Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: “Cəbrayıl rayonunda düşmənə vurulan sarsıdıcı zərbələr Zəngilanın azad edilməsi üçün əlverişli taktiki şəraitin yaranmasına səbəb oldu
Eltun Süleymanov: “Cəbrayıl rayonunda düşmənə vurulan sarsıdıcı zərbələr Zəngilanın azad edilməsi üçün əlverişli taktiki şəraitin yaranmasına səbəb oldu16-10-2022, 13:49. Yazar: sevinc1 |
“Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il oktyabrın 30-da işğal olunmuş Zəngilan rayonu həmin tarixə 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun əhalisi 45 mindən çox olub. İşğaldan sonra bu insanlar məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Rayon iqtisadiyyatının əsasını təşkil edən 29 kolxoz-sovxoz, 1 arıçılıq təsərrüfatı, 4 kooperativ və 3 kəndli-fermer təsərrüfatının maddi-texniki bazası işğal dövründə tamamilə dağıdılaraq talan edilmişdir. Rayon ərazisində olan zəngin təbii resurslar – tikinti daşı, qızıl, qara mərmər, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı yataqları da işğal dövründə erməni qəsbkarları tərəfindən qeyri-qanuni istismar olunmuşlar.” Bu sözləri AİA.Az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Müsahibimiz qeyd edib ki, 44 günlük Vətən müharibəsinin gedişində Cəbrayıl rayonunda düşmənə vurulan sarsıdıcı zərbələr Zəngilanın azad edilməsi üçün əlverişli taktiki şəraitin yaranmasına səbəb olub: “2020-ci ilin 27 sentyabr tarixində Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən torpaqlarımızın işğaldan azad olunması məqsədilə Vətən müharibəsinə başlayan Azərbaycan Silahlı Qüvvələri hərbi əməliyyatların gedişində Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurmaqla əlverişli taktiki mövqelərə çıxdılar. Məhz bundan sonra 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsilə ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yarandı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Artıq oktyabrın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Xüsusilə vacib məqamlardan biri də budur ki, Zəngilanın işğaldan azad olunması ilə işğal altında olmuş 132 kilometr uzunluğunda Azərbaycan-İran sərhədi tam bərpa edildi. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6972 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.” Daha sonra E.Süleymanov “Böyük Qayıdış” layihəsinin getdikcə daha böyük vüsət aldığını vurğulayaraq bunları deyib: “Bu gün Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində yenidənqurma işləri böyük vüsətlə davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin həmin ərazilərə etdiyi müntəzəm səfərlər isə bu işlərin daha böyük dinamikasını və effektivliyini təmin edir. Artıq “Böyük Qayıdış” layihəsinin birinci pilot layihəsi Zəngilanın Ağalı kəndində icra edilib. Ağalıda 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Cari ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Bir məqamı da qeyd edək ki, Heydər Əliyev Fondu azad edilmiş digər ərazilərdə olduğu kimi, Zəngilan rayonunda da həyata keçirilən yenidənqurma işlərinə önəmli töhfələr verməkdədir. Hazırda Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. Əminliklə demək olar ki, çox az müddətdən sonra işğaldan azad edilmiş bütün rayon və bölgələrimiz yeni, möhtəşəm simaları ilə bütün dünyanı heyrətə gətirəcəklər”, - deyə Eltun Süleymanov fikirlərini tamamlayıb. Geri dön |