Ana Sayfa > Media > “AZƏRBAYCAN-QIRĞIZISTAN İNKIŞAF FONDUNUN YARADILMASI”

“AZƏRBAYCAN-QIRĞIZISTAN İNKIŞAF FONDUNUN YARADILMASI”


18-10-2022, 18:48. Yazar: sevinc1
“AZƏRBAYCAN-QIRĞIZISTAN İNKIŞAF FONDUNUN YARADILMASI”

Qədim zamanlardan müasir dövrümüzə qədər öz varlığını qoruyub saxlayan türk xalqları həmişə ictimai-siyasi və mədəni səviyyədə güclü inkişaf etmiş, onlara qarşı tarix boyu aparılan təcavüzkar siyasətə qarşı dəyanətli mübarizə aparmış və adət-ənənəsinə, milli kökünə, maddi-mənəvi mədəniyyətinə sahib çıxmışdır.
Bildiyimiz kimi, oxşar etno-genetik köklərə malik olan Azərbaycan və Qırğız xalqları arasında ən qədim dövrlərdən bu günə kimi sıx tarixi-mədəni və sosial-siyasi əlaqələr mövcud olmuşdur. Ortaq ədəbi-fəlsəfi, etnoqrafik, bədii-estetik və digər humanist dəyərlər bu iki xalqı həmişə birləşdirmiş, türk dünyasında özlərinə məxsus mövqe qazandırmışdır.
Azərbaycan-Qırğız xalqları arasında yaranan birgə əlaqənin birinci təməli ədəbi-mədəni əlaqələrdir ki, bu davamlı olaraq inkişaf etməkdədir. 2000-ci ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi mərasimində Ulu öndər Heydər Əliyevin və Qırğız Respublikasının Prezidenti Ə.Akayevin iştirakı və Azərbaycan nümayəndə heyətinin isə 2000-ci ilin payızında Qırğızıstanın Oş səhərinin 3000 illiyində iştirakı qarşılıqlı münasibətin ən bariz nümunəsidir.
Nəhayət, 20 aprel 2022-ci ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğızıstanın dövlət başçısı Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi uğurlu əməkdaşlığın davam oldu. Həmin mərasimdə “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə” və “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum” Prezidentlər İlham Əliyev və Sadır Japarov tərəfindən imzalandı. Bu isə Azərbaycan-Qırğız xalqları arasında yaranan yeni iqtisadi əlaqənin təməli oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan və Qırğız Respublikası arasında münasibətlərin perspektivlərinə toxunaraq qeyd etdi ki, “Münasibətlərimizin möhkəm təməli var. Bu, xalqlarımızın qardaşlıq əlaqələridir. Bu gün biz dövlətlərarası münasibətləri belə bir möhkəm təməl üzərində, bu prinsiplər əsasında qururuq. Bizim hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı”.
Azərbaycan və Qırğız xalqları digər türkdilli xalqlar kimi ortaq mədəniyyətə malikdirlər. Bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyətə malik olub minillik tarixi-mədəni hadisələri özündə qoruyub saxlayan “Kitabi-Dədə Qorqud” və “Manas” dastanları hər iki xalqın müdrikliyinin, zəkasının, qəhrəmanlığının, cəsarətinin rəmzidir. Hər iki dastan türk xalqının daim vətənpərvər olduğunu, ədalət və azadlıqsevər olduğunu bütün dünyaya nümayiş etdirir.
Yaxın zamanlarda - 11 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstana dövlətinə səfəri oldu. Bu səfər hər iki xalqın qarşılıqlı münasibətlərin gələcək inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində iki dövlət arasında “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında” saziş imzalanıb. İlk növbədə, Qırğızıstan-Azərbaycan birgə İnkişaf Fondunun yaradılması inkişafa, investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına və iqtisadi-ticarət sahəsində əməkdaşlığın qurulması üçün daha böyük zəmin yaradılmasına xidmət edəcək”, - dövlət başçısı bildirib. Hər iki türk xalqlarının başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, hər iki tərəf münasibətlərin dinamikasının artmasına böyük önəm verir.
Səfər çərçivəsində, həmçinin çoxsaylı sənədlər, o cümlədən Bakı ilə Bişkek şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair memorandum imzalanıb. Həmçinin, dövlət başçıları bir sıra açılışlara, mədəni proqramlara qatılıblar. Bişkekdə dövlət başçılarının iştirakı ilə ulu öndər Heydər Əliyevin və Nizami Gəncəvinin adını daşıyan təhsil ocaqlarının, dostluq parkının açılışının keçirilməsi tərəflərin mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşməsinə də böyük önəm verdiklərini təsdiqləyir. Əminik ki, Azərbaycan və Qırğız xalqları arasında yaranmış qırılmaz ədəbi-mədəni əlaqələr müasir dövrümüzdə güclü iqtisadi əlaqələr perspektivində Türk dünyasında daha da inkişaf edib dərinləşəcəkdir.

Aytac Abbasova
YAP Laçın rayon təşkilatı 51 saylı ƏPT-nın sədri
Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbin direktoru
Geri dön