Ana Sayfa > Seçki 2024 > Qubadlı rayonunun azad edilməsi böyük Qələbəmizi xeyli yaxınlaşdırdı.

Qubadlı rayonunun azad edilməsi böyük Qələbəmizi xeyli yaxınlaşdırdı.


25-10-2022, 09:49. Yazar: sevinc1
Qubadlı rayonunun azad edilməsi böyük Qələbəmizi xeyli yaxınlaşdırdı.

Qubadlı rayonu 1993-cü avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra rayon ərazisində həmin dövrdə mövcud olmuş 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınıb. Həmçinin işğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. Səthi əsasən dağlıq ərazilərdən ibarət olan Qubadlı rayonu mişar daşı yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndləri mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubu tuf daş yatağı, Xanlıq kəndi qum-gil yatağı, Eyvazlı kəndi əqiq yatağı ilə zəngindir. İşğal dövründə Azərbaycanın bu təbii sərvətləri də ermənilər tərəfindən talan edilmişdi. Ermənistan hökuməti beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq işğal dövründə Qubadlı ərazisində qeyri-qanuni məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri rayonun Xanlıq kəndində qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur.
Qeyd edək ki, 2020-ci ilin 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Ermənilər burada güclü istehkamlar qurmuş, şəhəri əhatə edən yüksəkliklərdə öz hərbi birləşmələrini yerləşdirmişdilər. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər alınmalı idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizi atəşə tuturdu. Ona görə də Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə qələbə əldə etmək üçün hərbi əməliyyatın xüsusi peşəkarlıq və fədakarlıq nümayiş etdirə biləcək heyət tərəfindən aparılması tələb olunurdu. Azərbaycan Ordusu isə bu peşəkarlığı və fədakarlığı Vətən müharibəsinin bütün gedişi dövründə göstərib. Qubadlı əməliyyatında da, ilk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri azad edildi və digər strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. Qubadlı rayonunun azad edilməsi böyük Qələbəmizi xeyli yaxınlaşdırdı.
Vurğulamaq olar ki, Qubadlının da digər azad edilmiş rayon və bölgələrimiz kimi, yeni inkişaf dövrünü yaşayır. Bu gün Qubadlı rayonunda da möhtəşəm yenidənqurma işləri böyük vüsətlə həyata keçirilir. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulur. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2021-ci il 25 oktyabr tarixində Qubadlıya etdikləri səfərin gedişində Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, eləcə də sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışında iştirak etmələri xüsusi önəm kəsb etmişdi.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin ölkənin rayon və bölgələrinə etdiyi müntəzəm səfərlər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının effektivliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Ən əsası, işğaldan azad edilmiş rayonlara dövlət başçısının səfərləri zamanı bir tərəfdən qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası yerində yoxlanılır, digər tərəfdən də bu səfərlər zamanı baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcminin real göstəricisidir.

Türanə Quliyeva,
YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının üzvü

Geri dön