Ana Sayfa > Gündəm / Manşet / Karusel > İlham Əliyev: “Qərara aldım ki, bu qız xoşuma gəlir...”

İlham Əliyev: “Qərara aldım ki, bu qız xoşuma gəlir...”


26-08-2015, 14:26. Yazar: admin
İlham Əliyev: “Qərara aldım ki, bu qız xoşuma gəlir...”

Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür

Fondun icraçı direktoru Anar Ələkbərovun müəllifi olduğu “Mehriban” adlı kitabdan bəzi hissələri oxuculara təqdim edirik:

Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə bütün dünyada tanınır

Ölkə prezidentini müxtəlif səfərlərdə müşayiət edən birinci xanımın davranışı və görünüşü xarici kütləvi informasiya vasitələri üçün ayrıca müzakirə mövzusu olur. Mehriban xanımın xarici ölkələrdə yaşından asılı olmayaraq, hər kəs tərəfindən, hətta uşaqlar tərəfindən tanınmasının dəfələrlə şahidi olmuşam. 2007-ci ilin sentyabr ayında Azərbaycan prezidenti İlham Əliyevin Rumıniyaya işgüzar səfəri çərçivəsində Heydər Əliyev Fondunun bu ölkədəki nümayəndəliyinin açılış mərasimi idi. Tədbirdə hər iki ölkə prezidentlərinin və onların xanımlarının iştirakı nəzərdə tutulmuşdu.

Hər ehtimala qarşı birinci xanımlara gül dəstələri təqdim edəcək gənc rumın qızlarına yaxınlaşaraq protokolda nəzərdə tutulduğu kimi onlardan hansının Azərbaycanın, hansının isə Rumıniyanın birinci xanımına gül dəstəsini verməsini izah etdim və qonaq qismində olan Mehriban xanımı tanıyıb-tanımamaları barədə soruşdum. Hər ikisinin gülümsəyərək, səmimiyyətlə bir ağızdan "Biz öz ölkəmizin birinci xanımını üzdən tanımırıq, Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə bütün dünyada tanınır, o, həm də çox gözəldir" söyləməsi çox xoş və unudulmaz təəssürat bağışladı.



Mehriban xanımın fəaliyyətində hər şeyin öz vaxtı var

O, iti müşahidəçilik qabiliyyətinə malikdir. Görüşlər, tədbirlər zamanı heç nə diqqətindən kənarda qalmır, illər öncə müşahidə etdiyi hadisəni bütün təfərrüatı ilə xatırlaya bilir. Hər şeyə praqmatik yanaşır, dərindən təhlil edir və düzgün qərar verməyi bacarır. Artıq bir faktı danılmaz həqiqət kimi qəbul etmişəm ki, Mehriban xanımın fəaliyyətində hər şeyin öz vaxtı var. Ən xırda təfərrüatları belə təhlil etmədən qərar vermir. Onun bu keyfiyyəti olmasaydı, qarşıya çıxan maneələri aradan qaldırmaq, layihələri uğurlar həyata keçirmək, təbii ki, mümkün olmazdı.

"Analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm"

İctimai fəallığı ilə insanlara örnək olan Mehriban xanım qadının ailədəki rolu və ailəyə münasibətini hər zaman önə çəkib: "Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır, dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər.



"Mehribanla tanış olanda..."

Müsahibələrinin birində ölkə prezidenti İlham Əliyev ailəsi ilə bağlı bu fikirləri bölüşmüşdü: "Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı. Amma Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki, bax, bu qız xoşuma gəlir... Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq, yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edirdi.

