Ana Sayfa > Media > Praqada keçirilən dördtərəfli görüşdə bir daha Azərbaycanın haqlı mövqeyi əsas müzakirə mövzusu oldu

Praqada keçirilən dördtərəfli görüşdə bir daha Azərbaycanın haqlı mövqeyi əsas müzakirə mövzusu oldu


12-10-2022, 21:51. Yazar: sevinc1
Praqada keçirilən dördtərəfli görüşdə bir daha Azərbaycanın haqlı mövqeyi əsas müzakirə mövzusu oldu

Məlum olduğu kimi, İki ildir ki, Azərbaycan-Ermənistan sülh gündəliyi ətrafında intensiv görüşlər davam edir. Azərbaycan qalib tərəf kimi prosesi öz diktəsi ilə idarə edir, Ermənistan isə yenə də müxtəlif bəhanələrlə, təxribat törətməklə sazişin imzalanmasını uzadır.  Tərəflər arasında aparılan sülh danışıqları həm Rusiyada, həm də Avropada reallaşır. Belə ki, Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə ilk olaraq yeni format - Brüssel sülh gündəliyi yarandı. Xatırlatmaq yerinə düşər ki, ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirildi, bununla da İlham Əliyev və Aİ Şurasının prezidenti Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyuldu.  Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparıldı, telefon danışıqları oldu.  Qeyd edək ki, aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alındı. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan XİN-lərinə müvafiq təlimatlar verildi. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılması idi. Bu formatda tərəflər arasında 4 görüş keçirildi və müəyyən razılaşmalar da əldə olundu. Amma Ermənistan yenə də "status" iddiaları ilə prosesə əngəl olmağa çalışdı.
Ötən həftə isə tərəflər üçlü yox, dördlük formatında görüş keçirdilər. Özü də bu görüş Çexiyanın Praqa şəhərində keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısı zamanı baş verdi.

Yeri gəlmişkən, Praqada keçirilən dördtərəfli görüşdə bir daha Azərbaycanın haqlı mövqeyi əsas müzakirə mövzusu oldu və Ermənistan növbəti dəfə İlham Əliyevin irəli sürdüyü təkliflər əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etdi. Bu, Azərbaycanın daha bir diplomatik uğuru idi.  Qeyd edək ki, görüşün Bakının maraqlarına uyğun keçdiyini Prezident İlham Əliyevin dördtərəfli toplantıdan sonra Azərbaycanın televiziya kanallarına verdiyi müsahibə zamanı sülh prosesi barədə səsləndirdiyi fikirlərdən də aydın görmək olur. Dövlət başçısı müsahibə zamanı ümid etdiyini bildirir ki, tərəflər sülhə yavaş-yavaş yaxınlaşırlar. Prezident Aİ Şurasının prezidenti Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirərək görüşlər zamanı tərəflərin hər dəfə sülhə daha da yaxınlaşdığını vurğulayır: "Dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaq".

Göründüyü kimi, bütövlükdə Praqa danışıqlarına Brüssel formatının davamı kimi qiymət vermək lazımdır. Həqiqətən də, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri kifayət qədər uğurludur. O, dörd dəfə Azərbaycan və Ermənistan siyasi liderlərinin görüşünü keçirib. Bu görüşlərdə çox mühüm irəliləyişlər əldə edilib. Sözsüz ki, görüşlər nəticə etibarilə sülh prosesinə təkan verir və sülh müqaviləsinin imzalanması imkanlarını xeyli artırıb.  Çexiyada keçirilən iki görüş təxminən beş saatdan çox çəkdi. Məhz bu təmaslar nəticəsində bir sıra mühüm razılaşmalar əldə edildi. Bu görüşlərin nəticəsi olaraq dördtərəfli birgə bəyanat qəbul edildi. Bəyanatda ən vacib məsələlərdən biri hər iki dövlətin - həm Azərbaycanın, həm də Ermənistanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını bəyan etmələridir. Eyni zamanda iki dövlət arasında sərhədlərin müəyyən edilməsində bu prinsip əsas götürülür. İlk dəfə olaraq Azərbaycan və Ermənistan dövlətləri arasında sərhədlərin müəyyən edilməsi prosesinə dəstək məqsədilə Avropa İttifaqının mülki missiyası regiona gələcək. Onun əsas məqsədi Azərbaycan və Ermənistan dövlətləri arasında etimad mühitinin formalaşmasına kömək etmək, delimitasiya prosesi ilə bağlı görülən işlərin hesabatını hazırlamaqdır. Bu ay artıq onlar fəaliyyətə başlayırlar. Bu missiya iki ay müddətində həyata keçiriləcək. 

Xüsusi vurğalamaq istəyirəm ki, Prezident İlham Əliyevin yenə də diplomatik məharəti ilə bu proses Azərbaycanın maraqlarına uyğun yönləndirildi. Azərbaycanın milli maraqları yenə də İlham Əliyev tərəfindən layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi. Bəyanatda Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdı.

Bir sözlə, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında bütün proseslər ölkəmizin istəyinə uyğun reallaşır. Sülh danışıqlarının gündəmini müəyyənləşdirən İlham Əliyevin müstəqil diplomatiyası tam uğurlu nəticə verir.

Mahir Hacıyev,
YAP Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədri

Geri dön