Ana Sayfa > Parlament > ÖMƏR FAİQ NEMANZADƏ: GÖRKƏMLİ ŞƏXSİYYƏT, MÜBARİZ JURNALİST VƏ TANINMIŞ İCTİMAİ XADİM
ÖMƏR FAİQ NEMANZADƏ: GÖRKƏMLİ ŞƏXSİYYƏT, MÜBARİZ JURNALİST VƏ TANINMIŞ İCTİMAİ XADİM12-10-2022, 09:19. Yazar: sevinc1 |
(ÖMƏR FAİQ Nemanzadənin anadan olmasının 150-ci ildönümü münasibətilə) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qüdrətli sənətkar, milli mətbuatın böyük xadimi, görkəmli maarifçi, ictimai xadim və mətbuat səhifələrində parlaq səhifələr yaradan Ömər Faiq Nemanzadənin anadan olmasının 150-ci ildönümünün qeyd olunması ilə bağlı 03 oktyabr 2022-ci ildə Sərəncam imzalamışdır. “Şərqi-rus”, “İrşad”, “Tərəqqi”, “İqbal”, “Yeni iqbal”, “Qardaş köməyi” və digər mətbu orqanlarda “Ömər Faiq” “Ə.F.Nemanzadə”, “Dərdli”, “Ümid var”,”Ümid”, “Naməyus”; “Molla Nəsrəddin” jurnalında isə “Mozalan”, “Lağlağı”, “Molla Nəsrəddin”, “Molla Qulu”, “Məşrutəçi”, “Mömün”, “Kötəkçi” kimi imzalarla tanıdığımız Ömər Faiq Nemanzadə yaradıcılığı boyu taleyüklü məsələlərə aydınlıq gətirmişdir. Bildiyimiz kimi “çürük mühit” sağlam pedaqoji mühitin yaranmasına hər zaman əngəlliklər törətmişdir. Milli ideyalarla zəngin olan Ömər Faiq Nemanzadə isə köhnə dimağları, düşüncələri, ümumiyyətlə, tarixin çarxını yeni yola salmağı, dünyanı çirkablardan təmizləməyi, yer üzünə yeni baxış, yeni düşüncə, azadlıq və səadət gətirməyi qarşısına məqsəd qoymuşdur. Ö.F.Nemanzadə “Xatirat”ında və başqa yazılarında qeyd etdiyi kimi, elə bir mətbuat istəyirdi ki, bu mətbuat xalqın dərdini xalqa desin, zəhmətkeşlərin ağır zəhməti hesabına yeyib yaşayanların mənəviyyat saflığını, mövcud ictimai quruluşun eybəcərliklərini açıb göstərə bilsin. Söz, mətbuat azadlığının olmadığı bir ölkədə mütərəqqi ideyaların həyata keçirilməsinin çətinliyini dərk edən pedaqoq “...bu gün ancaq hər qüvvətin, hər xahişin, hər fikrin anası və kökü olan maarif və mətbuat olduğunu bilməliyik... Ən güclü top və tüfəngdən artıq bizi mühafizə edəcək mətbəə və mətbuatdır” – deyir. Fədakar qələm sahibi Ömər Faiq Nemanzadə dönələrlə vurğulayır ki, vətən qardaşlarımıza “düşmənlərini tanıtmaq” və onları bu düşmənlərlə mübarizəyə hazırlamaq bizim borcumuzdur. Çünki köhnəliklə yeniliyin vuruşmasına fəhlə və əkinçinin, kankan və tulambarçının, kantor və mədən işçisinin necə mövqe tutması, qalib yaxud məğlub olması “kimdir bizim düşmənlərimiz?” kimi yetişmiş sualına düzgün cavab tapmasından çox asılıdır. “Müsəlman ömründə bir qədəm qoya bilmir, heç bir işə yapışa bilmir ki, orada şeytan olmasın. Dünyanın heç bir nöqtəsində heç bir tayfa arasında şeytan o qədər modda deyil ki, biz müsəlmanların arasındadır. Hər bir işdə, hər bir məqamda məscid və minbərdən başlamış evlərimizə, küçələrimizədək öz qəlblərimizi şeytanın adı ilə doldurmuşuq... Vaizlərimiz minbərə çıxıb əvvəl xanlarımıza, əğniyarlarımıza, qolçomaqlarımıza və qoçularımıza rəhmət oxuyub axırda deyəcəklər: “Allah şeytana lənət eləsin”. Özgə bir millət düşməndən ehtiyat eliyəndə müəlman şeytandan qorxur. Özgələri meşədə ayıdan ehtiyat eliyəndə müsəlmanın