Ana Sayfa > Seçki 2024 > Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir.

Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir.


9-11-2022, 13:10. Yazar: sevinc1
Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir.

Məlum olduğu kimi, Azərbaycan Vətən müharibəsində qazandığı misilsiz qələbə və yaratmış olduğu yeni reallıqlarla dünyada güclər balansını tamamilə dəyişdirmişdir. Aydın məsələdir ki, qütbləşən və konfliktlər mənbəyinə çevrilən beynəlxalq münasibətlər sisteminin fonunda yeni dünya nizamı formalaşır. Bu baxımdan ölkəmiz dünyada iqtisadi, siyasi gücü ilə bərabər beynəlxalq təsisatlarda günbəgün artan nüfuzu ilə də xüsusi diqqət çəkir. Dövlət Başçısı cənab Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışı və Ona göstərilən xüsusi diqqət ölkəmizə qarşı göstərilən yüksək münasibətin növbəti təzahürü idi.
Qeyd edək ki, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Sözügedən fakt dostluq və qardaşlıq əlamətidir. Sammitdə Azərbaycanın iştirakı ölkələrimiz arasında birliyi nümayiş etdirir. Ölkəmiz 2006-cı ildən Ərəb Dövlətləri Liqasının müşahidəçi statusunda üzvüdür. Müsəlman ölkələri arasında münasibətlərin inkişafı baxımından Azərbaycan Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə əməkdaşlığa xüsusi önəm verir. Bu baxımdan deməliyik ki, multikultural dəyərlərin hökm sürdüyü və əhalisinin mütləq əksəriyyəti müsəlman olan bir ölkə kimi Azərbaycan beynəlxalq siyasi arenda İslam həmrəyliyinə kifayət qədər töhfə verməsi ilə xüsusi seçilir. Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik, dostluq bayramına çevrilmiş və ölkəmizdə xüsusi təntənə ilə keçirilmişdir.

Ölkəmizin beynəlxalq təsisatlarda nüfuzu durmadan artmaqdadır. Ölkə başçısı cənab İlham Əliyevin toplantıya evsahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində fəxri qonaq statusunda iştirakı və çıxışının xüsusi diqqətlə dinlənilməsi ölkəmizə və onun Liderinə göstərilmiş ən yüksək hörmət və diqqətin açıq nümayişi idi. Şübhəsiz ki, cənab Prezidentin bu toplantıya fəxri qonaq statusunda dəvət olunması ölkəmizin siyasi, iqtisadi gücünü, benəlxalq arenadakı nüfuzunu nümayiş etdirməklə yanaşı, ermənipərəst Fransanın iç üzünün dünyaya nümayiş olunması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Həm daxili, həm də xarici auditoriya ölkə Başçımızın çıxışında vurğuladığı tarixi faktların fonunda Fransa və Ermənistan arasındakı həmrəyliyin və doğmalığın eyni qəddarlıq və zorakılıqdan qaynaqlandığını gördü.

Cənab Prezidentin çıxışında vurğuladığı məqamları bir daha xatırlatmaq lazımdır: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.

Müqayisə üçün qeyd edək ki, fransızlar Əlcəzairdə 5 milyondan çox, oxşar senari ilə Ermənistan Azərbaycanın tarixi torpaqlarında bir milyondan çox mina basdırmşdır. Bu fakt özlüyündə Fransa və Ermənistan arasında kifayət qədər vacib “oxşarlıq” olduğunu əyani şəkildə göstərir. Şübhəsiz ki, bütün bu qəddarlıq və zorakılıq islamafob yanaşmanın nəticəsidir. Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, bütün bu vəhşilikləri törədən Fransa Paris muzeylərində ölkəsinin müstəmləkəsi olan xalqların 21 min nümayəndəsinin kəllə sümüyünü nümayiş etdirir. Həmin sümüklərdən 500-nün əlcəzairlilərə məxsus olduğu məlumdur. Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mütəmadi olaraq kütləvi məzarlıqlar, skeletlər aşkarlanır. Bütün bu faktlar Fransa və Ermənistan arasında “oxşarlıqlar”ın mövcud olduğunu ortaya qoyur.

Ən vacib məsələ isə ondan ibarətdir ki, bu qəddar, vandal ölkələrin heç biri törətdikləri cinayətlərə görə cavab verməyib. Göründüyü kimi, xarici siyasətdə Fransanın əsas xəttini ikili standartlar və riyakarlıq təşkil edir. Bu riyakarlıq isə bu gün demokratiya və insan haqları adı altında pərdələnir. İnanırıq ki, dünyada dəyişən güclər balansı bu ölkələrin törətdikləri cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməsini təmin edəcək.

Gülnarə Həsənova,
YAP Göygöl rayon təşkilatı üzrə Üçtəpə kənd ərazi partiya təşkilatının sədr müavin
aia.az

Geri dön