Ana Sayfa > Seçilənlər-2 > Bakı otellərində iftar menyusu: 1 nəfər 55 manat
Bakı otellərində iftar menyusu: 1 nəfər 55 manat9-06-2016, 10:50. Yazar: admin |
Son illər oruc tutanlar iftarı təkcə evdə deyil, yaxınları ilə birlikdə kafe və restoranlarda açmağa üstünlük verirlər. Dünən Azərbaycanda Ramazanın ilk günü olmasına baxmayaraq, bir sıra restoranlarda növbə yarandığının şahidi olduq. Elə bu məqamda ölkədəki restoranların Ramazan menyusu ilə maraqlandıq. Məlum olub ki, ötən illərlə müqayisədə qiymətlərdə xeyli bahalaşma var. Ancaq bununla yanaşı büdcəyə uyğun iftar menyusu da tapmaq mümkündür. Hər il Ramazan ayı üçün xüsusi hazırlaşan restoranlardan olan "Mado"da qiymətlər 10-20 manat arasında dəyişir. Bu qiymət açıq bufet və xüsusi iftar menyusuna uyğun olaraq dəyişir. Tarixi "Sultanahmet Köfteci"sində isə qiymətlər 10-13 manat arasında dəyişir. Ət (toyuq) güveç, şorba, mövsüm salatı, irmik halvası, sərinləşdirici içki menyusu 10 manata, köftəli menyu isə 13 manatadır. Zeytun restoranında isə iftar menyusu 25 manata təklif olunur. Bəzi restoranlarda iftar üçün xüsusi aksiyalar da var. Məsələn, 1 nəfərlik menyu 20 manata olan restoran qabaqcadan zəng edib rezervasiya edənlərə 1 ay əvəzində 25 günün ödənişini alır. "Elif" restoranı müştərinin büdcəsindən asılı olaraq menyuların qiymətini 8-25 manat arasında müəyyən edib. Ən uyğun qiymət və iftar menyusu isə Ocaq restoranınında təklif olunur. 6 manata şorba, isti yemək, salatlar və kampot, ayran daxildir. Müştərilər yeməklərin də dadlı olduğunu söyləyir. Otellərə nəzər saldıqda isə Four Seasons Hoteldə "Eyvan” xüsusi iftar menyusu 40 manata, Abşeron oteldə isə 55 manata nəzərdə tutulub. Jumeirah Bilgah Beach Hoteldə isə açıq bufet 48 manata, xüsusi menyu 25 manata təklif olunur. Təklif olunan qiymətlərə nəzər saldıqda ötən illərə nisbətən xeyli artım olduğunun şahidi oluruq. Belə ki, 2 il əvvəl ortalama menyuların qiyməti 5 manat olsa da, bu il 10 manatdan aşağı menyulara çox nadir hallarda rast gəlmək olar. Ortalama 1 nəfərlik menyunu 20 manatdan götürsək, oruc tutan şəxs 1 ay boyunca 600 manat sırf iftar üçün xərcləməlidir. Bu məbləğ isə orta statistik azərbaycanlının 1 aylıq əmək haqqısından 2 dəfə çoxdur. Bir ailədə 3-4 nəfər orucunu açmaq üçün hər gün restoranlara üz tutarsa, bu rəqəm 2000 manata kimi gəlib çıxır. İftar menyuları ilə maraqlanan paytaxt sakinləri də qiymətlərdən razı deyil. Hətta bir qisim insan iftarın 20-30 manat verib restoranda açılmasının tam əleyhinədir: "İftar açmaq üçün gündəlik 50-60 manat xərcləyən insanlar tanıyırıq. O qiymətə imkansız bir neçə nəfəri doyuzdursa, daha savaba girər. Kasıbın halını anlamaq üçün oruc tutan adamın iftar menyusu 20-30 manatlıq olmaz” Ancaq araşdırmamız zamanı iftar menyusunu pulsuz təklif edən restoranlarla da qarşılaşdıq. Kübar restoranın iftar dəvəti: "Bizə bu ay qazanc lazım deyil, ehtiyacı olanlar pulsuz da buyurub gələ bilər. Ramazan ayında sizləri İftar süfrəmizə dəvət edirik”. Restoranda ehtiyacı olanların pulsuz iftar açıb açmadığını deyə bilmərik. Ancaq biznes maraqları üçün belə olsa, bu kimi addımlar müsbət qarşılanandır. Qonşu Türkiyədə Ramazan ayında iftara xüsusi diqqət göstərildiyini yəqin ki, bilməyən yoxdur. İstanbul və digər şəhərlərdə qiymətlər heç də ölkəmizdən ucuz deyil. Hətta orada qiymətlər sadəcə yeməklərdən asılı olaraq yox, restoranların mənzərəli və ya mənzərəsiz, canlı musiqinin olub-olmamasına görə də dəyişir. Hətta, bəzi yerlər müştərini cəlb etmək üçün müxtəlif kampaniyalar həyata keçirir, limitsiz çay təklif edirlər. Qafqazinfo Geri dön |