Axşam evimin kandarından içəri keçəndə, əgər heç bir fövqəladə hadisə, zəng yoxdursa, bütünlüklə, tamam başqa mühitə - onilliklər boyu olduğum ailə həyatı mühitinə düşürəm. Biz axşamlar, yaxud bazar günü vaxtımızı evdə keçirməyi hər şeydən çox xoşlayırıq. Bizim üçün bu, vaxt keçirməyin ən yaxşı yoludur... Onun ictimai yükü çox böyükdür. Hətta birinci xanımın funksiyaları da - protokol tədbirləri və s. çox böyük yük tələb edir. Bütün bunlar onu sevimli məşğuliyyətlərindən, evdə, uşaqların və nəvələrin əhatəsində olmaq, sadəcə divanda əyləşmək və söhbət etmək, adi ömür sürmək imkanından ayırır. Lakin, belə deyək, bizim bir yerdə olmadığımız hallar il ərzində çox olmur. Biz həmişə bir-birimizə can atırıq, yanaşı olmaq istəyirik".



O, ümumiyyətlə heç nəyi səhv edə bilməz"

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva: "Mən çox istəyirəm ona oxşayım, lap çox. Çünki o, çox xeyirxah insandır. O, mənim anamdır, eyni zamanda mənim üçün prinsipcə hər cəhətdən idealdır. Mənə elə gəlir ki, o, hər nə edirsə, düz edir. Mənə elə gəlir bu adam ümumiyyətlə heç nəyi səhv edə bilməz".

"Ölkəmizin bu cəhətdən bəxti çox gətirib"

Arzu Əliyeva: "Hesab edirəm ki, mənim anam dünyanın ən yaxşı, ən gözəl birinci xanımıdır. Düşünürəm ki, ölkəmizin bu cəhətdən bəxti çox gətirib".

"Mənim anam dünyanın ən mehriban insanıdır"

Heydər Əliyev: "Mənim üçün mənim anam dünyanın ən mehriban, ən qayğıkeş və ən gözəl insanıdır. Mən onu dünyalar qədər sevirəm".



"Mən həmişə ona görə narahatam"

Onun uşaqlıqdan bəri qeyri-adi fəallığı ilə seçilməsini, xeyirxahlığı ilə insanların diqqətini cəlb etməsini atası, akademik Arif Paşayev çox maraqlı izah edir: "Mehriban doğulandan çox fəal olub. Bəzən mənə elə gəlirdi ki, o, Nərgizdən böyükdür. Onların uşaqlığını hər anına kimi xatırlayıram. Yadımdadır, onu hər dəfə məktəbə gətirəndə müəllimlər mənə nəsə bir xoş söz deməyə çalışırdılar. O, elə gözəl idi!... Biz küçədə gedəndə adamlar ayaq saxlayıb bu balaca qızcığazla görüşər, onu danışdırardılar. Olduqca xeyirxah insandır. Düşünürəm ki, bu, xüsusi bir xeyirxahlıqdır - mərhəmətlə dolu bu dünyanın sərhədi yoxdur. Bu dünyanın özülü səmimi hislərlə, insani duyğularla qoyulub. Başqasının kədəri onu elə sarsıdır ki, dərhal əlindən gələn köməyi göstərmək üçün tələsir...

Mən həmişə ona görə narahatam, çünki o, meydana çıxıb, hədəfə çevrilib. İnsanlar, sadə insanlar daim ondan danışırlar. Ümumiyyətlə, əhalinin bütün təbəqələri ona öz rəğbətini bildirirlər və o da belə atmosferdə səhv etməməlidir. O, heç bir, hətta xırda qüsurlara da yol verməməlidir.



Azərbaycanın tarixində ilk xoşməramlı səfir

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayeva Mehriban Əliyevanın öz ölkəsi üçün gördüyü işlərin tarixi dəyərə malik olduğunu vurğulayır: "Onun vətənimiz üçün gördüyü işlərin mahiyyəti, bəlkə də, hələ tam dərk edilmir. Lakin tarixdə elə hadisələr olur ki, onların tarixi dəyəri təkcə gələcək nəsillərə ünvanlanmır, əksinə elə ilk gündən müəyyənləşir. Azərbaycanın tarixində ilk xoşməramlı səfir Mehriban Əliyevanın Azərbaycan Mədəniyyət Fondunun prezidenti kimi çoxşaxəli və çoxillik fəaliyyəti məhz bu tarixi dəyərə malikdir".

