Ana Sayfa > Manşet / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: “Soçi Bəyanatı 2020-ilin 10 noyabr tarixində imzalanmış Bəyanatda təsbit edilmiş bütün razılaşmaları bir daha təsdiqlədi”
Eltun Süleymanov: “Soçi Bəyanatı 2020-ilin 10 noyabr tarixində imzalanmış Bəyanatda təsbit edilmiş bütün razılaşmaları bir daha təsdiqlədi”2-11-2022, 17:20. Yazar: sevinc1 |
“Bu gün Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin bərqərar olması regionun iqtisadi inkişafını təmin etmək üçün tələb olunan ən vacib şərtlərdən biridir. Öz növbəsində dayanıqlı regional sülhə nail olunması ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını tələb edir. Məlumdur ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsindən dərhal sonra, qalib ölkə olmasına rəğmən mütəmadi olaraq qarşı tərəfə sülh çağırışları ilə səslənməkdədir. Lakin təəssüflər olsun ki, rəsmi İrəvan hələ də adekvat reaksiya verməkdə çətinlik çəkir. Əlbəttə ki, bu gün Cənubi Qafqazda sabitliyin əldə olunmasında bir tərəfdən enerji təhlükəsizliyi ilə bağlı məsələləri həll etməyə çalışan Avropa ölkələri, digər tərəfdən də hazırda Ukrayna ilə müharibə aparan və bu səbəbdən ən azı cənub sərhədlərində gərginliyin yaşanmamasını arzulayan Rusiya çox maraqlıdırlar. Buna görə də Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olunması yönümündə həm Avropa, həm də Rusiya mütəmadi olaraq səylər göstərir, vasitəçi qismində bu məsələnin həllində rol oynamağa çalışırlar. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabrın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvətilə Soçi şəhərinə səfəri də xüsusi əhəmiyyət kəsb etmiş oldu.” Bu sözləri AİA.Az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Müsahibimiz bildirib ki, Soçi səfəri çərçivəsində Azərbaycan və Rusiya Prezidentlərinin ikitərəfli görüşü ən mühüm məqmlardan biri olmuşdur: “Öz çıxışlarında Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, Rusiya münaqişənin nizamlanmasında mühüm rol oynayıb. Həmçinin Soçi görüşünün də əsas məqsədi tərəflərin bundan əvvəl keçirilmiş üçtərəfli görüşlərdə nail olduqları, o cümlədən 2020-ilin 10 noyabr tarixində imzalanmış Bəyanatda təsbit edilmiş bütün razılaşmaların yerinə yetirilməsini təmin etmək olub. Xüsusi olaraq belə bir məqama diqqət yetirmək lazımdır ki, Soçi görüşündə dövlətimizin başçısı uzun illər davam edən Qarabağ münaqişəsinə iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə ilə son qoyulduğunu bir daha vurğuladı. Buna görə də aparılan bütün danışıqlarda, imzalanan bütün bəyanatlarda Azərbaycanın qalib ölkə olması faktı hər zaman diqqətə alınmalıdır. Çünki üçtərəfli 10 noyabr Bəyanatı faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır. Bu gün isə artıq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində məhsuldar danışmaq və hərəkət etmək vaxtıdır. Ölkəmiz bir müddət əvvəl öz xoş məramını bir daha nümayiş etdirərək Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olacaq 5 əsas prinsipi irəli sürüb. Bu prinsiplər beynəlxalq hüququn fundamental prinsipləridir və heç şübhəsiz onların əsasında münasibətlərdə normallaşmaya nail olmaq mümkündür. Yetər ki, Ermənistan bu məsələdə adekvat mövqedən çıxış etsin.” Sonda E.Süleymanov Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli birgə Bəyanatının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Soçi Bəyanatı birmənalı olaraq Azərbaycanın maraqlarına tam cavab verir. İlk növbədə bu sənəddə göstərilir ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduqlarını təsdiq edirlər. Bu isə o deməkdir ki, Ermənistan bundan əvvəl imzaladığı bütün bəyanat və razılaşmalarda, o cümlədən 10 noyabr Bəyanatında üzərinə götürdüyü öhdəlikləri icra etməli olduğunu bir daha təsdiqləyir. Həmçinin tərəflər güc tətbiq etməkdən və ya onu tətbiq etməklə hədələməkdən çəkinmək və bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəldiklərini də imzaladıqları bəyanatla bir daha təsdiqləyiblər. Bununla da Ermənistan məhz 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu və Azərbaycan dövlətinin bu ərazidə suveren hakimiyyətini tanıdığını təsdiq edib”, - deyə Eltun Süleymanov öz fikirlərini tamamlayıb. Geri dön |