Ana Sayfa > Gündəm / Özəl > İran niyə narahatdır?
İran niyə narahatdır?12-11-2022, 11:54. Yazar: sevinc1 |
Son dövrlərdə İranda baş verən hadisələr fonunda bu dövlətin vurnuxması başadüşüləndir. 43 ildir ki xalqalar həbsxanasına çevrilən, sözdə müsəlman, əməldə kim olduğu bilinməyən molla rejimi əlindən çıxanların hayıfını çıxmağa, azərbaycanda təfriqə törətməyə cəhd edir. Özləri də tülkü kimi bilirlər ki Azərbaycanda heç bir İsrail bazası, zadı yoxdur. Lakin olmayan baza haqqında cəfəng iddialarla çıxış edərək sərhədlərimizdə təlim keçir, “Arazı adlamaq” kimi axmaq işlərlə məşğul olurlar. Azərbaycanı sionistlərlə iş birliyində qınayan mollabaşlar 30 illik işğal dövründə bu ərazilərdə nəinki təlim keçmədilər, ermənilərə gözün üstə qaşın var demədilər, əksinə Qarabağın daşına qədər söküb apardılar, üstəlik narkotikanın daşınması üçün geniş meydan əldə etmiş oldular. Azərbaycan bu işğala son qoyub ərazi bütövlyünü bərpa edəndən sonra İranın kürkünə birə düşməsi başa düşüləndir. Ona zəif, yarımcan Azərbaycan sərf eləyirdi. Erməni sevgisi İranın “şiə təəssübkeşliyi”ni arxa plana keçirmişdi. Əslində İrandakı islamın siyasi məqsədə xidmət etməkdən başqa bir şey olmadığı hamıya məlumdur. Üzdə dindarlıq, arxada islama zidd olan bütün əməllərin orada baş verməsi təzə xəbər deyil ki? Belə olmasaydı ermənilər tərəfindən dağıdılan, donuz damına çevrilən 65 məscidin dilsiz harayı əmmaməli əllamələrin vicdanını oyatmazdımı? Əlbəttə oyadardı. Bu şərtlə ki, İranın basız başbilənləri əsil müsəlman olaydılar, ermənilərlə işbirliyinə gedib islam pərdəsi altında antimüsəlman əməllərə baş qoşmayaydılar. Amerikanı və İsraili araqarışdıran, terrora dəstək verən dövlətlər kimi təqdim edən İran siyasəti əslində öz gözündə tiri görmək istəmir, başqasının gözündə tük axtarır. Lap tutaq ki elədir. Hər halda Yaxın Şərqdəki xalqlar Amerikanın nə dini dinindən, nə də dili dilindən deyil. Bəs İran? Həmin bölgədə İranın əli çatan, nəfəsi dəyən hər yerdə terror tüğyan edir, qan tökülür. Öz şiə, müsəlman qardaşlarının başına gətirilən müsibətləri İranın dəstək verdiyi terrorçu qruplaşmaları törətmirmi? Azərbaycan müstəqil olandan bəri kürkünə birə düşən İran bu müddətdə bizim İsraildə səfirliyimizin açılmasına hər vəchlə mane olduğu halda, özü Ermənistanla qol-boyun deyilmi? Ermənistanın ərazi bütövlyüy uğrunda az qala cihad edən mollabaşlar bircə dəfə də bizim sərhədlərimizin toxunulmazlığını dilə gətiribmi? Yox! Səbəb? Səbəb çoxdur. Gəlin o səbəblərdən bir neçəsinə nəzər salaq: Birincisi, İranın Avropaya yeganə yolu Ermənistandan keçir. Azərbaycanın tarixi qələbəsindən sonra o yol Azərbaycan və Rusiya hərbçiləri tərəfindən nəzarətə götürülüb. Beləliklə, bütün narkoticarət yolları qapanıb. Halbuki, İran Ermənistanın işğal etdiyi ərazilər üzərindən əsasən gömrük rüsumlarını ödəmədən Rusiya və Qərbi Asiyaya çıxış əldə edirdi. İkincisi, İran hələ də Azərbaycanı öz tarixi ərazisi kimi gördüyündən "Arazın bu tayındakı Azərbaycanın" müstəqil, dünyəvi və demokratik olmasını öz "ərazilərinə təhdid kimi" görür. Üçüncüsü, Azərbaycanın İkinci Qarabağ müharibəsindən qalib kimi çıxması, beynəlxalq aləmdə yerini möhkəmlətməsi, Türkiyə ilə strateji müttəfiqliyi, Pakistanla əlaqələrin sıxlaşması, İsraillə, Böyük Britaniya ilə strateji münasibətlər qurması İrana sərf eləmir. Dördüncüsü və ən əsası Zəngəzur dəhlizinin açılmasının Azərbaycanın təkcə Naxçıvanla deyil, həm də Türkiyə ilə birləşməsidir və bunu mollalar düşünmək belə istəmirlər. Türk dünyasına qarşı nifrətini gizlədə bilməyən mollabaşların əsil dini mənsubiyyəti buradan aydın görünür. Məlum olan odur ki, onların islam təəssübkeşliyi, İmam Hüseyn sevgisi riyakarlıqdan başqa bir şey deyil. 40 milyon azərbaycanlı vətəndaşına öz ana dilində təhsil almaq hüququ tanımayan İran 30 ildir ki “ Səhər” televiziya kanalından azərbaycan dilində hədyan yağdırır. Amma bircə dəfə bizim televiziyalardan “o taylı, bu taylı Azərbaycana salam” deyilməsi bu kütbeyin molla sürüsünün kürkünə birə salıb. Hər bir halda bu gün İranın daxilindəki təlatüm, çaxnaşma çox şeyin aydınlanmasına gətirib çıxaracaq. Mirzə Ələkbər Sabirin: Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur-deyimi qüvvəsindədir. Bu çalxalanmada da İranın mahiyyəti üzə çıxmaqda, onun islami dəyərləri tapdalamasını aləmi-aşikar etmədədir. Şəmsi Qoca aia.az Geri dön |