Ana Sayfa > Özəl > 10 NOYABR ÜÇTƏRƏFLİ BƏYANAT AZƏRBAYCANIN SİYASİ - HƏRBİ QƏLƏBƏSİ, ERMƏNİSTANIN İSƏ KAPİTÜLASYASIDIR
10 NOYABR ÜÇTƏRƏFLİ BƏYANAT AZƏRBAYCANIN SİYASİ - HƏRBİ QƏLƏBƏSİ, ERMƏNİSTANIN İSƏ KAPİTÜLASYASIDIR12-11-2022, 21:06. Yazar: sevinc1 |
17 il torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərini aparan dövlət başçısı şanlı Qələbəmizə söykənərək “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”-deyə bəyan etdi “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın döyünən ürəyi, türk dünyasının mədəniyyət paytaxtı Şuşamızın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən səsləndirdiyi bu fikirlər arxada qalan illərin əsas məqsəd və məramına, eyni zamanda, hədəflərə işıq saldı. Cənab İlham Əliyev bu fikirlərin davamı olaraq bildirdi ki, bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram: “Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!” Dünyaya səs salan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu imkanların dünyaya təqdimatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilin nisgilinə son qoydu. Torpaqlarımız düşmən tapdağı altında qalıb dağıntılar dövrünü yaşasa da gec-tez tarixi sahibinə qovuşacağına, cənnət məkana çevriləcəyinə əmin idi. Baxmayaraq ki, ermənilər bu dağıntıların miqyasını genişləndirməklə izləri tamamilə silməyə cəhd edir, bu torpaqlarımızı erməniləşdirməyə çalışırdılar. Bunun mümkünsüzlüyü özlərinə, həmçinin illərdir ona himayədarlıq edən dövlətlərə çox yaxşı bəlli idi. 44 günlük müharibədə əldə olunan Qələbə 10 noyabr üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Bu Bəyanat Azərbaycanın siyasi-hərbi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatı idi. Dünya bir daha bu reallığın şahidi oldu ki, ermənilər nə qədər havadarlarına arxalanıb işğal altında saxladıqları torpaqlarımızda istehkamlar qursalar da, güclü hərbi texnika ilə təmin olunsalar da Azərbaycan Ordusu bütün bu istehkamları yarıb keçərək torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırdı. 2020-ci il 10 dekabr tarixində keçirilən Zəfər paradında bu bayraqlar dalğalandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük inamla və qürur hissi ilə qeyd etdiyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu Qələbəni həm peşəkarlıq, qəhrəmanlıq, eyni zamanda, milli ruh hesabına qazanmışıq: “Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, biz müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanmışıq.” Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 19 ildə uğurlu davamının nəticələri göz önündədir. Son 19 ilin mühüm uğurlarından biri kimi düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində məğrur, yenilməz xalq olmağımızla fəxr edirik. Azərbaycan xalqının başı uca, alnı açıqdır. 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz milli kimliyimizi, qürurumuzu özümüzə qaytardı. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nail olduğu möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin arzularının həyata vəsiqə almasının təsdiqidir. Dövlət başçısı İlham Əliyev çıxışlarında Azərbaycanın uğurlarından bəhs edərkən daim bildirir ki, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı, YAP-ın fəal üzvü aia.az Geri dön |