Ana Sayfa > Media > İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən minaların basdırılması ölkəmizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır
İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən minaların basdırılması ölkəmizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır13-10-2022, 17:25. Yazar: sevinc1 |
Vətən müharibəsində əldə olunan şanlı qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasıdır. Dövlətimiz tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. İşğaldan azad olunan ərazilərimizdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir. Mənfur düşmənlərimiz 30 il ərzində işğalda saxladıqları əraziləri xarabalığa çevirməklə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbələrimizə aparan yolları, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlənməsi olub. Qarabağa Böyük qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən ərazilərimizdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərinin aparılmasından keçir. Bütün bu işlərin həyata keçirilməsi üçün də ilk öncə bu ərazilərdə mina və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi işlərinə başlanılıb. Minatəmizlənmə əməliyyatlarına əsasən infrastrukturun bərpasına xidmət edən ərazilərdən başlanılıb. Yaşayış məntəqələrinin salınacağı ərazilər, əkin sahələri, yollar və s. minalardan təmizlənib. Hazırda da təmizləmə işləri davam etdirilir. Ermənistanın postmünaqişə dövründə də müharibə cinayətləri səngimir. Mina terrorunun qurbanlarının sayı getdikcə artır. Prezident cənab İlham Əliyev indiyədək müxtəlif toplantılardakı çıxışlarında Ermənistanın insanlıq əleyhinə yönələn bu cinayəti haqqında ətraflı danışıb. Prezident cənab İlham Əliyev 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti ilə görüşləri zamanı bildirmişdir ki: “İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Ermənistanın bu addımları sülhə zərər gətirir. 250-dən çox azərbaycanlı müharibədən sonra ya həlak olub, ya da ki, ağır yaralanıb. Bizə qarşı erməni terroru davam edir və buna son qoyulmalıdır.” Azərbaycan tərəfindən dəfələrlə beynəlxalq təşkilatların toplantılarında Ermənistanın “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozduğu vurğulanıb. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəalarına da işğalçı ölkə tərəfindən əhəmiyyət verilməməsi diqqətə çatdırılıb. Adı çəkilən konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürürlər. Təəssüf ki, Ermənistan bütün sahələrdə olduğu kimi, bu məsələdə də laqeydlik göstərir. Üçtərəfli Bəyanatın imzalanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də dəqiq mina xəritələrini verməyib. Həmçinin, indiyədək təqdim olunan mina xəritələri də dəqiq olmayıb. Buna görə də müharibədən sonra çoxsaylı Azərbaycan vətəndaşı mina partlayışından həyatını itirib. Beləliklə, dünyanın gözü önündə baş verən bu terror hadisələri qarşısında beynəlxalq ictimaiyyət susmağa üstünlük verir. İşğal dövründə olduğu kimi, indi də Ermənistana heç bir təzyiq göstərilmir. Bundan başqa, ərazilərin minalardan təmizlənməsi prosesində ölkəmizə bu sahədə təcrübəsi olan beynəlxalq qurumlardan da dəstək gəlmir. Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində haqlı olaraq beynəlxalq təşkilatlardan daha fəal kömək gözləyir. Təəssüf ki, dəfələrlə edilmiş çağırışlara baxmayaraq, indiyə qədər beynəlxalq qurumlardan minatəmizləmə işində ciddi fəaliyyət nəzərə çarpmır. Göründüyü kimi, Ermənistan Azərbaycanın Qarabağda bərpa-quruculuq prosesinə mane olmaq üçün istənilən çirkin vasitəyə əl atır. Mənfur düşmənlərimizin məqsədi postmünaqişə dövründə daha çox azərbaycanlının ölümünə bais olmaq, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasını əngəlləməkdir. Lakin, Ermənistan öz çirkin niyyətlərinə nail ola bilməyəcək. Azərbaycan bu əraziləri yenidən bərpa edəcək və xalqımız bu torpaqlarda əbədi yaşayacaq. Fəxrəddin Vəliyev YAP Şəmkir rayon təşkilatının sədri Geri dön |