yadına div düşür. Çöllərdə birisi qurddan qorxanda müsəlman quli-biyabanidən qorxur. Özgə bir millət bir qaranlıq yerdə heç bir şeydən qorxmuyanda otuz beş yaşında igid müsəlman cindən qorxur. Cindən, pirdən, mardan, çəldən, siyahdan, hənacədən, tərfandan, sələbdən... dünya və aləmdən müsəlman qorxur. Mollanəsrəddinçilərin fikrincə, bəla bundadır ki, “müsəlman qardaşlar”ın böyük bir hissəsi nəinki mübarizə yolundan bixəbərdir, nəinki həyata avam və fəaliyyətsizdir, hətta mövcud tarixi vuruşlar dövründə dost-düş-mənini tanımaqda da huri sözlərlə qulağı dolduğu, cəmiyyət və təbiət qanunları haqqında kifayət qədər təsəvvürü olmadığı üçün o, rastlaşdığı bütün yaramazlıqları, bütün məhrumiyyət və bəlaları ya “təqdiri – xuda”, ya Allahın qəzəbi, ya da şeytan işi kimi başa düşür və ona görə də həmişə “allahı köməyə çağıranda”, qanını soran, ikiayaqlı “zəlilər”dən və “həşərat”dan dad çəkmək əvəzinə, deyir ki, “bari pərvərdigara, sən məni şeytandan saxla”. Beləliklə, dövrün acı həqiqətləri mollanəsrəddinçilərin “aclıq”, “matəm”, “ölülər”, “faciə” kimi mövzuları dönə-dönə işləmələrinə səbəb olur, bu isə onların ancaq ilk baxışda şən və ürəkaçan görünən gülüşünə çox aydın hiss olunan bir qüssə, kədər gətirir. Ümumiyyətlə, Sabirin “Neylərdin ilahi?”, “Şikayət və nədamət”, “Görmə! Baş üstə...” şeirlərində, Əbdürrəhim Bəy Haqverdiyevin “Odabaşının hekayəsi”, “Çeşmək”, “Ayın şahidliyi” hekayələrində, Əliqulu Qəmküsar, Əli Nəzmi, Mirzə Əli Möcüz və başqa mollanəsrəddinçilərin onlarla əsərlərində görmək mümkündür. Köhnə həyat və geriliyin kəskin tənqidi Ömər Faiq Nemanzadənin publisistikasında da geniş əks olunur. Ömər Faiqin publisistik əsərləri üçün səciyyəvi olan ilk böyük keyfiyyət ideyalılıqdır, özü demişkən məsləkdir, məsləklərindən yaranan ideyalılıqdır. O, əqidəni, məsləyi yalnız yazıçılar, siyasət adamları, jurnalistlər üçün deyil, bütün vətəndaşlar üçün zəruri bir keyfiyyət hesab edir. Nemanzadə xalqın azadlığı, tərəqqisi, səadəti yolunda mübarizə etməyi bacaran adamları ideal dərəcədə sevir və çalışırdı ki, yeni nəsil bu cür tərbiyə olunsun, yəni məsləkli və əqidəli olsun. Maraqlıdır ki, Ömər Faiq Nemanzadə yüksək ideallardan və qayələrdən ehtikar edən boşboğazlarla həqiqi məsləkli mübarizələr arasında dərin fərq görürdü. Bu, əslində əxlaq məsələsidir. Heç şeyə inanmadan və ya nanəcib məqsədlərlə ortalığa atılanlar həmişə yüksək məfhumları oyuncağa çevirirlər, yəni əxlaqi normaları qəbul etmirlər. Belələri hər məsələ barədə əllaməlik etməyi, hər addımbaşı lovğalanmağı sevərlər, utanmadan şairə şeir, dramaturqa dram, bəstəkara opera yazmaq öyrədir, əslində isə hamısına mane olurlar. Onlar daha “yüksək tələblərlə” ortalığa atılsalar da əslində oradan-buradan sözlər əzbərləmiş, hazır fikirlər və düsturlarla silahlanmış deletantlardır. Nemanzadə bu cür adamları boşboğaz adlandırıraq göstərirdi ki, “...