Ana Sayfa > Media > Kazım Kazımov: Qubadlıya həyat yenidən qayıdır

Kazım Kazımov: Qubadlıya həyat yenidən qayıdır


24-10-2022, 13:36. Yazar: sevinc1
Kazım Kazımov: Qubadlıya həyat yenidən qayıdır

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Vətən müharibəsindən əvvəlki dövrlərdə dəfələrlə bəyan edirdi ki, Azərbaycan xalqı mövcud vəziyyətlə heç zaman barışmayacaq, nəyin bahasına olursa - olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək. Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz.Lakin işğalçı Ermənistann bu bəyanatlara məhəl qoymur, işğalçı siyasətini davam etdirir, siyasi və hərbi təxribatlarından əl çəkmirdi.Məhz, Ermənistanın qeyri - konstruktivliyi iki il bundan əvvəl 44 günlük Vətən müharibəsinin başlanmasına səbəb oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, xalqımızın birliyi və mütəşəkkilliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı nəticəsində tarixi Qələbə qazanıldı. 2020-ci il sentyabrın 27-də əks hücuma keçən Azərbaycan Ordusu erməni silahlı birləşmələrini tamamilə məhv etdi. Rəşadətli Ordumuz hər gün addım - addım irəliləyərək işğal altında olan kəndlərimizi, şəhərlərimizi azad edərək üçrəngli bayrağımızı həmin ərazilərdə dalğalandıraraq xalqımıza sevincli günlər yaşatdılar. Azğın və məkrli düşmən bu dəfə döyüş meydanında elə bir dərs aldı ki, bunu heç zaman unutmayacaqdır.Necə deyərlər, “Dəmir Yumruq” düşmənin başını əzdi və Qüdrətli Azərbaycan Ordusu nəyə qadir olduğunu göstərdi.
Doğma Qarabağımızın hər bir ərazisinin işğaldan azad olunması xüsusi əhəmiyyət daşıyırdı.Qubadlı rayonunun işğaldan azad olunması isə 44 günlük Vətən müharibəsinin gedişatında xüsusi önəmli yer tutdu. Çünki Qubadlı azad olunandan sonra Laçın rayonu istiqamətində yol açıldı və bir neçə gündən sonra Müzəffər Azərbaycan Ordusu Laçın rayonunun cənub hissəsində yerləşən kəndləri də azad etdi və “Laçın Dəhlizi”ni nəzarətə götürdü.  Azərbaycan Silahlı Qüvvələri hər gün ancaq irəli gedərək doğma yurd həsrətimizə, Qarabağ niskilimizə son qoydu. 2020-ci il oktyabr ayının 25-də Qubadlı rayonu işğaldan azad olundu.
Xüsusi vurğulamaq lazımdır ki, Vətən müharibəsində tarixi qələbədən sonra Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizə müntəzəm səfərləri xalqımızda böyük ruh yüksəkliyi yaradır. Hər dəfə Dövlət başçımızın işğaldan azad edilmiş rayonlarımızın ictimaiyyət nümayəndələri ilə görüşü sanki Böyük Qayıdışın təqdimatına çevrilir. Prezident İlham Əliyev bu görüşlərdə azad edilmiş ərazilərimizdə görülən işlərdən geniş bəhs edir, planları açıqlayır. Tezliklə bütün planların həyata keçəcəyini, soydaşlarımızın öz doğma yurd - yuvalarına qayıdacaqlarını xüsusi olaraq qeyd edir. Təbii ki, Qubadlı rayonunun da bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Rayonun baş planı ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaqdır.
Bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli - praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub ki, bu infrastruktur layihəsi də Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərədə tutur. Sovetlər dönəmində Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər.
Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yoldan insanlar rahat şəkildə istifadə edəcəklər və bu dördzolaqlı yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir.Bu da öz növbəsində ərazidə istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaradacaqdır.
Tarixi Zəfərdən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində genişmiqyaslı fəaliyyətə başlayıb. Artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılmışdır. Təbii ki, Prezident İlham Əliyevin həmin ərazilərə səfərləri zamanı yeni-yeni obyektlərin, infrastruktur layihələrin təməlinin qoyulması da işlərin ardıcıllıqla davam etdiyini göstərir.
Möhtərəm Prezidentimiz “ağıllı kənd” konsepsiyası ilə yenidən qurulacaq kəndlərin artıq təməlinin qoyulduğunu, işğaldan azad edilmiş ərazilərin “yaşıl zona” elan edildiyini, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasından istifadə olunacağını, şəhərlər üçün baş planların artıq hazırlandığını, elektrik enerjisi, avtomagistrallar, dəmir yolları, hava limanları ilə bağlı infrastruktur layihələrinin həyata keçirildiyini xüsusilə qeyd edib.
Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam etdirilir. Təbii ki, bu işləri Azərbaycan öz gücü, öz vəsaiti, daxili imkanları hesabına həyata keçirir. Məqsəd ondan ibarətdir ki, nəzərdə tutulan işlər qısa bir müddətdə başa çatdırılsın və köçkün vətəndaşlarımız tezliklə öz doğma yurd - yuvalarına qayıtsınlar. İnanırıq ki, Möhtərəm Prezidentimizin qətiyyətli, dönməz siyasi iradəsi bu prosesi də tezliklə uğurla başa çatdırmağa imkan verəcəkdir.

Kazım Kazımov
YAP Qazax rayon təşkilatının fəalı

Geri dön