Ana Sayfa > Özəl > Azərbaycanın İslam dünyasında nüfuzu getdikcə artır
Azərbaycanın İslam dünyasında nüfuzu getdikcə artır11-11-2022, 10:19. Yazar: sevinc1 |
Azərbaycan özünün beynəlxalq əlaqələrini getdikcə genişləndirir, ölkəmizin dünya dövlətləri arasında nüfuzu durmadan artır. Ötən əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətimizin qarşısında duran mühüm vəzifələrdən biri də müstəqil Azərbaycan Respublikasını dünyaya tanıtmaq idi. Bunun üçün düzgün və ölkənin maraqlarına uyğun xarici siyasət kursu həyata keçirmək lazım idi. Müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edən ayrı-ayrı siyasi qüvvələr bu vəzifənin öhdəsindən gələ bilmədilər. Normal xarici əlaqələrin qurulmaması bu illərdə Qarabağda baş qaldıran erməni separatizmi və işğalçılıq siyasətinin də dünyaya çatdırılmasında ciddi əngəllər yaradırdı. Bu neqativ tendensiyaya yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə son qoyuldu. Xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər bütün yaxın və uzaq ölkələrlə normal əlaqələr qurmağı xarici siyasətdə əsas prioritet hesab edirdi. Ümimmilli Lider İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə də hər zaman xüsusi diqqət yetirib. Nəzərə almaq lazımdır ki, İslam dünyası ilə əlaqələri inkişaf etdirmək Qarabağ problemi və erməni işğalı barədə həqiqətləri müsəlman aləminə, eyni zamanda ərəb ölkələrinin mövcud imkanlarından istifadə edərək bütün dünyaya çatdırmaq baxımından önəmli idi və Ulu Öndər Heydər Əliyev bunu hamıdan yaxşı bilirdi. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev də bu gün müsəlman ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Dövlət başçımızın ötən 19 il ərzində müsəlman ölkələrinə həyata keçirdiyi səfərlər, əldə edilən ikitərəfli razılaşmalar bunu aydın şəkildə nümayiş etdirir. O cümlədən cənab Prezident İlham Əliyevin cari ilin 1 noyabr tarixində Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı Azərbaycan üçün əlamətdar hadisədir. Dövlət başçımızın Sammitdə etdiyi çıxışında dediyi kimi, sözügedən fakt dostluq və qardaşlıq əlaməti olaraq, ölkələrimiz arasında birliyi nümayiş etdirir. Bunu da qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında Azərbaycanın da Əlcəzair kimi uzun illər işğaldan əziyyət çəkən ölkə olduğunu vurğulamaqla bu kimi məsələlərdə ölkəmizin hər zaman yalnız haqlı olanın yanında yer tutduğunu diqqət mərkəzinə gətirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır və gələcəkdə belə faciələrin qarşısının alınması üçün dünya birliyi əlindən gələni etməlidir. Həmçinin möhtərəm Prezidentimiz Azərbaycanın bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəmədiyini, İslam həmrəyliyinə kifayət qədər töhfə verdiyini vurğulayıb 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi bunun bariz təcəssümüdür. Bu gün Azərbaycan İslam dünyasının bir parçası olaraq bu coğrafiyaya daxil olan dövlətlərlə yüksək səviyyədə əməkdaşlığını davam etdirir, ayrı-ayrı ölkələrlə siyasi, mədəni, iqtisadi, sosial və digər sahələrdə əlaqələri ən yüksək səviyyədə inkişaf etdirir. Bununla Azərbaycanın İslam dünyasında nüfuzu getdikcə daha da artır. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini aia.az Geri dön |