Ana Sayfa > Özəl > Cənab Prezidentimiz beynəlxalq miqyasda ən ali kürsülərdən Azərbaycan həqiqətlərini dünyaya çatdırır.

Cənab Prezidentimiz beynəlxalq miqyasda ən ali kürsülərdən Azərbaycan həqiqətlərini dünyaya çatdırır.


10-11-2022, 17:25. Yazar: sevinc1
Cənab Prezidentimiz beynəlxalq miqyasda ən ali kürsülərdən Azərbaycan həqiqətlərini dünyaya çatdırır.

Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Bu, həm də İslam dövlətləri arasında  dostluq və qardaşlığın təcəssümüdür.  Sammitdə Azərbaycanın iştirakı ölkələrimiz arasında birliyi nümayiş etdirir. Bu təşkilat 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir. Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür. Ölkəmiz qurumun üzv dövlətləri ilə  əməkdaşlığı daha da  genişləndirmək  fikrindədir. Toplantıda  Prezident İlham Əliyevin çıxışı böyük maraqla izlənildi. Dövlətimizin başçısı  sammitdə, həm də Qoşulmama Hərəkatının sədri kimi iştirak edirdi. Dövlət başçısı İlham Əliyevin son xarici səfərlərinə, qatıldığı beynəlxalq tədbirlərin xronologiyasına diqqət yetirməklə tarixi Zəfərimizdən ötən iki ildə Azərbaycanın  artan rolunun, möhkəmlənən mövqeyinin aydın mənzərəsini təqdim etmək mümkündür. Prezident İlham Əliyevin ötən  ay Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında, onun ardınca Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin  6-cı Zirvə Toplantısında, noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı da deyilənlərin təsdiqidir.
Hər bir tədbir mahiyyəti, mövzusu ilə yanaşı, həm də  keçirildiyi məkan,   hədəflərə nail olmaq üçün birgə səylərin göstərilməsi üçün iştirakçı dövlətlərin malik olduqları imkanların təqdimatı baxımından  əhəmiyyət kəsb edir. Bu tədbirlər, eyni zamanda, tarixi Zəfərimizin reallıqlarının təqdimatı və qəbulunda öz sözünü deyir. Dövlət başçısı cənab İlham Əliyev çıxışlarında diqqəti 30 illik işğal dövrünün reallıqlarına yönəldərək BMT qətnamələrinin, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizmin olmamasının yaratdığı problemlərdən bəhs edir. Cənab Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün bu ölkəyə səfəri hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Cənab Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasına səfəri ölkəmizlə bu təşkilat arasındakı münasibətlərin yeni istiqamətlər üzrə inkişafına böyük töhfələr verəcək. Sammit Əlcəzairin Milli Azadlıq Gününə  təsadüf etdi.  Prezident İlham Əliyev Zirvə toplantısındakı çıxışında diqqəti 30 illik işğal dövründə dünyanın ikili standartlara əsaslanan siyasətinə yönəldərək bildirdi ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma Azərbaycana gəldikdə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu, ikili standartdır, bu, yolverilməzdir. 
Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. Hər bir beynəlxalq əhəmiyyətli tədbir perspektivlərin müəyyənləşdirilməsində mühüm rol oynayır. Bütün dövrlər üçün aktuallığını saxlayan birlik, həmrəylik, sülh, əməkdaşlıq çağırışları günümüzün əsas tələbidir. Regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasına dəstək sözdə deyil, əməldə öz əksini taparsa, qarşıdakı dövrdə yeni əməkdaşlıq formatlarının yaradılmasına, mövcud formatların tərkibinin genişləndirilməsinə imkanlar yaranar ki, bu da öz növbəsində bölgənin dayanıqlı inkişafına böyük töhfə  olar.

Kənan İslamov,
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi


Geri dön