Ana Sayfa > Seçki 2024 > Dövlət başçımızın keçirdiyi Praqa görüşlərinin nəticəsi olaraq Azərbaycanın maraqlarını təmin edən birgə bəyanat qəbul edilib

Dövlət başçımızın keçirdiyi Praqa görüşlərinin nəticəsi olaraq Azərbaycanın maraqlarını təmin edən birgə bəyanat qəbul edilib


11-10-2022, 12:57. Yazar: sevinc1
Dövlət başçımızın keçirdiyi Praqa görüşlərinin nəticəsi olaraq Azərbaycanın maraqlarını təmin edən birgə bəyanat qəbul edilib

Azərbaycan Prezidenti cənab İlham Əliyevin oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə Praqaya səfəri və bu səfər çərçivəsində keçirdiyi görüşlər Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı keçirdiyi görüşlərdən sonra Azərbaycan telekanallarına verdiyi müsahibəsində Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına doğru ciddi addımlar atıldığını da qeyd edib. Qeyd olunub ki, biz sülhə yavaş-yavaş yaxınlaşırıq. Bundan əvvəl Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər bir görüş də irəliyə doğru bir addım olub. Praqada keçirilən dördtərəfli görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Bu görüşlərin yeganə məqsədi tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaqdır. Təmaslar davam edir və sülh prosesinə artıq təkan verilib. Cənab Prezident İlham Əliyevin Şarl Mişel, Emmanuel Makron və Nikol Paşinyan ilə görüşünün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilib. Həmin Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Beləliklə, suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini də tanımış oldu.

Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən bizim ərazilərdə ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Ermənistanın bu addımları sülhə zərər gətirir. 250-dən çox azərbaycanlı müharibədən sonra ya həlak olub, ya da ki, ağır yaralanıb. Azərbaycana qarşı erməni terroru davam edir və buna son qoyulmalıdır. Həm də minaların basdırılması yeganə cinayət deyil. Bu günə qədər erməni silahlı birləşmələri hələ də bizim torpağımızdan çıxarılmayıb. Buna da son qoyulmalıdır. Qarabağda yaşayan ermənilərə gəlincə isə, onlar bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını Azərbaycan hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyil.

Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyində getdikcə artan rolu ölkəmizin Avropa üçün əhəmiyyətini daha da artırır. Bu baxımdan Azərbaycanın Praqada təşkil olunmuş “Avropa siyasi birliyi” Zirvə Toplantısına dəvət olunması da ölkəmizin Aİ ölkələri ilə əməkdaşlıq perspektivlərinin getdikcə genişləndiyindən xəbər verir. Hazırda bu əməkdaşlıq bir sıra istiqamətlər üzrə uğurla davam etdirilir. Təbii ki, mövcud geosiyasi vəziyyətdə Azərbaycan – Avropa İttifaqı əməkdaşlığının əsas istiqaməti enerji sahəsidir. Bunun ən bariz təzahürlərindən biri iyul ayında Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumudur. Bu sənədə əsasən növbəti illərdə ölkəmiz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırır. Ölkə Prezidenti cənab İlham Əliyev Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığa dair gələcək planlar barədə açıqlama verərək bildirdi ki, əgər keçən il təbii qazın Avropaya ixrac həcmi 9 milyard kubmetr idisə, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Azərbaycanın həm qazı, həm nefti, eyni zamanda, elektrik enerjisi də Avropa qitəsinə ixrac ediləcəkdir. Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq.

Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına
tam orta məktəbin direktoru,
YAP Goranboy rayon təşkilatının fəalı
.
Geri dön