Ana Sayfa > Manşet / Siyasət / Özəl > Novruzəli Aslanov: “Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında kommunikasiyaların yaradılması Üçtərəfli Bəyanatda təsbit olunmuş ən mühüm məqamlardan biridir”

Novruzəli Aslanov: “Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında kommunikasiyaların yaradılması Üçtərəfli Bəyanatda təsbit olunmuş ən mühüm məqamlardan biridir”


10-11-2022, 14:52. Yazar: sevinc1
Novruzəli Aslanov: “Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında kommunikasiyaların yaradılması Üçtərəfli Bəyanatda təsbit olunmuş ən mühüm məqamlardan biridir”

“10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Müzəffər Ali Baş Komandan, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmiz Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda artıq bütün dünya gücləri Azərbaycana yeni və tam fərqli bir yanaşma tərzi formalaşdırmaq məcburiyyətində olduqlarını qəbul etdilər. Azərbaycan böyük güclər arasında gedən geosiyasi oyunların bir obyekti olmadığını, tam əksinə, bu oyunları özü yönəltmək iqtidarında olan bir güc olduğunu isbatladı. 2020-ci il noyabr ayının 10-da imzalanmış Üçtərəfli Bəyanat ölkəmizin tarixi Qələbəsini rəsmiləşdirdi. Bu Bəyanatla təkcə Qarabağ münaqişəsinə deyil, ümumiyyətlə Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması ilə bağlı bütün arzu və planlara birdəfəlik son qoyuldu. Bir vaxtlar mövcud olmuş qondarma “Dağlıq Qarabağ” üçün ermənilər və onların havadarları tərəfindən ölkəmizə qarşı tələb kimi irəli sürülən status iddiaları da artıq heç zaman müzakirə mövzusu olmayacaq.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.


Deputat bildirib ki, yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsinin dünya ölkələri tərəfindən öyrənilməsi Azərbaycanın hərbi qüdrətinin təsdiqidir: “Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bu gün bütün dünyada öyrənilir. Azərbaycan Ali Baş Komandanımızın rəhbərliyi ilə hərb tarixinə yenilik kimi düşən, hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. II Qarabağ müharibəsi zamanı istifadə olunan bu taktika dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. O cümlədən ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.”

Öz fikirlərini davam etdirən N.Aslanov daha sonra qeyd edib ki, Üçtərəfli Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaq: “İmzalanmış Bəyanata əsasən Ali Baş Komandan cənab İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq öhdəliyini üzərinə götürdü və buna əməl etmək məcburiyyətində qaldı. Həmçinin Üçtərəfli Bəyanatda öz əksini tapmış ən mühüm məqamlardan biri Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında avtomobil və dəmiryolu kommunikasiyalarının yaradılması oldu. Bəyanatda bildirilir ki, köhnə kommunikasiyaların, yolların açılması ilə yanaşı eyni zamanda burada yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və artıq bu istiqamətdə də işlər görülür. Qeyd etmək lazımdır ki, bu bənd birbaşa Prezident İlham Əliyevin təkidilə bu bəyanata salındı. Çünki birbaşa münaqişə ilə bu bəndin heç bir əlaqəsi yox idi. Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır və ölkəmiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu missiyanı da ən yüksək səviyyədə həyata keçirəcək”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön