Ana Sayfa > Özəl > Vətən müharibəsinə qədər keçən dövr ərzində Azərbaycan güclü ordu quruculuğunu həyata keçirib

Vətən müharibəsinə qədər keçən dövr ərzində Azərbaycan güclü ordu quruculuğunu həyata keçirib


1-11-2022, 15:30. Yazar: sevinc1
Vətən müharibəsinə qədər keçən dövr ərzində Azərbaycan güclü ordu quruculuğunu həyata keçirib

Məlum olduğu kimi, 2003-2020-ci illər ərzində ərazi bütövlüyümüzün bərpa olunması Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur. Həmin dövrdə atılan hər addım, qəbul edilən hər bir qərar məhz bu məqsədə nail olunmağa dəqiq hesablanıb. Dövlətimizin başçısı bütün bu illər ərzində hər kəsdən yaxşı bilirdi ki, torpaqlarımızın işğaldan azad olunmasında istənilən halda ən əsas rolu məhz Azərbaycan Ordusu oynayacaq. Çünki işğalın davam etdiyi 30 ilə yaxın müddət ərzində beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etmişdi. Münaqişənin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə, sülh yolu ilə həlli üçün bütün imkanları sınamışdır. Təəssüflər olsun ki, hətta BMT kimi nüfuzlu və mötəbər bir təşkilat da işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.

Lakin Azərbaycan Prezidentinin siyasi müdrikliyinin bir təzahürü də məhz bunda olmuşdur ki, möhtərəm dövlət başçımız hadisələrin bu məcrada inkişafını əvvəlcədən görürdü. Buna görə də Vətən müharibəsinə qədər keçən dövr ərzində Azərbaycan eyni zamanda həm danışıqlar masasında prinsipiallıq göstərir və buna paralel olaraq güclü ordu quruculuğunu həyata keçirirdi. Qeyd etmək lazımdır ki, ordu quruculuğu hər zaman Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün bu illər ərzində dövlətin büdcə xərclərinin əsas hissəsini də məhz hərbi xərclər təşkil edib. Görülən tədbirlər nəticəsində silahlı qüvvələrimizin döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi, şəxsi heyət yeni texnologiyalara sahibləndi. Xüsusi olaraq qeyd olunmalı vacib bir məqam da budur ki, Ali Baş Komandanımızın müdrik siyasəti Silahlı Qüvvələrimizin bir ölkənin təchizatından asılı olmamasını təmin etmişdi. Bu məqsədlə hərbi texnika bir çox mənbələrdən alınıb. Vətən müharibəsinin nəticələri göstərdi ki, Azərbaycanda silahlanma siyasəti son dərəcə düzgün aparılmışdır.

Digər tərəfdən də Azərbaycan bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq irəli sürdüyü təşəbbüsləri, transmilli layihələri ilə regionda tamamilə yeni mənzərə yaratdı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirilən uğurlu neft strategiyasının sayəsində Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Həm də ölkəmizin təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə yüksəlməsinə, mövqelərinin möhkəmlənməsinə zəmin yaratdı. Əlbəttə ki, Vətən müharibəsində tarixi Qələbəmizin əldə olunmasında beynəlxalq təşkilatlarla əməkdaşlıq amili heç də sonuncu rol oynamadı. Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar tərəfindən ölkəmizin xeyrinə qətnamələr qəbul edildi. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslar bazasını yaratdı.

2020-ci il 27 sentyabr tarixində Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutuldu. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə intensiv atəş açıldı. Lakin bu təxribat ermənilərin son həmləsi oldu. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz düşmənin təxribatına son qoymaq və torpaqlarımızı işğaldan azad etmək üçün bütün təmas xətti boyunca irimiqyaslı hücum əməliyyatına başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Ordumuzun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.
Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini bütün dünyaya göstərdi.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
aia.az

Geri dön