Öz-özümüzə balta vurmağımızın təqsiri yalnız camaatımızda deyil, bəlkə beş-on manat məvacib-aylıq alan elmsiz, hünərsiz, başı sarıxlı qulluqçularımız ilə başı qaqaretli həmiyyətsiz qara qarğalarımızdadır. Bu kimilərin köhnə idarə istəmələrinə səbəb məhz özlərinin iki qəpiklik şəxsi mənfəətləri olduğunu camaatımız başa düşməlidir. Daha bəsdir, müftəxorlarla, dinini, millətini iki qəpiklik xeyrə satanlara boyun əymək! Nə vaxta qədər ümumi və milli nəfimizi buraxıb bəzi sədrdə əyləşən, minbərə çıxan, qaqaret taxan həmiyyətsizlərin keflərinə qulluq edəcəyik. Biz də insanıq! Biz də bir millətik! Nə vaxta qədər xeyir və şərimizi qanmayacağıq?”. Beləsinin işi-peşəsi nə olacaq? Bir adam ki, özü bacarıqsız ola, yaxud bacarığı olduğu halda düz yol tutmaya, onun-bunun və xüsusən iş görənlərin paxıllığını çəkə, onun işi nə olar? Sənəti nə olar? Zamanın qabaqcıl ideyaları fonunda yazıb yaradan Ömər Faiq yaratdığı sualı cavablandıraraq göstərirdi ki, “Hər kəs mənsub olduğu camaatın azadlığı və səadəti yolunda qanlar tökdükləri halda, bir baxın bizim camaat rəhbərləri nə cür cəfəng, müstəbid, zülmlü qərardadlar ilə camaatın hüriyyətinə mane olmaq istəyirlər? İnsan yanıb-yaxılır ki, rəhbərlərimiz “yadullahü məəl-cəmaətə” (Allahın əli camaatladır – K.C.) hikmətini bizə minlərcə əlavələr ilə anladıb camaat qüvvətinin hər cür müvəqqəti-cəbbaranə, zalimanə qüvvətlərdən artıq və daimi olduğunu bildirəcəkləri yerinə, məqami-rəyasətdən bizə misginanə vəz edirlər”. Belə fitnəkarlara müəllifin qəzəbi o qədər böyükdür ki, hətta onlara qarşı “ağızlarını açan kimi ağızlarından vurmaq” kimi amansızlıq dərəcəsinə çatan tədbirlər irəli sürür. O yazırdı: “Camaatımızın, yəni yaxşı ilə pis barəsində dürüst etiqadı olan camaatımızın borcu odur ki, həmin müzürr boşboğazları tapıb, ağızlarını açan kimi ağızlarına vursun, onlara yol verməsin, qudurtmasın və bu yol ilə onların bazarını kasad edib, meydandan çıxartsın, qovsun, amma bunun üçün yaxşıya və yamana etiqad lazımdır ki, boşboğazların fikri həmin dəm aşkar olsun”. Vətənin xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəməyən Ömər Faiq Nemanzadə bu tip yazılarında incə və maraqlı bir məsələyə də toxunur. O da işi bilənə tapşırmaq məsələsidir. Bəzi insanlar xeyir vermək istədikləri yerdə, yəni niyyətləri yaxşılıq olduğu halda işdə, əməldə zərər verir, pislik edirlər. Bu o zaman olur ki, başa düşmədikləri, qətiyyən xəbərdar olmadıqları işdən yapışırlar. Məlumdur ki, elə sahələr və sənətlər var ki, onlar hər bir adamdan müəyyən hazırlıq, müəyyən əqli inkişaf və professional səviyyə tələb edir. Məsələn, arabaçıya maşın sürməyi, qəssaba həkimliyi tapşırmaq olmaz, bunun üçün hər adamdan mütləq müəyyən hazırlıq tələb olunur. Naşı, hazırlıqsız, savadsız, elmsiz adamlar ixtisas və fikri səviyyə istəyən məsələlərin həllinə girişsə, bu məsələlərin taleyi elələrindən asılı olsa – qarma-qarışıqlıqdan başqa bir vəziyyət yarana bilməz. Bunu nəzərə alaraq Ömər Faiq yazır: “Zəmanəmizin ehtiyac gördüyü məsələlərdən... məcmuələr yazıb “Molla Nəsrəddin” və ya “Qeyrət” mətbəəsi idarəsinə göndərsinlər. Biz hər kəsin kitabını öz xərcimiz ilə çap edib nəşr edirik”. Ümumiyyətlə, Azərbaycan maarifçilərinin (M.F.Axundov, H.B.Zərdabi, S.