Ana Sayfa > Parlament > 17 oktyabr – Füzulinin işğaldan azad edilməsi günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq
17 oktyabr – Füzulinin işğaldan azad edilməsi günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq19-10-2022, 11:36. Yazar: sevinc1 |
Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycan ilk Qələbəsini hələ 1994-cü ildə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında əldə edib. Füzulinin işğalından cəmi 5 ay sonra, 1994-cü ilin 5 yanvar tarixində Ulu Öndər Heydər Əliyevin əmri ilə hücuma keçən Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələri tərəfindən Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdu. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı. Bu Zəfər Füzuli uğrunda gedən döyüşlərdə Azərbaycanın, Azərbaycan Ordusunun ilk böyük Qələbəsi idi. Bu Zəfərdən 26 il sonra Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə şanlı ordumuz erməni təxribatlarına birdəfəlik son qoymaq və torpaqlarımızı işğalçılardan təmizləmək üçün 2020-ci ilin 27 sentyabr tarixində bütün təmas xəttində qətiyyətli əks-hücuma keçməklə Vətən müharibəsinə başladı. II Qarabağ Savaşının gedişində Füzuli rayonunun azad olunması strateji əhəmiyyət kəsb edirdi. Diqqətəlayiq haldır ki, Vətən müharibəsinin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri işğalçılardan təmizlənərək azad edilib. Oktyabrın 17-də isə Azərbaycan Ordusu Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad edib. Ümumilikdə Vətən müharibəsinin gedişində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad olunub. Bu ərazilərdə Azərbaycan bayrağı qaldırılıb və uzun fasilədən sonra Azərbaycan dövləti bu torpaqlarda öz suverenliyini təmin edib. Möhtərəm Prezidentimizin dediyi kimi, bu, tarixi hadisədir. Həmin an - 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan təmizləndi. Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki bu şəhərin strateji yerləşməsi xüsusilə əlverişlidir. Belə ki, Füzuli Azərbaycanın nəzarətinə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Düşmən də bu istiqamətin vacibliyini dərk edirdi. Ona görə Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti mövcud idi. Otuz il ərzində düşmən burada möhkəmlənirdi. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Əlbəttə ki, bu istehkamları yarmaq, keçmək böyük qəhrəmanlıq, fədakarlıq tələb edirdi. Lakin Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri, çavuş və gizir heyəti 44 günlük müharibə zamanı daim əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişlər. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti və ölkənin ərazi bütövlüyünü bərpa etdi. Bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə etdiyi səfərlər xüsusi önəm kəsb edir. Dövlət başçımızın hər belə səfəri bir sıra açılış və təməlqoyma mərasimləri ilə əlamətdar olur ki, bu da həmin rayonun dirçəldilməsinə misilsiz töhfə olur. O cmlədən Vətən müharibəsi başa çatdıqdan sonra Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə Füzuliyə səfər edib. Hər biri zəngin tarixi hadisələrlə müşayiət olunan bu səfərlərin gedişində Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimi, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərinin qoyulması, Füzuli şəhərinin Baş planının təsdiqlənməsi, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi, Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlqoyma mərasimi, Füzuli şəhərində çoxmənzilli yaşayış məhəlləsinin və Peşə Liseyinin təməlqoyma mərasimləri keçirilib. Lakin bu tədbirlər arasında cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı xüsusi əhəmiyyət kəsb etmiş oldu. Bu ilin 27 sentyabr tarixində isə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna etdikləri növbərti səfər zamanı rayonun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Burada etdiyi çıxışında möhtərəm Prezidentimiz bir daha vurğuladı ki, Azərbaycan heç zaman öz şəhidlərinin əziz xatirəsini unutmayacaq. Çünki biz bu gün məhz qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və şanlı Zəfərimizlə fəxr edirik. Ceyhun Cahangirov, Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam orta məktəbin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı. Geri dön |