Ana Sayfa > Gündəm > Hərbi hospital, yoxsa murdar tövlə?

Hərbi hospital, yoxsa murdar tövlə?


9-06-2016, 10:52. Yazar: admin



Ermənistan ordusu və onunla bağlı hər şey ictimaiyyətin müzakirəsi üçün qapalı mövzuya çevrilir. Hələ 2015-ci ilin avqustunda Ermənistanın müdafiə naziri Seyran Ohanyan nəinki fövqəladə hadisələrin, həmçinin silahlı qüvvələrdə istənilən təhqiqatın məxfiliyi barədə əmr imzalayıb. Bunlar heç də daim həyəcan içində olan hərbçi valideynlərinin əsəblərini korlamamaq üçün edilmir, məqsəd ölkə ordusunu çulğamış mənfi halları erməni cəmiyyətindən gizlətməkdir.

Bu cür məxfilik hərbi hospitallardan da yan keçməyib. Onların rəhbərliyi yaralıların sayı və keçirdikləri xəstəliklərlə yanaşı, müalicə şəraiti ilə bağlı məlumatları da gizlədir.

Bu günlərdə sosial şəbəkələrin erməni seqmentində 47 yaşlı Gümrü sakini Larisa Vardanyan dəhşətlə Ohanyanın rəhbərlik etdiyi idarənin hospitallarından birində oğlu Arkadinin hansı şəraitdə müalicə edildiyindən yazıb. Aprelin 17-də əsgər anası xəbər tutub ki, işğal edilmiş Azərbaycan torpaqlarında hərbi xidmət keçən Arkadi ayağından güllə yarası alıb. Hərbi hissənin zabitinin sözlərinə görə, "silahla ehtiyatsız davrandığına görə”.

"Oğlumun müalicə aldığı ikimərtəbəli bina hospitaldan çox tövləyə bənzəyirdi. Bu yarıuçuq tikili müalicə müəssisəsini yox, işgəncə konveyerini xatırladır. Bir az pul ödəyəndən sonra oğlumun yanına düşə bildim. Məlum oldu ki, Arkadinin orada yatdığı 3 gün ərzində həkim cəmi 1 dəfə ona baş çəkib. Heç sarğını da dəyişmirlər, çünki sarğı və sarğı materialları üçün ödəniş etmək lazımdır. Mən də ödəniş etdim ki. yarada irinləmə başlamasın. "Hospital”da nə xərək, nə də lift yoxdur, buna görə də, oğlumu sarğı üçün ikinci mərtəbədən birinci mərtəbəyə qucağımda aparmalı olurdum”.


"Hospital”dakı vəziyyət qorxuncdur. İşlək vəziyyətdə olan unitaz, əlüzyuyan və elektrik "rozetka”sı yoxdur. Yaralılar üçün yemək çirkli vedrələrlə daşınır. Təbii ki, ən çox kasıblar əziyyət çəkir. Valideynləri varlı olanları bir qədər pulun müqabilində Yerevandakı Mərkəzi Klinik Hərbi Hospitala köçürürlər. Bu hospitalda isə valideynlər hər şeyi öz hesablarına almalıdırlar! Hərbi həkim mənə belə də dedi: "Oğlunuzu ayağa qaldırmaq istəyirsinizsə, hər şeyi özünüz alacaqsınız. O vaxt da müalicə edərik”. İlk baxışda elə görünür ki. hospitalda, ümumiyyətlə, heç nə yoxdur. Lakin pul ödəmək kifayətdir ki. hər şey möcüzəli şəkildə peyda olsun. Sual olunur: mən oğlumu ona görə böyütmüşəm ki, onunla burda belə donuz kimi rəftar etsinlər? Nəyə görə Artsaxdan olan çağırışçılar Ermənistanda təhlükəsiz şəraitdə xidmət edirlər, mənim oğlum isə DQR-də vuruşur, hələ üstəlik də yaralanan zaman öz hesabına müalicə olunmalıdır?


Biz 10 il Rusiyada Uzaq Şərqdə yaşamışıq, lakin oranın ən ucqar və kasıb kəndində də tibb məntəqəsi Ermənistan Müdafiə Nazirliyinin hospitalından yaxşı vəziyyətdədir. Çox ümid edirəm ki, Ohanyan, yaxud Xaçaturov bunu oxuyub tədbir görəcəklər”, - bunları yazan Vardanyan mətnə əlavə olaraq "hərbi hospital”da gizlicə çəkdiyi iki fotoşəkil də yerləşdirib.

Erməni əsgərin qəzəbli anasının yazdığı bu məktub Ermənistan Müdafiə Nazirliyinin bütün strukturlarının korrupsiya girdabında olduğunu, erməni generalların yem yerinə çevrildiyini bariz şəkildə nümayiş etdirir. Təsadüfi deyil ki, Ermənistanın Baş Hərbi İstintaq İdarəsi ölkənin Müdafiə Nazirliyinin rəhbər heyətini səhlənkarlıq və korrupsiyada ittiham edərək cinayət işi açıb. Bu işlə əlaqədar artıq bir neçə erməni general və polkovnik həbs olunub.
Geri dön