Ana Sayfa > Siyasət > Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər

Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər


17-10-2022, 11:58. Yazar: sevinc1
Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər


Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Azərbaycan-Qırğızıstan münasibətləri ənənəvi şəkildə, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq və dostluq əsasında qurulub. Artıq strateji tərəfdaş olan Azərbaycan və Qırğızıstan yeni hədəflərə doğru birgə addımlayır. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.Hazırda Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Onlar Qırğızıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Azərbaycanın xarici siyasətində qazanılan uğurlar xalqımızı çox sevindirir. Çox hörmətli Prezidentimiz İlham Əliyevin son günlərdə xarici dövlətlərə səfəri buna bariz sübutdur. Prezidentimizin Qırğızıstana dövlət səfəri zamanı bir çox məsələlərə toxunuldu. 2022-ci ilin 11 oktyabr tarixində baş tutan bu səfər zamanı cənab Prezident öz çıxışlarında qeyd etmişdir ki, “Bu gün Türk dünyası yeni potensial əldə edir. Həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Gələn ay keçiriləcək Zirvə Görüşü bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq. Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq.”

Möhtərəm prezident İlham Əliyev bildirib ki, yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Yarım il bundan əvvəl müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər ətraflı müzakirə olunub. Artıq əməkdaşlığın konkret addımları atılıb. Bəyanatın sonunda göstərilib ki, Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər. Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması münasibətlərimizin perspektivliyini təmin edəcək. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq.

Bişkek Bakının region, Türk dövlətləri və bütövlükdə dünya üçün yeni güc sahibi mövqeyini müşahidə edir. Azərbaycan-Qırğızıstan münasibətləri həmişə siyasi səviyyədə yaxşı olub. Bişkek-Bakı münasibətlərində xüsusi canlanma məhz Prezident İlham Əliyevin Orta Asiya və Türk dünyasına yönəli başlatdığı aktiv siyasi kursdan sonra müşahidə olunmağa başlamış, son bir ildə liderlər arasında üç görüş, iki qarşılıqlı səfər baş tutmuşdur. Nəticədə Prezident İlham Əliyevin səyləri ilə siyasi münasibətlərin inkişaf etdirilməsinə paralel olaraq, nəqliyyat-logistika, informasiya-kommunikasiya texnologiyaları, təhsil, turizim və idman sahələri kimi konkret istiqamətləri əhatələyən kompleks format müəyyən edilmişdir ki, bu da Bişkek-Bakı münasibətlərində yeni səhifə açmışdır.

Türk dünyasının birgə potensialının ortaya çıxarılması, suverenliklərimizə xələl gətirmədən böyük Türk mənəvi-siyasi birliyinə nail olunması üçün digər dövlətlərlə olduğu kimi Azərbaycan-Qırğızıstan əlaqələri, dostluq və qardaşlığı kritik əhəmiyyətə malikdir. Cənab Prezidentin dövlət səfəri də göstərdi ki, Qırğızıstan hakimiyyəti və xalqı da bu düşüncələrimizi həm nəzəri, həm də əməli olaraq bizimlə bölüşür.İki türk dövləti arasında əlaqələrin inkişafı, xalqlar arasında qardaşlığın möhkəmlənməsi istiqamətində atılan addımlar, bütövlükdə türk dünyasının birliyinə töhfə verəcək fəaliyyət kimi qiymətləndirilməlidir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
aia.az


Geri dön