Ana Sayfa > Gündəm > Bu yerlərdə siqaret qadağan edilsin - deputat siyahı təklif etdi

Bu yerlərdə siqaret qadağan edilsin - deputat siyahı təklif etdi


8-06-2016, 11:53. Yazar: admin



"Bu gün gənc nəslin siqaretlə bağlı çox ciddi problemləri var. Biz məsuliyyətimizi dərk edərək buna qarşı tədbirlər həyata keçirməliyik".

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirib.

Komitə sədri qeyd edib ki, statistikaya görə Azərbaycanda əhalinin 40-60 faizi siqaret çəkir: "Əlbəttə bu rəqəmlər bizim üçün təssüfləndirici haldır. Gənclər arasında bu zərərli vərdişin yayılmasının, bəzən azyaşlı uşaqların siqaret çəkdiyinin şahidi oluruq. Düşünürəm ki, bu sahədə sərt qanunvericiliyə ehtiyac var".

Qanunlarımızda siqaretlə bağlı məhdudiyyətlərin olduğunu nəzərə çatdıran F.Muradov bildirib ki, bütün bunların bir araya toplanılaraq siqaretin qadağası ilə bağlı ümumi bir qanunun qəbul edilməsinin tərəfdarıdır. "Əlbəttə, burada kiminsə hüquq və azadlığının məhdudlaşdırılmasından söhbət getmir. Əksinə, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycana siqaretlə bağlı sərt qanunun olması insanların hüquqlarının qorunması, həmçinin bu zərərli vərdişin təbliğinin qarşısının alaınması üçün zəruridir. Bağçaların, məktəblərin, universitetlərin daxilində və həyətlərində, həmçinin turizm və iaşə obyektlərində siqaret çəkməyə qadağa və yüksək cərimələr tətbiq olmalıdır".

Dünya praktikasında bəzi ölkələrdə hətta siqaretin çəkilməsi üçün az sayda yerlərin olduğunu diqqətə çatdıran Komitə sədri onu da əlavə edib ki, bu sahədə maarifləndirmə tədbirlərinin genişləndirilməsi daha əhəmiyyətlidir. "Qanunvericiliklə yanaşı maarifləndirmə lazımdır. Daha çox televiziyalarda siqaret əleyhinə sosial reklamların çəkilərək verilməsi, həmçinin siqareti tərgitmək istəyənlər üçün tibbi və psixoloji mərkəzlərin yaradılması və genişləndirilməsi vacibdir. Həmçinin asudə vaxtın səmərəli təşkili, xüsusən də idman sahəsinə gənclərin yönləndirilməsi olmalıdır. Ölkəmizin demək olar ki, bütün bölgələrində idman kompleksləri var və fəaliyyət göstərir. Əvvəlcə ailədə valideynlər, eyni zamanda gənclər təşkilatları, QHT-lər bu istiqamətdə daha fəal olmalı, gəncləri doğru yönləndirməlidirlər. Düşünürəm ki, kompleks şəkildə yanaşılsa, bu problemin həlli istiqamətində müsbət irəliləyişlər əldə edə biləcəyik".
Geri dön