Ana Sayfa > Özəl / Seçki 2024 > Konstitusiya – Dövlətin əsas Qanunu

Konstitusiya – Dövlətin əsas Qanunu


13-11-2022, 09:52. Yazar: sevinc1
Konstitusiya – Dövlətin əsas Qanunu

Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasından 27 il ötür. 1995-ci il noyabr ayının 12-də keçirilən ümumxalq səsverməsi - referendumda xalqımızın böyük əksəriyyətinin dəstəyi ilə qəbul olunmuş ölkənin Əsas Qanunu mükəmməlliyi ilə seçilir, dövrün çağırışlarına tam cavab verir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan Respublikası Konstitusiyasının hazırlanmasına birbaşa xalqımızın Ümummilli Lideri, böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev rəhbərlik edib. Konstitusiyanın bir dövlətin gələcək taleyində rolunu, ümumiyyətlə, dövlətçiliyin inkişafındakı əhəmiyyətini dəqiq qiymətləndirən ulu öndər bu prosesə həddindən artıq məsuliyyətlə yanaşır, çıxışlarında “bu mühüm sənədin qəbul olunması üçün gələcək nəsillərin qarşısında cavabdehlik” məsələsinin məhz Onun üzərinə çox böyük məsuliyyət qoyduğunu vurğulayırdı.
Azərbaycan Respublikasının Konstitusiyası öz demokratikliyi və insan hüquqlarına sadiqliyi baxımından yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, hələ Konstitusiyamız qəbul olunarkən və bu gün də bütün beynəlxalq təşkilatlar bu sənədi hüquq və azadlıqların qorunması istiqamətində dolğun və əhatəli hüquqi akt kimi qiymətləndirirlər. Konstitusiyamızda yer alan maddələrin təxminən 1/3-dən çoxu sırf bu məsələlərə həsr olunub. Azərbaycan Respublikası Konstitusiyasının ikinci bölməsi isə yalnız əsas hüquqlar, azadlıqlar və vəzifələri əhatə edir. Bu bölmədə insan hüquq və azadlıqlarının həyata keçirilməsinin əsas şərtləri təsbit olunub. Bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının və bu Konstitusiya Qanununun heç bir müddəası dövlət orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə və ya Azərbaycan Respublikası Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılmasına yönəlmiş fəaliyyət və ya hərəkətlər üçün hüquqi əsas yaradan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz. Eyni zamanda, qeyd olunur ki, heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Konstitusiyanın 12-ci maddəsi isə bəyan edir ki, “insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir”.
Şübhəsiz ki, bütün bunlar Azərbaycan dövlətinin humanizminin, insan hüquq və azadlıqlarına olan hörmətinin, demokratik cəmiyyət quruculuğu prosesinə sədaqətinin göstəricisidir. Eyni zamanda, cəmiyyətdə ədalət prinsiplərinin sütunlarının möhkəmləndirilməsinə xidmət edir. Nəzərə almaq lazımdır ki, yalnız o cəmiyyətlərdə inkişaf baş verir ki, orada hüququn aliliyi təmin olunsun. Azərbaycan da Konstitusiyada təsbit olunduğu kimi, məhz bu yolla uğurla addımlamaqdadır. Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanun daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu qələbə qazanaraq tarixi torpaqlarımızı işğaldan azad etdi. Bu gün Konstitusiyamızın müddəalarından da irəli gələrək dövlətin ali məqsədi sayılan insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən çoxşaxəli islahatlar həyata keçirilir. İşğaldan azad olunan əzəli torpaqlarımızda abadlıq işləri aparılır. Yaxın gələcəkdə vətəndaşlarımız öz yurd-yuvalarına geri qayıdacaqlar.
Konstitusiyamızda həmçinin, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına həvalə edilən vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydaları da müəyyən olunub. Bir sözlə, Azərbaycan Respublikasının Konstitusiyası möhkəm hüquqi bazaya malikdir və bu ali normativ sənəd hələ uzun müddət müstəqil dövlətimizin demokratik inkişaf hədəflərini müəyyənləşdirəcəkdir.

lkin Bəşirov,
Salyan rayon Yolüstü kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, YAP fəalı
aia.az

Geri dön