Ana Sayfa > Özəl > Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası xalqın firavanlığına xidmət edir
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası xalqın firavanlığına xidmət edir12-11-2022, 13:56. Yazar: sevinc1 |
1995-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası bu gün də özünün yüksək potensialı və mükəmməl hüquqi bazası ilə xalqımızın azad və firavamn yaşamasına xidmət edir. Məlumdur ki, 1918–1920-ci illərdə, cəmi 23 ay ərzində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu məsələlərində bir çox önəmli nailiyyətlərə imza atsa da, dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Azərbaycanın ilk Konstitusiyası artıq sovetlər dönəmində, 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. Həmin dövrdə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev yeni Konstitusiyanın mətninə milli-ideoloji mənsubiyyətimizi vurğulayan həyati əhmiyyətli məqamların əlavə edilməsinə nail olmuşdu. Ümummilli Lider Heydər Əliyev hələ 1969-1982-ci illər ərzində Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə siyasi-ideoloji müstəvidə milli inkişaf və həmrəyliyimizin təminatı istiqamətində mühüm addımlar atmışdır. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ulu Öndərimizin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. 1978-ci il aprelin 21-də qəbul olunmuş Azərbaycan SSR-in sonuncu Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir. Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub. Ölkə Prezidenti cənab İlham Əliyev bu tarixi sənəd barədə demişdir: “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.” Həqiqətən də müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü kimi qeyd edilir. Müasir dövrün tələblərinə uyğun dəyişilən sosial-siyasi reallıqlar səbəbindən, eləcə də əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir. Ceyhun Cahangirov, Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam orta məktəbin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı. aia.az Geri dön |