Ana Sayfa > Özəl > Azərbaycan bütün hallarda yalnız haqqın və ədalətin yanında duracaq
Azərbaycan bütün hallarda yalnız haqqın və ədalətin yanında duracaq6-11-2022, 10:21. Yazar: sevinc1 |
Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır. Ölkəmiz 2006-cı ildən Ərəb Dövlətləri Liqasının müşahidəçi statusunda üzvüdür və bu gün mövcud əməkdaşlığı daha da genişləndirmək üçün böyük imkanlar var. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari ilin 1 noyabr tarixində Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi uğurlu diplomatiya və xarici siyasət kursu Azərbaycanın ən mötəbər beynəlxalq təşkilatlarda üzvlüyünü və iştirakını həmin təşkilatların üzv ölkələri üçün arzuolunan edir. Bu gün Azərbaycan 120 ölkəni bir araya gətirən və BMT-dən sonra dünyada ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada mühüm rol oynayır. Ölkəmiz bu təsisatın sədrliyinə 2019-cu ildən və bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdir. Bu da Azərbaycanın mövqeyinə və siyasətinə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirən bir haldır. Ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətinin yüksək səmərəliliyi, ötən müddət ərzində irəli sürdüyü təşəbbüslərin effektivliyi buna səbəb oldu ki, Azərbaycanın təşkilata sədrliyi bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadıldı. Əlcəzairə bu ölkənin Milli Azadlıq Günündə etdiyi səfər çərçivəsində möhtərəm Prezidentimiz cənab İlham Əliyev Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət edərək Əlcəzair xalqının öz azadlığı uğurunda verdiyi şəhidlərin xatirəsini yad etmişdir. Bundan sonra dövlətimizin başçısı Sammitdə etdiyi çıxışında Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı bir daha kəskin şəkildə pisləmiş və qeyd etmişdir ki, dünya heç zaman bu faciəni unutmamalıdır. Həmçinin Azərbaycan Prezidenti vurğulamışdır ki, dünya birliyi gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlindən gələni etməlidir. Bu gün Azərbaycanı öz ərazi bütövlüyünü təmin etmək üçün, BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək apardığı və tarixi Qələbə ilə başa vurduğu ədalətli Vətən müharibəsinə görə qınamağa cəhd edən Fransa hökuməti yaxşı olardı ki, yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı apardığı dəhşətli işğalçı müharibə nəticəsində ölümünə səbəb olduğu 1,5 milyon əlcəzairlinin qanları barədə düşünsün. Cənab Prezident İlham Əliyev öz çıxışında səsləndirdiyi fikirləri ilə Azərbaycanın bütün hallarda yalnız haqqın və ədalətin yanında durduğunu və bundan sonra da duracağını bir daha bütün dünyaya bəyan etdi. Məlumdur ki, Azərbaycan da uzun müddət ərzində Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində Azərbaycan həmişə ərəb ölkələrinin, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edib. Həmçinin Azərbaycan da bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdi. Dövlət başçımızın Sammitdəki çıxışında qeyd olunduğu kimi, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Sözügedən fakt dostluq və qardaşlıq əlamətidir və ölkələrimiz arasında birliyi nümayiş etdirir. Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri vardır və bu gün bu münasibətləri daha da dərinləşdirmək, inkişaf etdirmək üçün geniş imkanlar yaranıb. Ceyhun Cahangirov, Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam orta məktəbin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı. aia.az Geri dön |