Ana Sayfa > Gündəm > XALQIN İNANIB ETİBAR ETDİYİ , SEVİB SEÇDİYİ LİDER!
XALQIN İNANIB ETİBAR ETDİYİ , SEVİB SEÇDİYİ LİDER!14-10-2022, 09:30. Yazar: sevinc1 |
“Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu fikir Ulu Öndər Heydər Əliyevə məxsusdur. 2003-cü ilin 1 oktyabr tarixində xalqa müraciət edən böyük şəxsiyyət öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürməklə Azərbaycan xalqını onun müəyyən etdiyi siyasi kursa, dayanıqlı inkişafa səs verməyə çağırdı və həmişə olduğu kimi bu dəfə də xalqa düzgün yolu, düzgün istiqaməti bir daha göstərdi. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini İlham Əliyevə verməklə həm də Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs verdi. Beləliklə, Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin başlatdığı siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Seçimin ilkin qalibi Prezident İlham Əliyev, bütövlükdə qalibi isə Azərbaycan dövləti və xalqı oldu.Bu seçkilərə İlham Əliyev məhz Azərbaycanı xaosdan tərəqqiyə aparan siyasi kursun təmsilçisi kimi qatılmışdı. 19 il müddətində xarici siyasət, iqtisadiyyat, neft sektoru, qanunvericilik fəaliyyəti, siyasət sferalarında özünü bacarıqlı rəhbər, qabiliyyətli təşkilatçı, xarizmatik lider kimi təsdiqləyən İlham Əliyevin seçki qələbəsinin əsas təminatçısı isə Ulu Öndər Heydər Əliyevin "Mən ona özüm qədər inanıram" - yüksək dəyərini verməsi olmuşdu. Ümummilli liderin bu qənaəti xalqın 19 il öncə dəqiq etimad ünvanı seçməsində səfərbəredici şərt idi və Azərbaycan vətəndaşları da həmişə ona düzgün, müdrik yol göstərən Heydər Əliyevin bu məsləhətini müzakirə etmədən belə konkret seçim qərarı kimi müəyyənləşdirdilər. Və yanılmadılar! İlham Əliyevin prezdentliyinin ilk ilindən etibarən təbəddülat və tərəqqi özünü göstərməyə başladı. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndi, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görüldü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması, ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası, gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası, səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edildi. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr inkişaf etdi. Ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşdı və xalqa verilən vədlər bütünlüklə yerinə yetirildi. Kəndli torpağına qayıtdı, pərən-pərən düşmüş ailəsini başına yığdı, dövlətdən aldığı əvəzsiz maliyyə yardımı ilə təsərrüfatını yenidən qurdu, dirçəltdi, müasir texnikanı yenə də dövlətin yardımı ilə əldə etdi. İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Prezident İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modernist cəmiyyət formalaşdıra bildi. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirməklə , 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmış oldu. Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Onun yürütdüyü siyasət nəticəsində bölgənin sosial-iqtisadi sahələrdə və geosiyasi məsələlərdə, yeganə gücü olan Azərbaycan artıq Cənubi Qafqazın demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesində də alternativsiz lideridir. Bu gün regionda Azərbaycandan demokratik ölkə, qanunun və hüququn aliliyini tanıyan digər dövlət yoxdur! Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan, Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində, Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi, Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Bu gün Qarabağa “Böyük Qayıdış” layihəsini qətiyyət və inamla həyata keçirən cənab Prezident İlham Əliyevin dayağı xalq, millətin sevgisi və inamı, mayakı isə Ulu Öndərin siyasi kursudur. Bu kursa, bu millətə bağlılıq, sədaqət ,onun adını tariximizin qızıl səhifəsinə yazdı. Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Azərbaycan xalqı ona qələbə sevinci yaşadan Ali Baş Komandana, dövlətin inkişafı üçün əlindən gələn hər şeyi edən Prezidentə inanır, onu sevir və hər bir işdə öz liderinin arxasında durmağı şərəf bilir. Çünki Ulu Öndərin dediyi kimi “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir”. Arif Fərzəliyev, YAP Cəbrayıl rayon təşkilatının sədri Geri dön |