Ana Sayfa > Gündəm / Özəl > Dövlətin, cəmiyyətin və demokratik dəyərlərin inkişafının hüquqi bazası
Dövlətin, cəmiyyətin və demokratik dəyərlərin inkişafının hüquqi bazası13-11-2022, 09:56. Yazar: sevinc1 |
Azərbaycan dövləti müstəqilliyin əldə edilməsi ilə paralel şəkildə, tarixdə ilk dəfə olaraq milli dövlət, müstəqil siyasi dövlət, demokratik hüquqi dövlət quruculuğu vəzifələrini eyni vaxtda və qısa bir zamanda həyata keçirmək tələbləri ilə üz-üzə durmuşdur. Əgər tarixə nəzər salsaq, dövlətçilik quruculuğunun müxtəlif dövrlərinə müvafiq gələn bu mərhələlərin hər birini dünya ölkələri çox böyük bir zaman müddətində tədricən keçmiş, təkamül yolu ilə onları ardıcıl qət etmişdir. Bu mərhələləri daha sürətlə və qətiyyətlə keçməyə müvəffəq olan, demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq qalan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası bu gün insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir. 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazıldı. İctimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və ümummilli liderimizə dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı. demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqqın və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Konstitusiyanın - Əsas Qanunun rolu qat-qat artır. 1994-cü ilin iyul ayında Milli Məclisin iclasında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiyanın fəaliyyətə başlaması qərarı da bu zərurətdən yaranmışdı. Dəfələrlə bu layihənin açıq müzakirəsini təşkil edərək ali sənədin müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf edən ulu öndər Konstitusiya layihəsinin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşmışdı. Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə referendum yolu ilə qəbul edilən Konstitusiyada bir sıra normaları və beynəlxalq öhdəlikləri qabaqlayan əsas hüquqlar və azadlıqlar təsbit olundu, Azərbaycanda söz və fikir azadlığının təmin edilməsi hüquqi baxımdan təsdiqləndi. Azərbaycanın müstəqillik dövründə qəbul etdiyi birinci Konstitusiya həm bütün qabaqcıl demokratik ölkələrin qanunvericiliyində təsbit olunan, həm də beynəlxalq hüquq və normalarda nəzərdə tutulan insan hüquq və azadlıqlarının geniş əhatəsini özündə əks etdirən ilk hüquqi sənəd olmuşdur. Azərbaycanın dövlətçilik tarixində hüquqi dövlətin və qanunun aliliyinin prioritetliyi, demokratik ənənələr həmin vaxta qədər olmamışdır. Buna görə də ümummilli liderin qəbul etdiyi Konstitusiyada insan hüquq və azadlıqlarının mahiyyətinin təsbit olunması onun ən dəyərli cəhətlərindən idi. Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni mərhələsi başlandı. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası nəinki ölkənin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyini ifadə edən Əsas Qanun olmaqla, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyərək vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edirdi. Dövlətimizin başçısı İlham Əliyev öz gündəlik fəaliyyətində daim bu Konstitusiyaya istinad edərək dövlətçiliyimizi, iqtisadiyyatımızı və cəmiyyətimizi daha yüksək inkişafa aparır. Bunu hazırda ölkəmizdə həyata keçirilən genişmiqyaslı dövlət proqramlarının reallaşması, iqtisadi, sosial və mədəni siyasətin nəticələri təsdiq edir. Ülviyyə Ağalarova, Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı aia.az Geri dön |