Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-2 > Kamaləddin Qafarov: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdur”
Kamaləddin Qafarov: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdur”4-11-2022, 10:17. Yazar: sevinc1 |
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabr ayının 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfəri istər ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamikası, istərsə də Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi imkanlarının müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycan və Rusiya Prezidentləri arasında keçirilmiş ikitərəfli görüşdə də əsasən bu məsələlər müzakirə mövzusu olmuşdur. Qeyd olunmuşdur ki, dövlət başçılarının intensiv görüşləri ölkələrimiz arasında münasibətlərin daha da inkişafına önəmli töhfələr verir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Deputat bildirib ki, Azərbaycan Prezidentinin Soçi səfəri zamanı aparılan müzakirələr Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində ölkəmizin xoş məramlı mövqelərdən çıxış etdiyini bir daha təsdiq edib: “Azərbaycan iki il bundan öncə çoxsaylı beynəlxalq təşkilatların, vasitəçi ölkə və qurumların uzun illər boyunca həll edə bilmədikləri münaqişənin həllinə özü nail oldu. Üçtərəfli Bəyannamədə çoxillik münaqişənin başa çatdığı təsbit edildi. Bu gün artıq bütün regionda davamlı sülhün və əmin-amanlığın, dinamik inkişafın bərqərar olması üçün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində məqsədyönlü addımlar atmaq lazımdır. Azərbaycan qalib ölkə olmasına rəğmən, sülh danışıqları prosesində də təşəbbüs göstərən tərəf kimi çıxış edir. Ölkəmiz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün baza rolunu oynayacaq 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Ən vacib məqam bundan ibarətdir ki, mahiyyət etibarı ilə münaqişə özü artıq iki il bundan əvvəl həll edilib və bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Bundan sonrakı mərhələlərdə isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində ciddi addımlar atılmalıdır.” K.Qafarov oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış Bəyanatın əhəmiyyətini vurğulayaraq deyib: “İlk növbədə, Soçi Bəyanatında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə kompleks yanaşma, eləcə də bu prosesin gedişində sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə daha əvvəl əldə edilmiş bütün razılaşmalara tərəflərin sadiqliyi təsdiq olundu. Həmçinin qarşıya çıxacaq bütün problemli məsələlərin güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmasına dair əldə olunmuş razılıq da ölkəmiz üçün çox önəmlidir. Çünki bu razılaşma ilə Ermənistan faktiki olaraq 1991-ci il Alma-Ata Bəyannaməsinə istinadən Qarabağı Azərbaycan ərazisi kimi tanımış olur. Soçi görüşündə Ermənistanın bir neçə fitnəkar təklifinin rədd edilməsi də Azərbaycanın növbəti uğuru sayılmalıdır. Təbii ki, Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsində mühüm rolu da Soçi Bəyanatında təsbit edilib və bu bəndin də obyektivliyi və ölkəmizin maraqlarına uyğun olduğu heç kimdə şübhə doğura bilməz. Bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri daha fəal aparılmalıdır, çünki bunu müasir geosiyasi vəziyyət və obyektiv reallıqlar tələb edir”. aia.az Geri dön |