Ə.Şirvani, M.Ə.Sabir, C.Məmmədquluzadə, Ə.Nəzmi, Ə.Qəmküsar və b.), mütərəqqi ziyalılarının mübarizəsində maarif məsələləri böyük yer tuturdu. Onlar haqlı olaraq inanırdılar ki, xalqın savad və mədəniyyət dərəcəsi nə qədər yüksək olarsa, onun azadlıq və yaxşı həyat uğrunda mübarizəsi də o qədər səmərəli olar. “C.Məmmədquluzadə belə hesab edirdi ki, elm öz-özünə gəlib adamın başına girməz. Elmə sahib olmaq üçün zəhmət çəkmək, onu təhsil etmək lazımdır”. Ömər Faiq Nemanzadə də bu mövqedə dayanmışdı, onun bir sıra yazılarında bu məsələlər geniş şəkildə şərh olunurdu. O yazırdı: “Bir yerdə ki, elm və maarif olmadı, orada zülm və istibdad hökm fərman olar”. Təbiidir ki, zalimlər, müstəbidlər, insafı və vicdanı olmayan qoluzorlular o yerdə özlərini təpədə donuz kimi hiss edir və vəhşiləşir ki, orada insanın təbii hüquqları və ixtiyaratı barədə təsəvvür zəifdir. Bir də ki, avamlar və cahillər zülmə, alçaqlığa tez tabe olurlar. Belə cəmiyyətlərdə istedadlar boğulur, xalqın qabiliyyətli və bacarıqlı övladlarının inkişafı üçün lazımi şərait olmur. Ömər Faiq Nemanzadə ev əşyalarını, paltarlarını avropalılara oxşadan, ancaq yeni dövrdə elm, texnika və iqtisadiyyatın bir çox sahələrindən xəbərsiz olmasının, bu sahələrdə böyük şəxsiyyətlər yetirə bilməməsinin səbəbini də Avropa xalqları ilə “meymunca təqliddə” görürdü: “Bizlərin bu dərəcə qafilanə, meymunca təqlidimizin bir misli daha bir millətdə tapılarmı? Ev əşyamızı avropalılarınkına oxşadıb tez-tez dəyişdirdiyimiz, hər gün köhnələrinin yerinə təzələrini qoymağa çalışdığımız halda, bizlərin əsl həyatına, milli bəqamıza səbəb olacaq çürük qafamızı, kifli beynimizi, yaşlanmış fikrimizi, zəhərli adətlərimizi, meymunca təqlidimizi əsla dəyişdirmək, islah etmək istəmirik. Avropa əşyasına olan meylimizə, firəng malına olan məftuniyyətimizə, arzumuza baxsalar tamam bir avropalıyız. Amma maarif, mədəniyyət, cəmiyyət xüsusunda fikirlərimizi, əməllərimizi diqqətə alsalar – küfli bir fanatik, ən cahil mütəəssib bir türküstanlı, buxaralıyız”. Deni Didro demişdir ki, cəmiyyət hər hansı bir sahədə böyük şəxsiyyətlərə ehtiyac duyduğu zaman, o şəxsiyyətlərin yetişməsi üçün şərait yaradır və onlar doğrudan da yetişirlər. Yəni cəmiyyət onlarla, yüzlərlə, minlərlə adamları öz bacarıq və qabiliyyətlərini o sahəyə həsr etməyə ruhlandırır və onların içindən bir-iki dahi yaranır. Göründüyü kimi, bu məsələ Ömər Faiq Nemanzadəni də düşündürmüşdür. O da bu və ya digər sahədə böyük şəxsiyyətlərin yetişməyinin sirrini araşdırmış və öz fikrini maraqlı, obrazlı şəkildə ifadə etmişdir. Ömər Faiq böyük istedadları, dahi şəxsiyyətləri üləmalara oxşadır və deyir ki, “Biz öz milli həyatımızın bəqası üçün gərək dörd əl ilə həqiqi ruhanilərə, məscidlərimizə, məscid məktəblərimizə, şəri adətlərimizə sarılaq. Həqiqi üləmamıza böyük ümidlər, ümidi-nicatlar bağlayaq. Amma indiyə qədər olduğu kimi kor-koranə yox ha! Milli məktəblər, ruhani mədrəslər açıb onlar ilə gözümüzü, beynimizi açmaq ilə qana-qana ümid bağlayaq”. Bir