Ana Sayfa > Gündəm > Evini kirayə verənlərin nəzərinə: vergi ödəməsəniz cərimələnəcəksiniz

Evini kirayə verənlərin nəzərinə: vergi ödəməsəniz cərimələnəcəksiniz


8-06-2016, 10:32. Yazar: admin


Kirayə haqlarından verginin hesab­lan­ması və ödənilməsi qaydaları ilə bağlı müəxtəlif suallarla qarşılaşırıq. Vergi­lər Nazirliyi Vergi siyasəti və strateji araş­dırmalar Baş İdarəsinin rəis müa­vini Şamil Ərəbovla müsahi­bə­mizin möv­zusu da əmlak kirayəsi və onun vergiyə cəlb olunması məsələlərinə həsr olunub.

- Şamil müəllim, əmlak kirayəsi ilə bağlı vergilər necə hesablanır və ödəniş necə həyata keçirilir?

- Azərbaycan Respublikasının Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi əmlak sahibinə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.
Mənzil kirayəsi müqaviləsinin tərəfləri fiziki şəxslər olduğu halda kirayə haqlarından verginin hesablanması və ödənilməsi aşağıdakı qaydada həyata keçirilir:

Mənzili kirayəyə götürən fiziki şəxs vergi ödəyicisi kimi vergi orqanında uçotda olduğu halda (VÖEN-i olduğu halda) mənzili kirayəyə verən fiziki şəxsə ödədiyi icarə haqqından 14 faiz dərəcə ilə vergi tutmalı və həmin məbləği dövlət büdcəsinə ödəməlidir. İcarə haqqından vergi ödəyən fiziki şəxs vergi orqanına vergi bəyannaməsi təqdim etməlidir. Kirayə verənin əldə etdiyi gəlirdən ödəmə mənbəyində vergi tutulduğu üçün onun həmin gəlirindən vergi tutulmur.
Mənzili kirayəyə götürən fiziki şəxs vergi ödəyicisi kimi vergi orqanında uçotda olmadığı halda, mənzili kirayə verən fiziki şəxs VÖEN əldə etməli və ona ödənilən icarə haqqından xərclər çıxılmadan 14 faiz dərəcə ilə vergini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Mənzili kirayə götürən diplomatik agent, konsulluq qurumu əməkdaşları və ya onlarla birgə yaşayan ailə üzvləri olduğu və kirayə haqqından ödəmə mənbəyində vergi tutulmadığı halda, müvafiq olaraq 1961-ci il 18 aprel tarixli «Diplomatik əlaqələr haqqında» Vyana Konvensiyasının 35-ci və 1963-cü il 24 aprel tarixli «Konsulluq əlaqələri haqqında» Vyana Konvensiyasının 52-ci maddələrini nəzərə alaraq kirayə verən vergi uçotuna alınıb kirayə haqqından vergini özü ödəyir.
Fiziki şəxs mənzili hüquqi şəxsdən kirayəyə götürdüyü halda, kirayə götürən fiziki şəxsin vergi orqanında qeydiyyatda olub-olmamasından asılı olmayaraq hüquqi şəxsə ödədiyi kirayə haqlarından ödəmə mənbəyində vergi tutulmur. Hüquqi şəxs əldə etdiyi həmin kirayə haqlarından 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir.

- Vətəndaşlar evi kirayəyə verərkən hansı posedurları keçməlidirlər?

- Vətəndaş evini vergi orqanında qeydiyyatda olan şəxsə kirayə verdiyi halda kirayəyə götürən tərəfindən ona ödənilən kirayə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur və bu zaman evini kirayəyə verən şəxsin vergi orqanında uçota alınmaq, əldə etdiyi icarə haqqından vergi ödəmək və bu barədə vergi orqanına bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

Vətəndaş evini vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsə kirayə verdiyi halda özü yaşadığı yer üzrə vergi orqanına ərizə ilə müraciət etməli və həmin ərizəyə şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə etməlidir. Vergi orqanı vətəndaşın ərizəsi daxil olduğu gündən sonrakı 2 gün müddətində ona vətəndaşın vergi orqanında uçota alınmasını təsdiq edən və üzərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) göstərilən müvafiq şəhadətnamə verir.

Bundan sonra, VÖEN-i olan vətəndaş kirayə haqqından xərclər çıxılmadan əldə etdiyi gəlirdən dövlət büdcəsinə 14 faiz dərəcə ilə vergi ödəyir və növbəti ilin martın 31-dək vergi orqanına gəlir vergisinin bəyannaməsini təqdim edir.

- Kirayə verən bu vergini ödəməkdən yayınıbsa, həmin şəxsə qarşı hansı cərimələr və sanksiyalar tətbiq oluna bilər?

- Dövlət büdcəsinə ödənilməli olan vergilərin yayındırılmasına görə vergi ödəyiciləri Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələri ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Mənzilini kirayəyə verən və vergi ödəyicisi kimi qeydiyyata durmağa borclu olan vətəndaşa, habelə ödədiyi kirayə haqqından ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə borclu olan şəxsə vergi ödəməkdən yayındığı halda aşağıdakı məsuliyyət tədbirləri tətbiq oluna bilər:

· Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;

· Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, bəyannamə vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən əldə etdiyi və ya ödədiyi icarə haqlarına görə vergi orqanına Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə hesabat təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;

· Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən, ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir;

· Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi məbləğləri qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə borclu olan şəxsdən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.
Geri dön