Ana Sayfa > Media > Hər hansı vasitəçiliyə artıq ehtiyacımız yoxdur

Hər hansı vasitəçiliyə artıq ehtiyacımız yoxdur


11-10-2022, 17:12. Yazar: sevinc1
Hər hansı vasitəçiliyə artıq ehtiyacımız yoxdur

Oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Azərbaycanın dilbər guşələrindən olan Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.

Möhtərəm Prezident cənab İlham Əliyev açılış mərasimində çıxış edərək bildirib ki,bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur: “Biz müharibədən sonra Ermənistana sülh təklif etdik. Sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini, - xüsusən də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması, - irəli sürdük. Bütün bunlar, əslində, beynəlxalq hüququn əsas prinsipləridir və hesab edirəm ki, münasibətlərini normallaşdırmağa çalışan ölkələr arasında sülh sazişləri və ya hər hansı sazişlər buna əsaslanmalıdır. Hələ də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəlincə, onlar bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik.

Möhtərəm Prezidentimiz Forumda Minsk qrupunun münaqişə dövründəki fəaliyyətsizliyindən də bəhs edib.ATƏT-in Minsk Qrupu 30 ilə yaxın bir dövrü əhatə edən vasitəçilik missiyası uğursuzluğa düçar oldu. Azərbaycan dövlət başçısı və digər rəsmi şəxslər Minsk qrupunun yarıtmaz fəaliyyəti barədə dəfələrlə iradlarını bildirib və hətta həmsədrlərin dəyişdirilməsi məsələsini gündəmə gətirsələr də bu təkliflər nəticəsiz qaldı. Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı və Ermənistanı Azərbaycan ərazilərindən çıxmağa vadar edə bilmədi. Minsk qrupunun illərdir etməli olduğu reallığı isə ordumuz 44 gün ərzində həyata keçirdi. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan, eləcə də bəzi beynəlxalq güclər zaman keçdikcə millətin bu işğalla barışacağını düşünür, fəaliyyətsiz mövqe sərgiləyirdilər. Vətən müharibəsi təsəvvürlərin tamamilə yanlış olduğunu bütün dünyaya göstərdi. Azərbaycan dövləti və milləti öz iradəsinin, torpaqlarını işğaldan azad etmək niyyətinin nə qədər ciddi olduğunu təsdiqlədi. 44 günlük müharibə göstərdi ki, Minsk Qrupuna ehtiyac yoxdur, biz özümüz onların fəaliyyətini reallığa çeviririk.

Dövlət başçısı, ümid edirik ki, sərhədlərin delimitasiyası üzrə iki müvafiq komissiya - Azərbaycan və Ermənistan komissiyaları da vaxt itirməyəcək və iki ölkə arasında faktiki mövcud olmayan sərhədin müəyyənləşdirilməsi üzərində fəal işləyəcəklər. Demək olar ki, 30 ilə yaxın davam edən işğal illəri ərzində bu sərhəd tamamilə Ermənistanın nəzarəti altında olub. İşğal bitdikdən sonra biz sərhəd hesab etdiyimiz bu sərhədə gəldik və burada qərarlaşdıq. Ona görə də 400 kilometrdən çox olan bu sərhədi müəyyənləşdirmək üçün tarixi sənədlərə, tarixi xəritələrə, beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq fəal şəkildə işləməliyik. Beləliklə, bu proses artıq gedir. Ancaq yenə də deyirəm, bunun nə qədər uğurlu olacağını demək çətindir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi

Geri dön