Ana Sayfa > Özəl > Daxil Kərimov: “Şuşanın işğaldan azad olunması Vətən müharibəsinin tezliklə Zəfərlə başa çatacağına dair açıq-aydın bir müjdə idi”

Daxil Kərimov: “Şuşanın işğaldan azad olunması Vətən müharibəsinin tezliklə Zəfərlə başa çatacağına dair açıq-aydın bir müjdə idi”


5-11-2022, 08:30. Yazar: sevinc1
Daxil Kərimov: “Şuşanın işğaldan azad olunması Vətən müharibəsinin tezliklə Zəfərlə başa çatacağına dair açıq-aydın bir müjdə idi”

“8 noyabr Azərbaycan xalqının qan yaddaşına şərəfli tariximizin ən önəmli və əlamətdar günlərindən biri kimi əbədi həkk olunub. 2020-ci ilin məhz bu günü şanlı Azərbaycan Ordusu qədim Şuşa şəhərini düşmənin işğalından azad etməklə Ermənistanı kapitulyasiya etmək məcburiyyəti qarşısında qoydu. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə məhz bu günün respublikamızda Zəfər Günü kimi qeyd olunması da 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsilə başa çatmasında Şuşanın işğaldan azad olunmasının ən önəmli faktor kimi çıxış etdiyini bir daha vurğulayır.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Nərimov rayonu 21 saylı notariat kontorun xüsusi notariusu Daxil Kərimov deyib.

Müsahibimiz Şuşanın işğaldan azad edilməsinin bir tərəfdən hərbi əməliyyatların gedişinə təsiri nəzərə alınaraq strateji baxımdan, digər tərəfdən isə daşıdığı mənəvi dəyərlər baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları deyib: “Şuşa Qarabağın dağlıq ərazilərini nəzarətdə saxlamaq baxımından tutduğu coğrafi mövqeyinə görə böyük strateji əhəmiyyət kəsb edir. Şuşaya nəzarət etmək Xankəndinə və bir çox digər yaşayış məntəqələrinə nəzarət etmək deməkdir. Əlbəttə, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı bu ədalətli Vətən müharibəsinin sonu elə hərbi əməliyyatların başlandığı ilk gündən heç kimdə şübhə doğurmurdu. Ali Baş Komandan cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə demişdi ki, Azərbaycanın qüdrətli ordusu var və bu ordu öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Sadəcə olaraq xalqımızın sülhsevərliyi, möhtərəm dövlət başçımızın insanpərvərliyi qarşı tərəfə münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlardan sonadək yararlanmaq şansı verdi. Lakin bizi düzgün başa düşmədilər. Bizi aciz bildilər. Hətta başqa ərazilərimizə də göz dikdilər. Nəhayət Azərbaycan xalqının da səbri tükəndi. Və budur, ermənilərin beş il ərzində işğal etdikləri, otuz il ərzində hərbi-mühəndis qurğuları ilə, güclü istehkamlarla möhkəmləndirdikləri ərazilər 44 gün ərzində Azərbaycan Ordusu tərəfindən ardıcıl azad edildi. Düşmən torpaqlarımızdan qovuldu! 2020-ci il noyabr ayının 8-də isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz Şuşanı azad etdi. Bu möhtəşəm qələbə bütün dünyaya Azərbaycan xalqının öz Prezidentinin ətrafında bir yumruq kimi necə sıx birləşdiyini, bu birliyin qarşısında heç bir qüvvənin dura bilməyəcəyini bir daha göstərmiş oldu. Eyni zamanda da Şuşanın işğaldan azad olunması Vətən müharibəsinin tezliklə zəfərlə başa çatacağına, yəni bütün torpaqlarımızın işğaldan tamamilə azad ediləcəyinə artıq sayılı günlərin qaldığına dair açıq-aydın bir müjdə olmuşdu.”

Həmçinin Daxil Kərimov xüsusi olaraq vurğulayıb ki, ötən əsrin sonlarında başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “böyük Ermənistan” adlı utopik ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir: “Heç bir şübhə yoxdur ki, bir çox dünya gücləri bu münaqişənin ədalətli həllundə maraqlı deyildilər. İşğalının 30 ilə yaxın müddət ərzində davam etməsində də Ermənistanın xaricdəki havadarlarının və ikili standartlar siyasəti yürüdən bir çox beynəlxalq təşkilatların müstəsna rolu olub. Həmin dövrdə gedən proseslərin əslində münaqişənin həllinə yönəlmədiyi bu gün daha qabarıq formada özünü göstərir. Bütün bu illər ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisələri ilə bağlı baş verənlərə göz yumdu. ATƏT-in Minsk Qrupu 29 illik fəaliyyəti ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdı. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışdırmaq, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirmək üçün var qüvvələri ilə çalışdılar. İşğalın davam etdiyi illər ərzində nə qədər sülh danışıqları aparılsa da, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyətlərində zaman-zaman müəyyən format dəyişiklikləri müşahidə olunsa da torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Buna görə də möhtərəm dövlət başçımız bizim hazırlaşmalı olduğumuzu heç zaman gizlətməyib. Bütün bu illər ərzində Azərbaycan Prezidenti daim deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə bunu həll edəcəyik. Buna görə də dövlətimizin başçısı tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğala öz gücünə son qoymaq iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirmişdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı. Azərbaycana qarşı təxribatlar davam etdirildi. Məhz buna görə erməni işğalına son qoymaq üçün hərbi əməliyyatların başlanması yeganə mümkün variant, tarixi zərurət idi.”

Müsahibəni hazırladı:
Elman Hüseynov
aia.az

Geri dön