhlizinə birbaşa çıxış qazanacaqlar. Bu, faktiki olaraq tarixi Türk birliyinin bərpa olması deməkdir.

Zəngəzur dəhlizinin yaradılması region dövlətləri üçün də yaxşı perspektivlər vəd edir. Dəhliz açılandan sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. “İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Musayeva Mənzər
Bakı Dövlət Universiteti

Geri dön