mollanəsrəddinçi kimi xalqın maariflənməsində Ömər Faiq Nemanzadənin xidmətləri göründüyü kimi, çox böyükdür. “Azərbaycan mətbuatının tarixində Ömər Faiqin ən böyük xidməti “Molla Nəsrəddin” jurnalının yaranması və nəşri sahəsindəki fəaliyyətidir”. Ö.F.Nemanzadə keçmiş günləri xatırlayaraq yazır ki, jurnala olan rəğbət ancaq və ancaq geniş kütlə tərəfindən idi. Bəylərdən, dövlətlilərdən, ruhanilərdən isə ətək-ətək söyüş, lənət və hədə kağızları alırdılar. Bu isə satira yazanlar üçün psixoloji bir təcrübə idi. Jurnala qarşı yuxarıdakı təbəqədən lənət-nifrət yağır. Əməkçi deyilən aşağı təbəqədə isə hörmət qalxırdı. Birinin incidiyi, qəmləndiyi nisbətdə o birinin sevincini artırırdı. Göstərilən rəğbət, inqilabın için-için qaynadığını, onun yaxında köpürüb daşacağını xəbər verən bir muştuluq yerində idi. Əcəba, bu geniş kütlənin rəğbəti, dövlətlilərin nifrəti nədən idi? Əsl can alacaq, Mollanı tanıdacaq, tədqiq ediləcək əhəmiyyətli bir nöqtə! Yazanlara elə gəlirdi ki, çarizmin zülm və haqsızlıqları altında əzilən əməkçi kütlə, jurnalı oxuduğu vaxt, ürəyindən az-çox bir tikan çıxarmış, özü də əzənlərdən intiqam almış kimi fərəhlənir, sevinirdi... Çünki o Molla səhifələrində öz bağrını deşən tikanları görür, öz boynuna vurulan zəncirlərin şıqqıltılarını eşidir, öz əl və qollarını sarıyan bağların acısını, yaralı ürəyinin sızıltılarını duyurdu. Öz uşaqlarını ac və səfil qoyan səbəbləri görüb ayılırdı. Bunlarla bərabər öz başına gələn bir neçə bəlalardan qurtarmaq dərmanını az-çox yenə ondan öyrənir, ruhlanırdı. Dövlətlilər, ruhanilər üçün isə Molla onların gizli rəzalətlərini açan bir şeytan, ürəklərini parçalayan bir zəhər idi. Burada bir sual yada gəlir: nədən ötrü yalnız Molla kütlənin ruhunu ələ almış, rəğbətini qazanmış? Çünki ondakı yazılar, yazanların öz ürək sancılarından, qəhər sızıltılarından, zəhmət ağrılarından, yaralarının qan şırıltısı səslərindən, dişlərindəki ah-vaylardan, beyinlərindəki dadlı xəyallardan başqa bir şey deyildi. “Molla Nəsrəddin”i çıxaranlar məzlum kütlə ilə bərabər həyatın bütün işgəncələrini, ağırlıqlarını görmüş, sınamışlardı. Odur ki, onların ürəklərindən təbii sürətlə qopan fəryad, geniş kütlənin qəlbinə dəyir, orada eşidilir və ancaq orada əksini görür. Biçarə kütlə də elə bilir ki, ağrıyan ürək, yaş tökən göz, inildəyən döş, qıvrılan vücud, yanan bağır özlərinindir. Sonda qeyd edək ki, Ömər Faiq Nemanzadə maarifçilik fəaliyyəti dövründə mənəvi-əxlaqi kamilliyə, insani davranışa çağırış və əxlaqi keyfiyyətlərin təbliği ilə bağlı mövqeyini düzgün müəyyənləşdirmiş, publisistikasında və ya felyetonlarında maarifçi pedaqoji-psixoloji prinsiplərin inikasını izləmiş və sistemləşdirmiş, jurnal və qəzetlərdə gənc nəsli vətənə və xalqa məhəbbət ruhunda böyütmək, onlara mədəni vərdişlər, müsbət əxlaqi normalar aşılamaq yollarının üsul, vasitə və tərzlərini üzə çıxarmışdır. Kamal CAMALOV Naxçıvan Müəllimlər İnstitutu Pedaqogika üzrə elmlər doktoru Azərbaycan Respublikasının Əməkdar müəllimi Azərbaycan Yazıçılar Birliyinin üzvü Geri dön |