"Mühafizə xidmətinin təkidlə onun növbədənkənar keçməsini tövsiyə etməsinə baxmayaraq..."

O, hər il 20 Yanvar faciəsinin ildönümündə doğma xalqımızla birgə, bir sırada addımlayaraq şəhidlərin əziz xatirəsinə öz ehtiramını ifadə edir. Faciənin növbəti ildönümlərindən biri yenə də şaxtalı günə təsadüf etmişdi. Heydər Əliyev Fondunun əməkdaşları Şəhidlər xiyabanına keçmək üçün insan axınında təmkinlə öz növbəsini gözləyirdi. Mehriban xanımın da xiyabana gəlməsi həmin vaxta təsadüf etdi. Fondun əməkdaşlarını gördüyü zaman bizə yaxınlaşdı və mühafizə xidmətinin təkidlə onun növbədənkənar keçməsini tövsiyə etməsinə baxmayaraq, kollektivin önünə keçib öz növbəsini gözləməyə başladı. Onun ölkəmizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş mərd mübarizlərin məzarlarını çovğunlu qış günündə xiyabana gələn sadə insanlarla birlikdə ziyarət etməsi hər kəsə böyük qürur hissi yaşatdı.

Kiməsə yardım edə bilməyəndə çox təəssüflənir

O, özündən asılı olmayan səbəblər üzündən kiməsə yardım edə bilməyəndə çox təəssüflənir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun (ind. Azərbaycan Mədəniyyət Fondu) direktoru İbrahim Quliyevin vaxtsız vəfatı onu çox sarsıtmışdı. Neçə-neçə insanı sağlam həyata qaytarmış Mehriban xanımın rəhbərliyi altında işləyən bir insanın öz problemləri ilə onu qayğılandırmamaqdan ötrü heç kimə xəbər vermədən müalicə olunması səylərinin boşa çıxması onu çox üzmüşdü. Onun vəfatı ilə bağlı sarsıdıcı xəbəri eşidəndə söylədiyi də məhz bu kəlmələr oldu: "Biz neçə-neçə insanlara kömək edirik, nə qədər insanı sağlamlığına qovuşdururuq, amma İbrahimi xilas edə bilmədik...".

Bir neçə il bundan əvvəl sosial şəbəkələr vasitəsilə balaca Əlinin (Əli Saqi) müalicəsi üçün vəsait yığıldığını öyrənən Mehriban xanım dərhal uşağın müalicəsi ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu tərəfindən qarşılanacağını tapşırdı. 2010-cu ilin dekabr ayında, Yeni il bayramı ərəfəsində verdiyi geniş müsahibədə jurnalistin sonuncu, hansı arzularının olduğu barədə sualına cavab verərkən Şuşada muğam müsabiqəsinin keçirilməsi, ölkəmizin inkişaf etməsilə bağlı arzularla yanaşı, saf və təmiz istəyin - "bizim Əlişkanın" sağalması arzusunu dilə gətirməsi onun uşaq sağlamlığına çox həssas münasibətinin daha bir göstəricisi oldu.



Binaların görünüşünə xüsusi önəm verir

Yeri gəlmişkən, bir faktı xüsusi vurğulamaq istərdim. Mehriban xanım onun təşəbbüsü ilə həyata keçirilən layihələr çərçivəsində ucaldılan binaların görünüşünə xüsusi önəm verir. "Öz sevimli şəhərinin ona layiq olan gözəlliyə qovuşmasını görmək xoşbəxtlikdir" söyləyən Mehriban xanımın rəhbərliyi ilə inşa olunmuş hər bir binada onun incə zövqünü duymaq mümkündür. O, Bakının tarixi simasının saxlanılması şərtilə şəhərin memarlığına müasir cizgilərin əlavə edilməsinə həssaslıqla yanaşaraq Şərq və Qərb memarlığının incə vəhdətini yaratmağa nail olur. (buro 247.az)
Geri dön