Ana Sayfa > Özəl > TARIXI QƏLƏBƏNİN TƏQVİMİ: 8 NOYABR – ZƏFƏR GÜNÜ ŞƏRH

TARIXI QƏLƏBƏNİN TƏQVİMİ: 8 NOYABR – ZƏFƏR GÜNÜ ŞƏRH


5-11-2022, 10:01. Yazar: sevinc1
TARIXI QƏLƏBƏNİN TƏQVİMİ: 8 NOYABR – ZƏFƏR GÜNÜ ŞƏRH

Müzəffər Azərbaycan ordusunun 44 gün davam edən zəfər yürüşü şanlı qələbə ilə başa çatdı. Ordumuz əsgər və zabitlərin canı-qanı bahasına Ermənistanın 30 ilə qurduğu nəhəng istehkamları yarıb keçərək düşmənin silahlı qüvvələrini darmadağın etdi.
Bu gün azad olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımız əbədi dalğalanır. Bu hünər savaşında şirin canlarından keçən şəhidlərimizin, öz sağlamlıqlarını torpaqlarımızın ərazi bütövlüyü uğrunda itirən qazilərimizin, Vətən müharibəsi iştirakçılarının uşaq və gənclərimizə tanıdılması istiqamətində Respublikamizin bütün bölgələrində bir sıra tədbirlər həyata keçirilməkdədir.
Tarixə düşən unudulmaz “8 Noyabr - Zəfər Günü” ilə bağlı ölkəmizdə qazilər, müharibə iştirakçıları və şəhid ailələri ilə görüşlərin, xatirə günlərinin keçirilməsi, ənənəvi və virtual kitab sərgilərinin hazırlanması, yeni kitabların təqdimatının keçirilməsi, elektron resursların hazırlanması, Vətən müharibəsi ilə bağlı məqalələrin dövri nəşrlərdə dərc edilməsi və internet saytlarında yerləşdirilməsi, məlumatlandırma və təbliğat xarakterli çap məhsullarının (buklet, vərəqə, flayer, təqvim və s.) nəşri və digər tədbirlərin həyata keçirilməsi davam etməkdədir.
“8 Noyabr - Zəfər Günü” ilə əlaqədar ölkəbizin bütün ərazisində həyata keçirilən tədbirlərdən ən vacibi Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş anım (xatirə) günlərinin keçirilməsidir. Çünki torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən qəhrəman oğullarımızın misilsiz şücaəti sayəsində xalqımız tarixi qələbəyə qovuşub. Anım (xatirə) günü ilə əlaqədar əvvəlcədən hazırlıq işləri görülür, Vətən müharibəsi ilə bağlı fotostendlər, sərgilər, videoçarxlar, slayd-şou- lar hazırlanır, sənədli filmlər nümayiş olunur.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarılmalıdır. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub. Üçtərəfli bəyanata əsasən, noyabrın 25- də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika institutunun əməkdaşı ,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü
Geri dön