Ana Sayfa > Manşet / Siyasət / Özəl > Azərbaycan Ərəb Dövlətləri Liqası ilə həmrəyliyi və birliyini daha da möhkəmləndirəcək
Azərbaycan Ərəb Dövlətləri Liqası ilə həmrəyliyi və birliyini daha da möhkəmləndirəcək3-11-2022, 18:48. Yazar: sevinc1 |
Azərbaycan dövləti hər zaman islam ölkələri ilə əlaqələrin genişlənməsinə, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi diqqət ayırıb. Təsadüfi deyil ki, ölkəmiz özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra MDB məkanından ilk olaraq İslam Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilmişdir. Ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən 1994-cü ilin may ayından etibarən, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İƏT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verilmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, məhz ulu öndər Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanı Krallığına səfəri ölkəmizin İƏT ölkələri ilə əməkdaşlığının gələcək inkişafı üçün möhkəm zəmin yaratdı. Bu gün də Azərbaycan İslam ölkələri arasında birliyin möhkəmləndirilməsi işinə əhəmiyyətli töhfələr verməkdə davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 1 noyabr tarixində Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilmiş Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına dəvət alması da Azərbaycanın bu istiqamətdə fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Mötəbər Sammitdə çıxış edən dövlətimizin başçısı da qeyd etdi ki, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Bu fakt dostluq və qardaşlıq əlamətidir və ölkələrimiz arasında mövcud olan möhkəm birliyi nümayiş etdirir. Diqqətəlayiq haldrır ki, Azərbaycan Prezidentinin Əlcəzairə səfəri bu ölkənin Milli Azadlıq günündə baş vermişdir. Bu münasibətlə dövlətimizin başçısı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib. Qeyd edək ki, bu kompleks Əlcəzairin Fransa tərəfindən işğalına və 1830-1962-ci illərdə Fransa müstəmləkəçiliyinə qarşı aparılmış xalq müqavimətinə həsr olunub. Cənab Prezident İlham Əliyev Sammitdə etdiyi çıxışında da bu məsələyə toxunaraq bildirib ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır və bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün dünya bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlindən gələni etməlidir. Həmçinin dövlətimizin başçısı Azərbaycanın da Əlcəzair kimi, uzun illər işğaldan əziyyət çəkdiyini vurğulayaraq bildirmişdir ki, torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik. 1994-cü ilin dekabrında Kasablanka şəhərində keçirilmiş İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının VII zirvə görüşündə Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın xeyrinə mühüm qətnamə qəbul edildi. Həmin qətnamədə Ermənistanın təcavüzü nəticəsində öz yurdlarından didərgin düşmüş bir milyon nəfərə yaxın vətəndaşının məskunlaşdığı Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsinə və BMT-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından “dərhal və qeyd-şərtsiz” çıxarılmasına çağırışlar yer almışdı. Öz növbəsində Azərbaycan da bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza öz dəstəyini əsirgəməmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev hələ bir neçə il bundan öncə keçirdiyi görüşlərdən birində demişdir: “Müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq siyasətimizin gündəliyində duran ən mühüm məsələlərdəndir və bizim bu istiqamətdə təşəbbüslərimiz nəcib bir məqsədə - müsəlman ölkələrinin siyasi, iqtisadi və digər sahələrdə bir-birinə daha da yaxınlaşması işinə xidmət edir”. Məhz bu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal və nüfuzlu üzvlərindən biridir. Məlum olduğu kimi, 2017-ci ildə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmiş və bu il çərçivəsində bir sıra mühüm beynəlxalq tədbirlər həyata keçirilmişdir. O cümlədən 2017-ci ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. Sözsüz ki, Azərbaycan bir çox başqa