Ana Sayfa > Siyasət > Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır

Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır


13-10-2022, 10:34. Yazar: sevinc1
Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır



Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə dördtərəfli görüşü olub. Bu görüş də sülhə doğru daha bir addım kimi dəyərləndirilir, ölkəmizin uğuru olaraq təqdir edilir. Onu da qeyd edək ki, Praqa görüşünə Azərbaycan növbəti dəfə güclü və üstün tərəf kimi qatılmışdı. Bu amil bütövlükdə danışıqların, müzakirələrin gedişində aydın müşahidə olunurdu. Belə ki, Paşinyan Fransanın da iştirak etdiyi görüşdə özünü inamlı göstərməyə çalışsa da, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti və prinsipiallığı onun bu cəhdinə imkan vermədi.

Növbəti mərhələdə sərhədlərin müəyyənləşdirilməsi vəzifəsi dayanır. Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdi. Öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, bu missiya yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına stimul və dəstək verəcək. Bu missiyanın məqsədi güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarına töhfə verməkdir. Bu isə o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edilib. Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorunub. Bu baxımdan, Praqa görüşü Azərbaycanın diplomatik müstəvidə böyük qələbəsidir və bu uğur dövlətimizin hərbi platformada olduğu kimi, siyasi platformada da güc sahibi olduğunu göstərir.

Qeyd etmək lazimdir ki, oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada "Avropa siyasi birliyi" Zirvə Toplantısının açılış plenar iclası keçirilib. "Avropa siyasi birliyi" qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. İlk dəfə keçirilən və Avropa ölkələrinin liderlərini bərabərhüquqlu, birlik ruhunda bir araya gətirən Zirvə Toplantısına ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları qatılıb. Tədbirdə çıxış edən dövlətimizin başçısı qeyd edib ki, hələlik bu təşəbbüsün gələcəyi ilə bağlı dəqiq fikir demək mümkün deyil. Amma hər halda həm Avropa ailəsinə dəvət deməyə əsas verir ki, bizim əlaqələrimizin çox gözəl perspektivləri var.Görüşün yekununda tərəflər arasında bəyanat qəbul edilib və sənəddə Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı qeyd olunub. Praqada baş tutan dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanat ölkəmizin növbəti diplomatik qələbəsidir. Burada qeyd olunan məqamlar bilavasitə Azərbaycanın maraqlarını əks etdirir.

Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq.Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd etdi və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdə uzun illər davam etdirdiyi uğurlu siyasi fəaliyyətinin parlaq təzahürüdür.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
aia.az

Geri dön