Ana Sayfa > Media > SDU-da Türkiyə Cümhuriyyətinin 99-cu ildönümü münasibətilə tədbir keçirilib
SDU-da Türkiyə Cümhuriyyətinin 99-cu ildönümü münasibətilə tədbir keçirilib26-10-2022, 16:54. Yazar: sevinc1 |
AİA.Az xəbər verir ki, oktyabrın 26-da Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə tədbir keçirildi. Əvvəlcə rektor professor Elxan Hüseynov dəyirmi masa ətrafında Türkiyənin Azərbaycandakı təhsil müşaviri Ali Rza Altunelin rəhbərliyi ilə nümayəndə heyətini qəbul etdi, onları salamladı və universitetdə görməkdən məmnunluğunu ifadə etdi. Türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Respublikasının bugünkü inkişaf və tərəqqisindən danışdı. Qeyd etdi ki, dövlət müstəqilliyi hər bir xalqın malik olduğu ən dəyərli sərvətdir. Türk xalqı 99 il bundan əvvəl dövlət müstəqilliyini elan etmişdir. Rektor qardaş ölkənin Müstəqillik bayramı münasibəti ilə Türkiyə xalqını təbrik etdi və qardaş ölkə xalqına inkişaf və tərəqqi arzuladı. Türkiyə və Azərbaycan xalqlarının hər zaman bir-birinin yanında olduğunu vurğuladı və İkinci Qarabağ müharibəsində göstərdikləri dəstək üçün Türkiyə xalqına təşəkkür etdi. Rektor bildirdi ki, Azərbaycan xalqı və dövləti qardaş dəstəyini minnətdarlıq hissi ilə çox yüksək qiymətləndirir. Türkiyənin Azərbaycandakı təhsil müşaviri Ali Rza Altunel səmimi qarşılanmaya və belə bir bayram tədbirinin keçirilməsinə görə SDU rəhbərliyinə təşəkkürünü bildirdi. Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında qurulan əlaqələrin yüksək nəticələr verəcəyinə əminliyini ifadə etdi. Rəhbəri olduğu qurum haqqında geniş məlumat verdi. Tədbir Kiçik Akt zalında davam etdirildi. SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Qafar Atayev çıxış edərək qonaqları və iştirakçıları salamladı, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Türkiyə əlaqələrindən danışdı. Bildirdi ki, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi, ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla davam edir. Prorektor onu da vurğuladı ki, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr daim inkişaf edir. Dosent Qafar Atayev bu əlaqələrin nəticəsi olaraq SDU –nun Türkiyə universitetləri ilə əməkdaşlığından və Türkiyənin ali təhsil müəssisələri ilə tələbə və müəllim mübadiləsini həyata keçirən “Mövlanə Mübadilə Proqramı”ndakı əlaqələr barədə məlumat verdi. Bu istiqamətdə birgə görüşlər, konfranslar, ustad dərsləri təşkil edildiyini, bütün bunların ölkələr arasında elm və təhsil sahələrinə öz töhfəsini verdiyini vurğuladı və qeyd etdi ki, universitetdə təhsil alan əcnəbi tələbələrin arasında türk tələbələrinin sayı üstünlük təşkil edir. Türkiyənin Azərbaycandakı təhsil müşaviri Ali Rza Altunel çıxış edərək 29 Oktyabr – Cümhuriyyət Günü, Türkiyə Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünü qardaş Azərbaycanda təntənə ilə qeyd olunmasını yüksək qiymətləndirdi. Türkiyə Cümhuriyyətinin son illərdə keçdiyi inkişaf yolundan, Azərbaycanın işğal altında olan torpaqlarını düşməndən azad etmək üçün apardığı haqlı mübarizəyə Türkiyənin göstərdiyi qardaşlıq dəstəyindən danışdı. Sonra Azərbaycan-Türkiyə Cümhuriyyətinin diplomatik əlaqələrini əks etdirən videoçarx nümayiş olundu. SDU-nun Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “XX əsrin sonu-XXI əsrin əvvəllərində Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda çıxış edərək, bildirdi ki, bu gün qardaş Türkiyə öz dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalaraq müstəqillik, demokratiya və iqtisadi yüksəliş yolu ilə inamla irəliləyir. Professor Şirxan Səlimov Türkiyə xalqını bayram münasibətilə təbrik etdi və qardaş ölkəyə firavanlıq arzuladı. Məruzə ətrafında SDU-nun Tarix və coğrafiya fakültəsində “Osmanlı tarixi” fənninin tədrisi üçün Qaziantep Universitetindən dəvət olunmuş doktor öyrətim üyesi, dr.Sadık Çetin “Cumhuriyetin ilanına giden süreçte yaşanan gelişmeler (1914-1923)”,Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova “Qarabağ Zəfərində Türkiyə-Azərbaycan qardaşlığı”, Filologiya fakültəsinin I kurs tələbəsi Can Dilşah “Türkiyə-Azərbaycan ilişkiləri” mövzularında çıxış edərək Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrinin qədim tarixə malik olmasını vurğuladılar. Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva çıxış edərək Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə təbrik etdi. Bildirdi ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı xalqlarımızın ortaq milli, mənəvi dəyərlərindən və ənənələrindən güc alır. Fizika və elektroenergetika fakültəsinin III kurs tələbəsi, Əfqanıstan vətəndaşı Mataullah Saidi, hazırlıq kursunun tələbəsi, Pakistan vətəndaşı Syed Ali Muştaq çıxış edərək Türkiyə Cümhuriyyətini Müstəqilliyinin 99-cu ildönümü münasibətilə təbrik etdilər, Türkiyənin müstəqilliyinin hər zaman möhkəm və sarsılmaz olmasını dilədilər, ənənəvi dostluq əlaqələrindən söz açdılar. Bildirdilər ki, bizi etibarlı və möhkəm dostluq, qardaşlıq telləri bağlayır.Tədbirin təşkilinə və əcnəbi tələbələr üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürlərini bildirdilər. Sonda prorektor, dosent Qafar Atayev “Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!” şüarı ilə tədbiri yekunlaşdırdı. Geri dön |