Ana Sayfa > Özəl > Polad Ağakişiyev: Azərbaycan multikultural və tolerant bir ölkədir

Polad Ağakişiyev: Azərbaycan multikultural və tolerant bir ölkədir


8-11-2022, 15:51. Yazar: sevinc1
Polad Ağakişiyev: Azərbaycan multikultural və tolerant bir ölkədir

Müasir dünyamızın mürəkkəb və qarışıq bir dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının siyasi uzaqgörənliyi, zəngin dünyagörüşü, mükəmməl idarəçilik qabiliyyəti nəticəsində ölkəmiz siyası və iqtisadi cəhətdən inkişaf edir, xarici aləmdə mövqeyi daha da möhkəmlənir. Artıq beynəlxalq aləm cənab İlham Əliyevi güclü Lider, nüfuzlu dövlət başçısı olaraq qəbul edir və onunla hesablaşırlar.
Möhtərəm Prezidentimizin noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci zirvə toplantısına dəvəti bunu bir daha sübut etdi. Mötəbər auditoriya önündə çıxış edən Prezidentimiz qeyd etdi ki, Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkən bir dövlət olub. Ermənistan uzun müddətdə torpaqlarımızı işğal altında saxlayıb.2020-ci ildə Azərbaycan Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarını işğaldan azad etdi. Beynəlxalq təşkilatların bütün qərar və qətnamələrinə baxmayaraq Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamışdır. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək erməni işğalına son qoydu. Prezident cənab İlham Əliyev beynəlxalq aləmdə ikili standartların mövcud olması barədə də fikirlərini bildirdi. Bəzən BMT TŞ- nın qəbul etdiyi qətnamələrin icrasına bir neçə gündən sonra başlanır, Azərbaycana gəldikdə isə 4 qətnamə 30 ilə yaxın kağız üzərində qalır. Bu qətnamələri yerinə yetirmədiyinə görə heç bir beynəlxalq təşkilat Ermənistana nə təzyiq , nə də sanksiya tətbiq etmədi. İşğal dövründə Ermənistan bütün şəhər və kəndlərimizi yerlə yeksan etmişdir, 67 məsciddən 65- ni tamamilə dağıtmışdır. Azərbaycan işğaldan azad edilmiş kənd və şəhərlərimizi yenidən qurur. Özü də öz gücü hesabına. Heç bir donor təşkilat ölkəmizə yardım göstərməyib. Prezident cənab İlham Əliyev daha bir mötəbər beynəlxalq təşkilatda Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı.
Möhtərəm Prezidentimiz buradakı çıxışı zamanı demişdir: “Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.
Bu illər ərzində Azərbaycanın hər zaman ərəb qardaşlığını, İslam Həmrəylik Təşkilatının dəstəyini hiss etdiyini vurğulayan Dövlət Başçımız qeyd etmişdir ki, Azərbaycan bütün beynəlxalq tədbirlərdə müsəlman qardaşlığına öz töhfəsini göstərib. 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilmiş, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bütün bunlar Azərbaycanın İslam dininə, islam həmrəyliyinə verdiyi böyük qiymətin nümunəsidir. Azərbaycan 2019-cu ildən BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan və 120 dövləti özündə birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edir. Təşkilatın üzv dövlətlərinin yekdil səsi ilə Azərbaycanın bu quruma sədr seçilməsi ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuza sahib olmasından xəbər verir. Ölkəmizın Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın dünya siyasətinə təsiri artmışdır. Azərbaycanın yüksək səviyyədə sədrlik missiyasını dəyərləndirən üzv dövlətlərin yekdil qərarı ilə ölkəmizin sədrliyi 2023-cü ilin sonuna qədər uzadılmışdır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çətin bir vaxta, COVİD-19 dövrünə təsadüf etdi. Ölkəmiz koronovirusla bağlı 80 ölkəyə maliyyə və humanitar yardım göstərmişdir. Azərbaycan 2020-ci ilin dekabrında keçirilmiş və COVİD-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasının təşəbbüskarı olub. Bu sessiyanın çağırılmasının əsas məqsədi ehtiyacı olan dövlətlərə, vaksin əldə edə bilməyən ölkələrə dəstək olmaq idi. Azərbaycan vaksin millətçiliyinə qarşı, peyvəndlərin ədalətsiz bölgüsünə qarşı öz səsini ucaldan ilk dövlətlərdən oldu.
Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak edən cənab İlham Əliyev çıxışı zamanı Azərbaycanın Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərinin olduğunu vurğulamışdır. Əminlik ifadə etmişdir ki, yaxın gələcəkdə də ölkələrimizin əməkdaşlığı genişlənəcək, yeni xarakter və yeni dinamika alacaqdır. Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza öz dəstəyini əsirgəməyəcəkdir.

Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
aia.az

Geri dön