beynəlxalq təşkilatlarda da yüksək effektivliklə fəaliyyət göstərir. Məlumdur ki, ölkəmizin hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatıdır. Azərbaycan 2011-ci ildən bu mötəbər təşkilatın üzvüdür və 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Bütün bu illər ərzində ölkəmiz təşkilat daxilində yüksək fəallıq nümayiş etdirmiş, bütün üzv dövlətlərin maraqlarına cavab verən bir çox önəmli təşəbbüslərlə çıxış etmişdir. Bütün bunlar Azərbaycanın həm Qoşulmama Hərəkatı daxilində, həm də beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, nüfuzunun daha artmasına xidmət etmişdir. Azərbaycan digər ölkələrlə münasibətlərin qurulmasında əsas kimi məhz Qoşulmama Hərəkatının Nizamnaməsinin əsasında duran Bandunq prinsiplərini götürür. Əgər bütün ölkələr tərəfindən ərazi bütövlüyünün toxunulmazlığı, suverenliyin, müstəqilliyin tanınması, bir-birinin işlərinə müdaxilə etməmək kimi prinsiplərə əməl olunsaydı, o zaman heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Təəssüflər olsun ki, bu gün də bəzi ölkələrə rəhbərlik edən hərbi-siyasi rejimlər bu prinsiplərdən çox uzaq olan meyarlar əsasında siyasət yürüdürlər ki, bu da regional münaqişə ocaqlarının yaranmasına səbəb olur. O cümlədən Azərbaycan da Ermənistanın yürütdüyü işğalçı siyasət nəticəsində 30 ilə yaxın bir müddət ərzində özünün beynəlxalq hüquqla tanınmış ərazisinin 20%-dən məhrum durumda olmuşdu. Əlbəttə ki, zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Öz növbəsində Azərbaycan hər zaman Bandunq prinsiplərinə riayət edib və bütün ölkələrin suveren hüquqlarına hörmətlə yanaşıb. Təbii ki, ölkəmizin bu prinsipial mövqeyi təşkilata üzv olan bütün ölkələr tərəfindən də yüksək qiymətləndirilir. Məhz elə buna görə də 2016-cı ildə Azərbaycana 120 ölkənin yekdil dəstəyi nümayiş etdirildi. Bu dəstəyin nəticəsi olaraq 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının Zirvə toplantısını Bakıda böyük müvəffəqiyyətlə keçirdi və 2022-ci ilə qədər sədrliyi öz üzərinə götürdü. Yenə də 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilin sonuna qədər uzadılması isə, heç şübhəsiz ölkəmizin fəaliyyətinin yüksək qiymətləndirilməsinin təsdiqidir. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə mütəmadi olaraq əhəmiyyətli təşəbbüslərlə çıxış edib. Bu müddət ərzində beynəlxalq müstəvidə təşkilata üzv ölkələrin qanuni maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. O cümlədən Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib. Prezident cənab İlham Əliyevin təklifinə əsasən 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunmuşdu. Qeyd etmək lazımdır ki, dövlət başçımızın bu təklifi 150-dən artıq ölkənin dəstəyini almışdı. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdi ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib və təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib. Qeyd olunmalıdır ki, Qoşulmama Hərəkatının təşviq etdiyi bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipləri Azərbaycanın tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticələrinin mahiyyətində aşkar şəkildə öz əksini tapıb. Məhz bu səbəbdən Təşkilata üzv ölkələr hər zaman beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək veriblər. Bu gün Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakterə malikdir. 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvü olan Azərbaycan bu əməkdaşlığı daha da genişləndirmək əzmindədir. Təşkilatın Zirvə toplantısındakı şıxışında Prezident cənab İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Azərbaycan Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaş ölkələrdən yenə həmrəylik görür, beynəlxalq təsisatlarda dəstək görür və buna görə çox minnətdardır. Ərəb Dövlətləri Liqasına qardaş ölkə olan Azərbaycan bu həmrəyliyi və birliyi daha da möhkəmləndirmək üçün bundan sonra da əlindən gələni edəcək. Eltun Süleymanov, Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini. aia.az Geri dön |